Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:33

«Siyasi partiyalar haqqında» Qanuna dəyişiklik edildi [Audio]


Milli Məclis
Milli Məclis

-

Sentyabrın 30-da Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk plenar iclası keçirilib.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

10 MİN MANATDAN ARTIQ OLMAZ

Milli Məclis «Siyasi Partiyalar haqqında Qanun»a əlavə və dəyişiklər edib.

Yeni qanun qüvvəyə minəndən sonra siyasi partiyalar maliyyə hesabatlarını icra hakimiyyətlərinə deyil, Mərkəzi Seçki Komissiyasına verəcək.

Digər dəyişikliyə görə, siyasi partiyaların nizamnaməsində müəyyənləşdirilən məbləği aşan ödənişlər ianə sayılacaq.

Son dəyişiklik siyasi partiyalara 10 min manatdan çox ianə verilməsini yasaqlayır.

Deputatlar İqbal Ağazadə, İlyas İsmayılovQüdrət Həsənquliyev maliyyə hesabatının MSK-ya verilməsinin əleyhinə çıxıblar. Onlar maliyyə hesabatının ədliyyə və ya maliyyə nazirliklərinə təqdim olunmasını daha məqsədəuyğun sayıblar.

Spiker Oqtay Əsədov hesabatların MSK-ya təqdim olunmasını partiyaların maliyyə məsələlərinə dövlət qurumlarının müdaxilə etməməsi ilə əsaslandırıb.

İlyas İsmayılov qanunvericilikdə MSK-nın maliyyə hesabatları ilə bağlı hər hansı səlahiyyətlərinin olmamasına diqqət çəkib:

«Bu ideyanı kim ortaya atıbsa, yenidən fikirləşsin. Qanuna hörmət etmək lazımdır».

Qüdrət Həsənquliyev partiyalara 10 min manatdan yuxarı ianələrin ödənməsinin yasaqlanmasını bəyəndiyini söyləyib:

«Siyasi partiyalar bir şəxsin maliyyəsindən asılı olanda həmin partiya o şəxsin lobbiçisinə çevrilir. Azərbaycan qanunlarına görə, parlamentə düşməsə də, səslərin 3 faizini toplayan partiyalara dövlət büdcəsindən maliyyə ayrılması nəzərdə tutulur. Amma belə partiyalar olmadığından vəsait büdcədə qalır. Düşünürəm ki, bu vəsaitlər siyasi partiyalara ödənməlidir».

YAP-dan olan deputat Siyavuş Novruzov siyasi partiyalardan yalnız YAP-ın öz maliyyə hesabatını ildə bir dəfə ictimaiyyətə açıqladığını bildirib.

Partiyaların şəffaf çalışmaq zərurətini vurğulayan S.Novruzov ianələrin siyasi partiyalara bank vasitəsilə köçürülməsini də təklif edib.

MİLLİ MƏCLİS AVROPA PARLAMENTİNƏ SƏSLƏNDİ

Milli Məclis Avropa Parlamentinin sentyabrın 18-də Azərbaycanla bağlı qətnaməsinə cavab olaraq bəyanat qəbul edib.

Avropa Parlamenti
Avropa Parlamenti

Bəyanatda bildirilir ki, bu qətnamə qərəzli xarakter daşıyır və qeyri-obyektivdir:

«Həbsdə və ya istintaq altında olan şəxslərin məhkəmə olmadan azad edilməsi şərtləri hörmət prinsipi ilə bir araya sığmır. Azərbaycanda söz azadlığının pozulmasından söhbət belə gedə bilməz. Ölkədə heç kim tərəfindən və heç nə ilə məhdudlaşdırılmayan internet şəbəkəsi mövcuddur. QHT-lərin fəaliyyətinə hər cür şərait yaradılıb və son illərdə ölkədə onların sayı 4 minə çatıb. Milli Məclis üzvləri təəssüflə qeyd edirlər ki, qətnamədəki faktlar dəqiqləşdirilmədən yayılıb. Əlbəttə, Azərbaycanda hər şey tam qaydasında deyil, insan haqlarının pozulması faktları var. Lakin bunlar sistemli xarakter almayıb».

Azərbaycan parlamenti bu qətnaməni Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığa zidd və dövlətin beynəlxalq imicinə zərər vuran əməl kimi qiymətləndirir:

«Bu cür münasibət davam edəcəksə, Azərbaycan Avropa Parlamenti və Avronest ilə əməkdaşlığın zərurilik məsələsini bir daha müzakirə etmək məcburiyyətində qalacaq».

Gözlə

No media source currently available

0:00 0:06:44 0:00
Direct-ə keçid

ELMİRA AXUNDOVA «SON MƏNZİL»DƏN DANIŞDI

«Qəbiristanlıqlarda vəziyyəti yoluna qoymaq və bunu qanun əsasında etmək olduqca vacibdir».

Bu fikri deputat Elmira Axundova səsləndirib. O, son zamanlar toy və yaslardakı israfçılıqla bağlı başladılan kampaniyanı dəstəklədiyini bildirib:

Elmira Axundova
Elmira Axundova

«Lakin hazırda toy və yaslarda deyil, elə qəbiristanlıqlarda da israfçılıq baş verir. Qəbiristanlıqların vəziyyəti böyük narahatlıq doğurur. Bu məsələ ilə bağlı müvafiq müddəalar qanuna əlavə edilməlidir».

