Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:08

Cəmil Həsənli: «Qızımın maşınının izlənməsi barədə məlumatımız var idi»


Cəmil Həsənli
Cəmil Həsənli

-

“Azadlıq” qəzeti yazır ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızını maşınla adam vurub qaçmaqda ittiham etmək istəyirlər. O özü qəzetə deyib:

“Mətbuatda mənim qızım Günel Həsənlinin avtomobil qəzası törətməyi və yaşlı bir qadını vurub qaçması, həmin qadının guya başqa vətəndaşlar tərəfindən xəstəxanaya aparılması barədə məlumatlar yayılıb. İlk növbədə onu bildirmək istəyirəm ki, bu təxribat kimlərin tərəfindən hazırlanmışdısa, həmin dairələr tərəfindən də nəzarətlərində olan KİV-lərə ötürülüb”.

Milli Şura sədrinin sözlərinə görə, ona və ailə üzvlərinə qarşı təxribat hazırlandığından öncədən məlumatlıymış:

“Daxili işlər nazirliyi orqanlarına məxsus olan “Hunday” markalı avtomobillər heç vaxt bizi nəzarətdən kənar qoymayıb. Qızım Günel Həsənlinin maşınının izlənməsi barədə məlumatımız var idi. Şübhəsiz ki, bütün bunlar hamısı mənim siyasi fəaliyyətim ilə bağlıdır. Evimiz Yasamalda “İlahiyyat” məscidi ilə qonşuluqda yerləşir. Cümə günləri məscidə ibadət üçün çoxlu adam gəldiyindən saat 13-15 arası evimizə girib çıxmaq sadəcə olaraq mümkün deyil. Sentyabrın 19-da Günel uşaqlarını məktəbdən gətirən vaxt məhz belə bir vəziyyətlə qarşılaşıb. Bu vəziyyətdə dayanmalısan və ya maşını yalnız 5-10 sürəti ilə hərəkət etdirə bilərsən. O, çox aşağı sürətlə binaya dönən vaxt yaşlı bir qadının maşına tərəf gəldiyini görüb maşını saxlayıb və həmin qadın maşına toxunandan sonra özünü yerə yıxıb”.

Cəmil Həsənli deyir ki, qızı qadını Respublika klinik xəstəxanasına aparıb. Yolda 86 yaşlı Adilə Səlimova bildirib ki, əgər sınığı olsa şikayət edəcək, olmasa, şikayətçi deyil. Ancaq bunun müqabilində 300 manat pul alacaq. Günel bildirib ki, günahı yoxdur və pul verəsi deyil. Təxminən 15:30-da Adilə xanım rentgen olub. Müayinə edən həkim onda heç bir şeyin olmadığını, yalnız duzlaşma olduğunu bildirib və duzlaşmaya müalicə kimi maz və tabletka yazıblar. Xəstəxanadan Adilə xanım taksi ilə evinə yola salınıb.

"Əgər Adilə xanım ağır xəsarət almışdısa, onu niyə evə buraxırdılar, bircə mərtəbə yuxarıda tramvatologiya şöbəsi yerləşir, elə qəbul edərdilər həmin şöbəyə”.

Hadisə barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov “hafta.az”a açıqlamasında deyib ki, polisə 10 gün əvvəl baş vermiş hadisə ilə bağlı əməliyyat məlumatı daxil olub:

“Polis araşdırması zamanı məlum olub ki, bu qəza hüquq-mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib. Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar”.

Cəmil Həsənli isə “Azadlıq”a açıqlamasında bildirib ki, Ehsan Zahidovun dedikləri həqiqətə uyğun deyil:

"Hadisə baş verən zaman post-patrul xidmətinin əməkdaşları həmin ərazidə olublar, baş vermiş hadisəni gözləri ilə görüblər və Adilə xanım xəsarət almadığından məsələyə ciddi münasibət bəsləməyiblər”.

RAFİQ HÜSEYNOVUN ATASI:"KAŞ ÖZÜNÜ VURAYDI, O AİLƏYƏ DƏ, MƏNƏ DƏ TƏSƏLLİ OLARDI"

“Yeni Müsavat” Goranboyda 7 qohumunu ov tüfəngi və qumbara ilə öldürən Rafiq Hüseynovun valideyni ilə görüşüb. Qəzet yazır:

“Goranboy əhalisi oktyabrın 1-də baş verən dəhşətli qətlin şokundan hələ çıxmayıb. Qətli törədən Rafiq Hüseynovun yaşadığı evin qabağında qanlı olaydan sonra qurulan polis postu hələ götürülməyib. Onun valideynlərinin olduğu ev də polis nəzarətindədir.

Qatilin ailə üzvləri kənddən müvəqqəti olaraq çıxarılıb ki, hər hansı insident yaşanmasın. Ehtimal olunur ki, cavab olaraq Hüseynovların evi yandırıla bilər, yaxud evə hücum olar. Səfikürd kəndinin camaatı bu kütləvi qətliamı terror aktından fərqləndirmir”.

Rafiq Hüseynovun atası qəzetə söyləyib:

“Rafiq öz ifadəsində deyib ki, o körpəni öldürməyinə görə peşmandır. Bildirib ki, ev qaranlıq olub, uşağın olduğunu bilməyib. Özü də Rafiq həmin uşağı çox istəyirdi. O gəlin də, ailəsi də çox yaxşı insanlar idilər. Mən bu ailə haqda pis söz deyə bilmərəm”.

M.Hüseynovun sözlərinə görə, oğlu hadisəni törədəndən sonra onunla vidalaşıb:

“Gecə gördüm Rafiq gəlib məni qucaqlayıb öpdü. Axı hardan biləydim ki, gedib qumbara atıb, 7 nəfəri öldürüb, gəlib vidalaşmağa?! Sonra dedi ki, ”ata, salamat qal, narahat olmayın, hər şey qaydasındadır"...

