Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:15

«Bakıya qarşı sanksiyaların vaxtıdır»


İlham Əliyev
İlham Əliyev

-

Bu çağırış Freedom House insan haqları təşkilatının icraçı direktoru David J.Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich-in “The American Interest” məcmuəsində dərc olunmuş məqaləsinin başlığıdır.

“Qərbin diqqətinin İslam Dövlətinə və Ukrayna böhranına yönəldiyi bir vaxtda fərqli düşüncə üzərinə hücumları genişləndirən prezident İlham Əliyevin hökuməti Azərbaycanda qısnamalar, təhdidlər, döymələr və həbslər vasitəsilə fərqli düşüncə üzərinə hücumunu genişləndirib. Hətta Amerika vətəndaşları və beynəlxalq QHT-lər də bu genişlənən repressiya şəbəkəsinin toruna düşüblər. Bu hərəkətlər cavabını gözləyir”.

Məqalədə deyilir ki, indi Azərbaycan prezidenti İlham Əliyevin də adını Avropanın son diktatoru, Belarusiya prezidenti Lukaşenka və insan haqlarına görə son onilliklərdə ən pis ölkə olan Rusiyanın prezidenti Vladimir Putinlə bir cərgədə yazmaq olar.

David J.Kramer və Richard Kauzlarich yazırlar ki, indi Əliyev hökumətinin 100-dək siyasi məhbusu var və bu, Belarusiya ilə Rusiyanın birlikdə malik olduqları siyasi məhbusların sayından iki dəfə çoxdur.

“Quru rəqəmlər bir yana qalsın, Azərbaycan hakimiyyəti öz tənqidçilərinə, jurnalistlərə, müxalifətçilərə və həm də qərblilərə qarşı getdikcə daha təcavüzkar olur”.

DAHA OBAMANI DA EŞİTMİRLƏR

Məqalədə deyilir ki, Bakı Qərbdən, beynəlxalq rəsmilərdən və təşkilatlardan gələn narahatlıq və tənqidləri qulaqardına vurur.

“Hətta prezident Obama-nın QHT-lərlə rəftar barədə bu yaxınlarda səslənmiş tənqidinin də təsiri olmayıb” – yazır müəlliflər - əksinə, Azərbaycan hakimiyyətinin hazırda xaricdə olan təhqiqat jurnalisti Xədicə İsmayılovanı Bakıya qayıdan kimi həbs etməyi planlaşdırdığı barədə inandırıcı xəbərlər yayılıb”

“Bu narahatedici meyli dayandırmağın ən yaxşı yolu öz xalqına qarşı hiddət doğuran bədrəftarlığına görə Əliyev rejimi üzərinə cəzaların tətbiq edilməsidir” – nəticəsinə gəlir müəlliflər.

Məqalədə Azərbaycanda insan haqları müdafiəçilərinə qarşı son hücumlardan, Leyla və Arif Yunusların həbsindən, jurnalist İlqar Nəsibovun Naxçıvanda döyülməsindən, müxalifət liderləri İlqar MəmmədovTofiq Yaqublunun həbsxanada olmasından söhbət açılır. Bu şəxslərə qarşı ittihamların saxta və siyasi motivli olduğuna diqqət çəkilir.

AZƏRBAYCAN ARTIQ ABŞ-I DA ŞƏRLƏYİR

“Hətta Amerika vətəndaşları və təşkilatları da Azərbaycanın fərqli səslərə qarşı sərt dözümsüzlüyündən sığortalı deyillər – yazır müəlliflər, - xəstə atasına baş çəkdikdən sonra, Azərbaycan əsilli Amerika vətəndaşı Səid Nurinin Bakıdan çıxmasına bir həftə ərzində əngəl yaradılıb. IREX, Milli Demokratiya İnstitutu, Transparency InternationalOxfam da daxil bir neçə Amerika və beynəlxalq QHT-nin ofislərinə reydlər keçirilib və ya onların bank hesabları dondurulub, işçiləri sıxışdırılıb”.