Deputat qanunların işləkliyini təmin etmək üçün icra orqanları ilə deputatların birgə toplantısının keçirilməsinin vacibliyini də vurğulayıb.

«20 MİN GƏNCİN TALEYİ İLƏ OYNAYIRIQ»

Əli Məsimli Milli Məclisdə müəllifi olduğu «Təhsil kreditləri haqqında» qanunun qəbulunun vacibliyini önə çəkib. Onun dediyinə görə, hazırda Azərbaycanda hər 10 nəfər tələbədən 7-si ödənişli təhsil alır:

«Təhsil haqqı 900 manatdan 4500 manata qədər dəyişir. Orta statistik vətəndaşın maaşı 440 manatdır, büdcə təşkilatlarında işləyənlər 170-300 manat maaş alır. Onlar 2500-3000 manat təhsilhaqqını verə bilməzlər».

Ə.Məsimli hesab edir ki, ya dövlət ödənişli təhsili ləğv etməlidir, ya da təhsil kreditləri verilməlidir:

«Məndə olan məlumata görə, 8 min 945 nəfər təhsilhaqqını ödəyə bilmədiyinə görə ali təhsil müəssisəsindən xaric olunub. 10 mindən artıq tələbə isə eyni səbəbdən akademik məzuniyyət götürüb. Deməli, 20 mindən artıq gəncin taleyi ilə oynayırıq».

Fəzail Ağamalı
Fəzail Ağamalı

***

Fəzail Ağamalı Milli Məclisdə nikahdankənar uşaq dünyaya gətirənlərin məsuliyyəti ilə bağlı müvafiq qanunvericiliyə dəyişiklik edilməsi təklifini səsləndirib:

«Bu, vətəndaş nikahını rəsmiləşdirmək cəhdi kimi qiymətləndirilə bilməz. Adamlar vətəndaş nikahında yaşayırlarsa, buna hər hansı rəsmi don geydirmək olmaz. Lakin orası da var ki, belə nikahdan doğulan uşaqlar böyük problemlərlə üzləşirlər. Özü də getdikcə Azərbaycanda vətəndaş nikahından doğulanların sayı artır. Son 10 ildə belə uşaqların sayı 4 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanda doğulan belə uşaqların sayı 25 mindən yuxarıdır». Ətraflı burada

***

İqbal Ağazadə bildirib ki, Rusiyanın Ermənistan vasitəsilə Azərbaycan torpaqlarını işğal etməsi faktı gözardı edilir. O deyir ki, Rusiya ilə bağlı müzakirədə "çəkingən və qorxaq münasibət sərgilənəndə bunu manevr siyasəti, balanslaşdırılmış siyasət" sayırlar:

İqbal Ağazadə
İqbal Ağazadə

«Anlayıram, qorxursunuz ki, Rusiya gəlib Azərbaycanın yerdə qalan torpağını da işğal edəcək? Amma insan haqlarına hörmət tələb edən Avropanın üstünə getmək olar, çünki Avropa sabah Azərbaycanın torpaqlarını işğal etməyəcək. Lakin Azərbaycan iqtisadiyyatının 95 faizi Avropaya bağlıdır. Avropa insan haqlarına hörmət istəyir. Axı cəmiyyətdə də narazılıqlar var. İkili standartlardan danışırsınız, bunun olmaması üçün ölkədaxili gərginlik azaldılmalıdır. Bir misal çəkim. Bir adama cinayət işi açılıb. Bu adamın ailə üzvlərini ölkədən çıxmağa qoymurlar. İstintaq orqanlarına müraciət edirəm ki, belə adamlar hansı əsasla ölkədən buraxılmır - təqsirləndirilən şəxsdirlər, şahiddirlər, ya kimdirlər? Mənə heç bir açıqlama vermirlər».

«AVRONESTDƏN ÇIXMALIYIQ»

Bahar Muradova Qüdrət Həsənquliyevin fikirlərinə etiraz edib:

«Məsələ bu 5-6 nəfərdə deyil. Kimsə fikirləşirsə ki, bu adamlar azad olunsa, beynəlxalq təşkilatların mövqeyi dəyişəcək, səhv düşünür. Bir çox qurumlarda belə fikirləşirlər ki, Azərbaycan özündən razı şəkildə siyasət yürüdür. Bizi yalnız buna görə yox, onların maraqlarında alət olmadığımız üçün cəzalandırmaq istəyirlər».

Qüdrət Həsənquliyev
Qüdrət Həsənquliyev

***

Qüdrət Həsənquliyev beynəlxalq təşkilatlarla əlaqələri kəsməyin əleyhinə olduğunu açıqlayıb:

«Böyük dövlətlər özünün barmağı ilə oturub-duran təşkilatlar formalaşdırır. Bu acı reallığı da qəbul edib düşünürəm ki, Azərbaycan xalqına qarşı ən ağır cinayət törətsələr belə, 5-6 nəfər görə biz Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməli deyilik. Hüquq-mühafizə orqanları rəhbərləri müvafiq qərar qəbul edib, məhkəməyə qədər bu adamlar barəsində seçilmiş həbs-qətimkan tədbirlərini dəyişdirməlidir».