Bunu deyib evdən çıxdı. Tez qalxıb, üstümü dəyişib, dalınca həyətə qaçdım. Gördüm ki, qardaşı ona yalvarıb-yaxarır... Sonra darvazanın yanında qardaşına dedi ki, bəs onu polis şöbəsinə aparıb təslim eləsin... Kaş özünü vuraydı, o ailəyə də, mənə də təsəlli olardı".

M.Hüseynov deyir ki, oğlunda hər hansı bir xəstəlik, psixi pozğunluq olmayıb: “Onda silah əsgərlikdən qabaq vardı. Çünki Ovçular Cəmiyyətinin üzvü idi. Amma qumbaranı hardan tapıb bilmirəm".

İLHAM ƏLİYEV: “QARA QIZIL"I İNSAN KAPİTALINA NECƏ ÇEVİRMƏK, - ARTIQ BİZ BUNA NAİL OLMUŞUQ, - SAHƏSİNDƏ NADİR TƏCRÜBƏ TOPLAMIŞIQ”

“Azərbaycan” qəzeti oktyabrın 2-də Heydər Əliyev Mərkəzində başlayan IV Bakı Beynəlxalq Humanitar Forumundan yazıb.

Forumda çıxış edən prezident İlham Əliyev deyib:

“İşsizliklə bağlı mübarizə də, ilk növbədə, humanitar xarakter daşıyır. Çünki son illər ərzində 1 milyon 200 mindən çox iş yeri yaradılıb və işsizlik də kəskin şəkildə aşağı düşüb. İndi 5 faizdən azdır. Artıq Azərbaycana başqa ölkələrdən iş tapmaq üçün miqrantlar gəlir. Yəni, bütün bunların təməlində düşünülmüş siyasət dayanır. Çünki iqtisadi inkişaf çox sürətlidir. Son 10 ildə Azərbaycan iqtisadi inkişaf baxımından dünyada ən sürətlə inkişaf edən ölkə olub. Bizim bütün iqtisadi göstəricilərimiz müsbətdir. İqtisadiyyat son 10 ildə 3 dəfədən çox artıb. Xarici dövlət borcu çox aşağı, 8 faiz səviyyəsindədir. Büdcə gəlirləri son 10 il ərzində 20 dəfədən çox artıb”.

Azərbaycanın neft-qaz ölkəsi kimi tanındığını söyləyən prezident bildirib ki, bəzi ölkələrdə bu böyük sərvət heç də uğur gətirmir, əksinə, problemlər yaradır, müharibələrə, cəmiyyətdə təbəqələşməyə yol açır:

“Azərbaycanda isə biz bunun tam əksini görürük. Bizim təbii sərvətlərimiz hər bir insanın həyatında öz müsbət təsirini göstərib. Çəkilən yollar, açılan xəstəxanalar, artan maaşlar, abadlaşan şəhərlər bunun bariz nümunəsidir. Azərbaycanda neft gəlirlərindən düzgün istifadə etmək, “qara qızıl”ı insan kapitalına necə çevirmək, - artıq biz buna nail olmuşuq, - sahəsində nadir təcrübə toplanıb”.

"BAHAR ENERGY LTD" ŞİRKƏTİ HAFİZ MƏMMƏDOVDAN ALINIB

Virtualaz.org saytı yazır:

Hafiz Məmmədov
Hafiz Məmmədov

“Bahar Energy Ltd.” şirkəti “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədovdan alınıb. Hafiz Məmmədovun şirkətə prezident təyin etdiyi Birləşmiş Ərəb Əmirliklərinin vətəndaşı Amir Mahmoudzadeh də vəzifəsindən kənarlaşdırılıb. Şirkətə ABŞ vətəndaşı olan Norman Benson prezident təyin edilib. Bu barədə sayta şirkətdən məlumat veriblər.

Xəbərdə deyilir ki, şirkətin əsas payçılardan olan “Baghlan Group”la bütün əlaqələr kəsilib:

“Norman Benson əvvəllər şirkətin vitse-prezidenti vəzifəsində çalışıb. Lakin Amir Mahmoudzadehdən fərqli olaraq o, Hafiz Məmmədovla “isti” münasibətdə olmayıb”.

Xəbərdə o da deyilir ki, şirkət əməkdaşları ilə bağlanmış əmək müqavilələrinin müddəti gələn il yanvarın 1-dən bitir:

“Şirkətdə ciddi ixtisarların olacağı proqnozlaşdırılır. Bu il 140-dan çox əməkdaş işdən çıxarıldı. Yeni ildən isə işçilərin sayının yarıyadək azaldılacağı gözlənilir. Budəfəki ixtisarlar Hafiz Məmmədovun yaxınlarından da yan keçməyəcək. Hafiz Məmmədovun qohumları, yaxın ətrafı hələ də şirkətin ofisində çalışır. Fəhlə və texniki heyətdən fərqli olaraq onlar 3-6 min manat əməkhaqqı alırlar”.

“Bahar Energy Ltd.” Xəzərin Azərbaycan sektorunda yerləşən “Bahar” və “Qum-dəniz” yataqlarının daxil olduğu blokun kəşfiyyatı, bərpası və işlənməsini həyata keçirir. Şirkət nəqliyyat naziri Ziya Məmmədov və onun biznes ortağı Dubayın Cəbəl Əli azad ticarət zonasında qeydiyyatdan keçmiş “Baghlan Group Limited”, “Bakı” futbol klubunun prezidenti olan iş adamı Hafiz Məmmədova, “Greenfield İnternational”, “RAFI Oil” və ARDNŞ-ə məxsus olub.

XS
SM
MD
LG