Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:04

Kiç və Keçi məsələsi


Azad Qaradərəli
Azad Qaradərəli

-

İndi “yazıçılar” var ki, yazılarını pulla yazdırırlar.

Hətta pyes yazdırıb tamaşaya da qoydurur, o tamaşaya ailəlikcə gedib huş-kuşla tamaşa edirlər...

“Dağlar arxasında üç dost”, “Qış gecəsi”, “Adilənin taleyi”, “İtkin gəlin”, “Siyrilmiş qılınc” kimi romanlar, “Qatır Məmməd”, “Görüş”, “İşarəni dənizdən gözləyin” kimi filmlər bayağı sənətin “parlaq” nümunələri idi…

Azad Qaradərəli

KİÇ VƏ KEÇİ MƏSƏLƏSİ

(“Renessans həsrəti” silsiləsindən)

Esselərim, məqalələrim və verdiyim müsahibələrdən ibarət kitabımı çapa hazırlayıram. Düzü, ad məsələsində çox tərəddüdlərim var. Və bir müddət bu yazılarımı beynimdə götür-qoy edəndən sonra baxıb gördüm ki, onların əksəriyyətinin məğzində renessans dayanır. Hətta yazılarımın bir çox elə “Renessans həsrəti” silsiləsindən yazılmışdı.

Nəyidi məni renessansa çəkən?

İlk öncə oxuduğum renessansçıların ədəbi intibahı və az qala dünyanın yarısını çuğlayan bu ədəbi, mədəni və iqtisadi-siyasi coşqunun içində olmaq, onun dadını duymaq və bir sözlə, bir intibah adamına çevrilmək…

Hətta bir yazımın adı elə belə idi: “Mən indinin adamı deyiləm ki…”

Amma olmadı. Nəinki mənə və mənim nəslimə dünya intibah arenasına çıxmaq qismət olmadı, hətta biz yaşadığımız kəsim intibaha parodiya olan KİÇ deyilən bir hərəkatla üz-üzə qaldı. Nəymiş bu KİÇ?

Türkcə Vikipediyada oxuyuruq: KİTSCH (KİÇ deyə oxunur) - həqiqi bir sənətin aşağı tərzdə kopyasını ifadə etmək üçün istifadə olunan almanca termin.

Aydın olan o ki, bu KİÇ, əslində bizim bayağı sənət hesab etdiyimizin ədəb-ərkanla terminləşdirilməsi, mataha çevrilməsinə yardımçı olmaqdır.

Sovet dövründə bu KİÇ-ə bağlı ədəbiyyat elə coşquyla inkişaf edirdi ki, elə bil dibinə tövlə-tövlə peyin vermişdilər. “Dağlar arxasında üç dost”, “Qış gecəsi”, “Adilənin taleyi”, “İtkin gəlin”, “Siyrilmiş qılınc” kimi romanlar, “Qatır Məmməd”, “Görüş”, “İşarəni dənizdən gözləyin” kimi filmlər bayağı sənətin “parlaq” nümunələri idi. Səsləri bərk çıxdıqca sənətləri kiçilən toy və saray müğənniləri, şablonçu rəssamlar, pambıq tamaşaları, məhsul bayramları bayağı sənətin – KİÇ-in təzahürləri kimi ortaya çıxmışdı.

Leonid Brezhnev, 1980
Leonid Brezhnev, 1980

Hətta bütün SSRİ-də bilsələr də ki, “Xam torpaq” və digər memuarları Brejnev deyil, o zamankı “Lit.qazeta”nın baş redaktoru A.Çakovski yazıb, yenə də bu kitablar haqqında ölməz sənət nümunəsi kimi danışır və yazırdılar. Tarixi bir az qurdalayan olsa, indi millətçi və vətənpərvər olan bir çox qocaman yazıçılarımızın bu “ ölməz sənət nümunələri” haqqında çox nadir fikirlərinə rast gələ bilərsiniz.

Yalana bürünmüş bir ölkədə baş katibdən ayaqda dayananacan hamı KİÇ istehsal edirdi…

Mən də başlamışam ki, intibah belə gəldi, renessans belə getdi…

***

Yenə şükür edin ki, o zaman baş katibə kitab yazırdılar. İndi “yazıçılar” var ki, yazılarını pulla yazdırırlar. Hətta pyes yazdırıb tamaşaya da qoydurur, o tamaşaya ailəlikcə gedib huş-kuşla tamaşa edirlər.

