Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:59

Qusarda 1700 ağac bir gecədə kəsildi...


Meyvə bağı
Meyvə bağı

-

“Gözətçini də çəkbilər öz tərəflərinə, bir gecədə o qədər ağacı dorğayıb töküb çıxıb gediblər. 3 ildir Bakıdan belə dolanıram, heç kəs məni eşitmir”.

Qusarın Aşağı İmanlı kəndinin sakini Maksim Ağakişiyev 7 il əvvəl 4 hektar ərazidə bağ salıb. Ancaq 3 ildir ki, bağ sahəsindən gəliri kəsilib. 2010-cu ilin yanvar gecələrindən birində bağa girənlər ağaclara əməlli-başlı “toy tutublar”. Sonuncu meyvə ağacına qədər - düz 1700 ağacı kəsib-doğrayıb çıxıb gediblər.

Kəndli deyir, ağacları qapıbir qonşusu olan iş adamı Sabir Fərzəliyev kəsdirib:

“Bizneslə məşğuldur. Rusiyadan təkər gətirib satır. Bağımı niyə kəsdirdi, səbəbini bilmirəm? Ancaq şahidlər də var ki, bu işi övladları ilə o görüb. Həmin gecə ovdan gəlirlərmiş. Bağa girib gözətçini ələ alıb səhərə qədər bütün ağacları kəsiblər. Kənddə ürəyi nə istəyir onu da edir. Heç kəsdən çəkinmir, deyir mən beləyəm”.

Maksim Ağakişiyev
Maksim Ağakişiyev

Qusar polisi faktla bağlı Cinayət Məcəlləsinin əmlakı qəsdən məhvetmə maddəsi ilə 57215 saylı cinayət işi başlayıb. İstintaqın yerində saydığını görən Maksim Ağakişiyev Bakıya 368 məktub, 150 teleqram vurub. Müraciətlərinə cavab almadığına görə özü durub mərkəzə gəlib:

“8 dəfə Fuad Ələsgərovun, 3 dəfə baş prokuror Zakir Qaralovun, birinci müavini Rüstəm Usubovun, 2 dəfə daxili işlər naziri Ramil Usubovun, ombudsmanın, Mehriban Əliyevanın, baş prokurorun birinci müavini Rüstəm Usubovun qəbulunda olmuşam. Bu adama heç kəsin gücü çatmır”.

Maksim Ağakişiyevin sözlərinə görə, iş adamı ona arxasında iri məmurun dayandığını deyir:

“ONUN QORXUSUNDAN KƏNDDƏ BİR ADAM TAXIL ƏKƏ BİLMİR ”

“Onun qorxusundan kənddə bir adam taxıl əkə bilmir. Baxırsan ki, kasıb adamdır, taxıl əkir, sabahı kibrit vurub yandırırlar. Hökumət də baxmır. Meyvə bağı isə ümumiyyətlə, çoxdandır bu kənddə heç kəs salmır.”

Maksim Ağakişiyevin bağında 1500 xurma olub. 2 min ağac isə müxtəlif çeşidli meyvə ağacları imiş - məsələn, 7 sortda armud və sair.

Bu işdə ittiham olunan Sabir Fərzəliyev əslən Qusarın Zindanmuruq kəndindən olan iş adamıdır. O, isə əksinə Maksim Ağakişiyevi günahlandırır. Sabir Fərzəliyev ötən il öz kəndində qədim məscidi sökdürüb yenidən tikdirib. Suçqayıtda yaşayır.

Deyir, bir neçə il əvvəl Maksim Ağakişiyev öz bağ sahəsinin yanındakı torpağı ona satıb:

“ADAM MƏNİ ALDADIR”

Sabir Fərzəliyev
Sabir Fərzəliyev

“Həmin torpaqda meyvə bağ saldım, işləri də Maksimə tapşırdım. Bir də xəbər tutdum ki, adam məni aldadır. 5 manatlıq işə görə məndən 10 manat alır. Baxdım ki, əməlində düz adam deyil, onunla işləməkdən imtina elədim. Sonra onun bağına girib 1700 ağacını kəsdilər. Onu işdən çıxartdığıma görə başladı məndən yazmağa, guya ağacları mən kəsmişəm. Dedikləri ağ yalandır.

Özüm xeyriyyəçiliklə məşğul oluram. Niyə kiminsə bağını kəsməliyəm?
Nazirlərlə, baş prokurorla, daha kimlərlə görüşüb. Bu iş bir neçə dəfə araşdırılıb və mənimlə əlaqəsi təsdiqlənməyib.

Adam məndən nə istəyir, bilmirəm?”.

İSTİNTAQ-AXTARIŞ TƏDBİRLƏRİ DAVAM EDİR

Qusar polisindən bildiriblər ki, Maksim Ağakişiyevin çoxlu şikayətlərindən sonra cinayət işi onlardan alınaraq DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilib. İndi istintaqı həmin idarə aparır. Maksim Ağakişiyevin şübhəli bildiyi hər kəs istintaqa cəlb edilərək dindirilib, lakin hadisə ilə əlaqəsi təsdiqini tapmayıb. İstintaq-axtarış tədbirləri davam edir.

Maksim Ağakişiyev isə deyir ki, istintaq orqanları ona Sabir Fərzəliyevlə barışıq təklif edir:

“HARA GEDİRƏMSƏ, DEYİRLƏR, BARIŞIN,...”

“Hara gedirəmsə, deyirlər, barışın, zərəri də ödəyəcək. Təzə bağ salacaq. Ancaq sözdə deyirlər, əmələ gələndə adam deyir, mənlik deyil, vəssalam”.

Dövlət səviyyəsində hesablamalara görə, Maksim Ağakişiyevin bağ sahəsinə azı 73 min manat zərər dəyib. Hər ağac 100 manatdan hesablanıb. Bu əməli törədəni 2 ildən 7 ilədək həbs gözləyir.

XS
SM
MD
LG