“Azərbaycanın şərləmə kampaniyası ABŞ rəsmilərini də əhatə edir – deyilir yazıda. Bu yaxınlarda Azərbaycanı tərk etmiş ABŞ səfiri Richard Morningstar prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyev də daxil olmaqla, Azərbaycan hakimiyyəti nümayəndələrinin bir neçə şəxsi xarakterli hücumuna məruz qalıb. Bu ilin əvvəllərində Bakıda səfərdə olan Senat işçiləri Xədicə İsmayılova ilə görüşdükdən sonra bir prokuror tərəfindən “it” və “casus” adlandırılıblar”.

“Əliyevi tənqid edən və demokratiyanı təbliğ edən şəxs və təşkilatlara düşmən kimi baxılır. Mehdiyev müstəqil medianı xaricdən maliyyələşən “anti-Azərbaycan qüvvələri” adlandırır”.

GEOSİYASƏT BƏHANƏ OLMAMALIDIR

David J.Kramer və Richard Kauzlarich yazırlar ki, Azərbaycanın neft və qaz sərvətləri illər boyu onu insan haqlarının vəziyyətinə görə tənqidlərdən qoruyub.

Müəlliflərin fikrincə, Azərbaycan NATO-nun ötən ay keçirilmiş sammitində Əfqanıstanın yenidən qurulması layihələrinə investisiya yatırılmasında iştirakını təklif etməklə də ölkənin daxilindəki vəziyyətin tənqidindən yan keçiləcəyini düşünüb.

Məqalədə deyilir ki, Azərbaycan hakimiyyəti tez-tez ölkənin mürəkkəb geosiyasi məkanda – Rusiya ilə İran arasında yerləşdiyini, Ermənistanla münaqişənin hələ həllini tapmadığını arqument göstərərək bütün bunların öz davranışını sığortalayacağını düşünür:

“Bununla belə, geosiyasət Azərbaycanı öz vətəndaşları və Qərb təşkilatları ilə cinayətkarlarla davranırmış kimi rəftar etməsinin tənqidindən qorumamalıdır”.

ƏLİYEVLƏRƏ VƏ ÇEVRƏSİNƏ QARŞI SANKSİYALAR

Məqalə müəllifləri ABŞ-ı Qanunun Aliliyi və Hesabatlılıq barədə 2012-ci ildə qəbul edilmiş Sergei Magnitsky qanununun Azərbaycan hakimiyyətinə qarşı tətbiqinə çağırırlar.

Onların fikrincə, yalnız Əlieyevlər ailəsinin və onun yaxın çevrəsinin xaricdəkli mülkiyyətinin dondurulması, onların üzərinə səfər qadağalarının qoyulması vəziyyəti dəyişdirə bilər.

Müəlliflər həmçnin Dövlət Departamentini Azərbaycana səfər edən ABŞ vətəndaşlarına bu ölkədə üzləşə biləcəkləri izlənmə, qısnama və mümkün həbs barədə xəbərdarlıq etməyə çağırırlar.

Artıq Azərbaycana münasibətdə “narahatlıq” və “qəbuledilməzdir” tipli bəyanatların kara gəlmədiyini vurğulayan Freedom House insan haqları təşkilatının icraçı direktoru David J.Kramer və ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich məqaləni belə bir sonluqla bitirirlər:

“Vladimir Putinin Ukraynaya qarşı Rusiya təcavüzünü davam etdirdiyi bir vaxtda, bəziləri irad tuta bilərlər ki, geosiyasi səbəblərdən hazırda Birləşmiş Ştatların Azərbaycana sərtlik nümayiş etdirməsinin vaxtı deyil. Belə addımların atılması üçün vaxt həmişə namünasib olur. Lakin Azərbaycandakı vəziyyət məhz indi reaksiya göstərilməsini tələb edir”.

XS
SM
MD
LG