Tarixdən xəbəri olmayan yazıçı tarixi roman yazır, amma yazıçılıqdan xəbəri olmayan tarixçi də tarixi roman yazır.

Alim kimi doğulan sonda yazıçılığa susayır və hansı itkilər hesabına olsa belə, bunu cəmiyyətə qəbul etdirir. (Unudur ki, Brejnevin “məhtəşəm” memuarları özündən tez öldü.)

Müğənni-reper tok-şou kimi roman yazır və cəmiyyət bunu havada qapır. Şouya meylli kütlə üçün göydəndüşmə kimidir bu.

"Veneranın doğulması", 1486, müəllif: Sandro Botticelli.
"Veneranın doğulması", 1486, müəllif: Sandro Botticelli.

Yazıçı var ki, Lenin kimi yazır – ömrünün hər saatına bir roman düşür az qala. Bəstəkar var ki… yox, daha bəstəkar yoxdur. Əvəzində səhnədə soyunub-geyinən, səhnədə yatıb-qalxan səsi ilə üfunət yayan böyük bir dəstə var…

İntibah rəssamı Sandro Botticelli-nin "Veneranın doğulması" rəsmi əsasında hazırlanmış kiç-suvenirlər
İntibah rəssamı Sandro Botticelli-nin "Veneranın doğulması" rəsmi əsasında hazırlanmış kiç-suvenirlər

Bəs bunların adı nədir? Qardaşım, özünü zorlama, bir şey ki, KİÇ-dən də qabağa keçə, daha orda ot bitməz, su qaynamaz… Atın sümük, itin dən, quşun ot yediyi məqamdır bu.

“Allah insanı cənnətdən qovanda ona nifrəti dərk etmək anlayışı verdi.” (M.Kundera “Varlığın dözülməz yüngüllüyü”) Budur, insan öz əzəli “peşəsilə” öz yeni dünyasını nəcisdən də qorxunc bir murdarlıqla murdarlamağa çox yaxındır. Yer üzü doğrudan, murdarlanmışdır: yalan, saxtakar, kopyaçı, bayağı və murdarçı bir “sənətlə”.

“Buradan belə çıxır ki, varlıqla qəti razılaşmanın estetik idealında elə bir dünya var ki, orda nəcis qəbul olunmur və hamı özünü elə aparır ki, sanki belə bir şey yoxdur. Bu estetik ideal kiç adlanır.” (M.Kundera, göstərilən əsəri)

***

Qaldı ki, keçiyə…

Bu keçi ki var, çox nadinc heyvandır. Buraxsan, bir tala meşəni, geniş həyət-bacanı bir saatda dişləri ilə gəmirər. Hətta bunu nəzərə alan başqa bir baş katib Xruşov keçi haqqında ayrıca sərəncam da imzalamışdı – keçinin kökü kəsilsin! (Bunun, ciddimi, zarafatmı olduğunu bilmirəm. Amma ciddən belə söhbət gəzirdi o vaxt – eynən qarğıdalı kimi.)

Bir yazıçının hekayəsində oxudum bu günlərdə: “…o bizi keçi qiymətinə satdı…” Qardaşım, sən keçinin qiymətini bilirsənmi? Vaxtilə on-on beş manata olan çəpişi (keçinin balasını) indi 70-80 manata satırlar! Hətta nazirlər var ki, kənd yerlərində sürü ilə keçi saxlayırlar.

Biz xəstələnəndə nənələrimizin keçi piyi ilə kürəyimizi ovuşdurmağı yadınızdadırmı? Yaxud, yunanlarda şərab allahı Dionisin göy keçiyə olan məhəbbəti?

Hələ özümüzdə görün nələr var?! Bu göy keçi haqqında özümdən misal çəksəm, təvazökarlıqdan kənar sanmayacağınıza əmin olmaq istərdim. “ …Kəpirli qayaların arasında bir kənd vardı …Deyən-gülən, çalan-çağıran bu camaat haqqında danışırdılar ki, yaz ağzı ildə bir dəfə onların bayramı olur... Hər ailə həmin bayram gününə bir göy keçi almalıydı, yaxud keçi saxlayanlar keçilərinin içindən bir göy keçi ayırmalıydılar.” (Azad Qaradərəli “Şəhərcik” romanından.)

Ağqoyunlu, Qaraqoyunlu kimi imperiyalar quran millət indi keçiyə tapınır – KİÇ-ə tapındığı kimi.

XS
SM
MD
LG