***

Azay Quliyev: «QHT-lər hədəf seçilib, bəzi beynəlxalq təşkilatların əlində alətə çevriliblər. Qanunlara hörmət edən QHT-lər üçün heç bir problem yoxdur. Onlara sanksiya qoyulmayıb. Üzümü QHT-lərə tutub deyirəm: Azərbaycan hüquq-mühafizə orqanlarına, qanunlara hörmət edin.

Azay Quliyev
Azay Quliyev

Emil Məmmədovun işinə baxıldı, şərti azadlığa buraxıldı. Azərbaycan məhkəmələri ədalətlidir. Onlar bilməlidirlər ki, beynəlxalq xarici təşkilatlar onların problemlərini həll etməyəcəklər.

***

Fəzail Ağamalı: Avronestdən bəyanat verib çıxmalıyıq. Sinqapur, Malayziya, Koreya Avropa Parlamentinin üzvü deyillər, onlar inkişaf etmirlər?

«ONLARI GİROV GÖTÜRMƏMİŞİK Kİ, QEYD-ŞƏRTSİZ AZAD EDƏK?»

Səyavuş Novruzov: ««Freedom House» adlı təşkilat kimdir ki, dövlətlər haqqında hesabat yayır. Burda ona «donos» verənlərin hesabına Azərbaycan haqqında hesabat yayırlar. Biz buna çox sərt mövqe göstərməliyik. Deyirlər ki, həbsdən azad edin QHT-çiləri, özü də qeyd-şərtsiz. Biz onları girov götürməmişik ki, qeyd-şərtsiz azad edək?

Səyavuş Novruzov
Səyavuş Novruzov

Hələ istintaq gedir, qoy məhkəmə olsun, görək. QHT-lərə qrant verirlər, həmin pullar də siyasi partiyalara, mətbuat orqanlarına gedir. Harada görünüb ki, QHT rəhbəri siyasi partiyanın sədr müavini olsun. QHT haqqında qanuna yenidən baxmalıyıq, qanunvericiliklə bunun qarşısını almalıyıq».

***

Oqtay Əsədov: «QHT-lərə qrant verirlər, bəziləri də bu pulu başqa məqsədlərlə istifadə edir. Vergidən qaçırlar. Məhkəməyə niyə təzyiq göstərirlər?».

***

Oqtay Əsədov: «Əlaqələri genişləndirmək üçün Avronest təşkilatını yaratdıq. Təəssüf ki, Avropa Parlamenti əlaqələri inkişaf etdirmək əvəzinə öz qurumlarını da kənara qoyub, qeyri-obyektiv qətnamələr qəbul edir. Biz də münasibətləri inkişaf etdirmək istəyirik, amma biz nə qədər can atırıqsa, bizə ikili münasibət göstərirlər. Belə olan təqdirdə, bizim orada qalmağımızın mənası varmı?».

«AZƏRBAYCAN BU TƏZYİQLƏRƏ DÖZÜB VƏ DÖZƏCƏK»

Milli Məclisin sədri Oqtay Əsədov sentyabrın 30-da payız sessiyasının işinə Avropa Parlamentinin bu yaxınlarda qəbul etdiyi qətnaməyə münasibət bildirməklə başlayıb:

Oqtay Əsədov
Oqtay Əsədov

«Bu, artıq say hesabı ilə dördüncü qətnamədir. Baxaq ki, bu qətnamə hansı dövrdə qəbul edilib. Ayın 18-də qəbul edildi, bir gün sonra isə Azərbaycanda mühüm tədbirlər başlayırdı. Bununla da məqsədlərini anladıq».

Oqtay Əsədov deyib ki, qətnamə layihəsinin müəllifi 46 nəfərdir və onlardan 45-i ümumiyyətlə Azərbaycanda olmayıb:

«1-i isə vaxtilə Slovakiyanın xarici işlər naziri olub. Onun vəzifədə olduğu illərdə Slovakiya tərəfindən Ermənistana hərbi təyyarələr satılmışdı. 750 deputat arasında 46 nəfərin təklifi ilə səsvermə keçirilib, özü də səsvermə əllə keçirilib. Bu da onu göstərir ki, belə qətnamənin qəbulu Azərbaycana təzyiq etmək məqsədi daşıyır. Azərbaycan bu təzyiqlərə dözüb və dözəcək. Heç bir kənar qüvvələr dövlətimizin müstəqilliyinə xələl gətirə bilməyəcək».

Oqtay Əsədov deyir ki, Azərbaycan Avropa Parlamenti qarşısında öhdəlik götürməyib, əməkdaşlıq Avronest səviyyəsindədir. O təklif edib ki, vitse-prezident Valeh Əsgərovun sədrliyi və bir necə deputatın iştirakı ilə bəyanat hazırlasın və günün sonunda qəbul edilsin.

XS
SM
MD
LG