Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:31

Yadigar Sadıqovun anası: «Oğlumu yolundan döndərə bilmərəm»


Yadigar Sadıqov,"Müsavat" partiyası başqanının müşaviri
Yadigar Sadıqov,"Müsavat" partiyası başqanının müşaviri

-

Müsavat partiyası başqanının müşaviri, həbsdə olan Yadigar Sadıqovun evi Lənkəran şəhəri, Şirəli Axundov küçəsindədir. İki otaqlı evdə yaşlı valideyinləri, həyat yoldaşı, 11 yaşlı oğlu yaşayır. İki qızı həbsxanada olarkən ailə quraraq gəlin köçüblər. Anası Gövhər xanım uzun müddət Lənkəranın müxtəlif məktəblərində müəllimlik edib.

Yadigar Sadıqovun atası Sadıq Sadıqov da Lənkəranda ziyalı kimi tanınır. Hər ikisi qocalığa görə təqaüdə çıxıb. Gövhər xanım ərinin yanında Yadigar Sadıqovdan danışmamağımızı xahiş edir. O deyir ki, əri xəstədir, çox məsələləri ondan gizlədirlər. Eyvana çıxmalı oluruq.

Ana danışmağa başlayır:

“ÖVLADIM XALQ YOLUNDA HƏBSƏ DÜŞÜB”

“Mənim oğlum 1 il 3 aydır həbsdədir. Onun həbsdə olmağı mənə çox pis təsir edir. Çünki mən də , atası da yaşlı adamlarıq. Onun ayrılığına dözmək olmur. Övladım əqidəsi yolunda, xalq yolunda həbsə düşüb.

Mən bununla fəxr edirəm. Mənim uşağım narkomanlıqdan düşməyib, xuliqanlıqdan düşməyib. Əsil ziyalıdır, Lənkəranda sayılan- seçilən ziyalılardandır.”

Ananın dediyinə görə Yadigar Sadlqovun səhhətində problemlər var.

Narahatlığının səbəbi də budur:

“BİR TƏLƏDİR, DÜŞÜB ”

Yadıgar Sadıqovun evi, Lənkəran şəhəri
Yadıgar Sadıqovun evi, Lənkəran şəhəri

“Mənim narahatlığım səhhətində problemlərin olmasındandır. Çətin də olsa o yolu keçəcək. Necə lazımdır, həbsdə həyat keçirdir. Orda kitablar oxuyur, mətbuat alır. Orda da pis deyil. Necə lazımdır ona hörmət olunur. Kürdəxanı ola, Şüvəlan ola. Özü də söhbət edəndə deyir ki, mənə təzyiq olmur. Hamısı hörmətlə yanaşır. Onlar da başa düşür ki, Yadigar adam döyən, xuliqan olan deyil. İndi bir tələdir düşüb. ”

Gövhər Sadıqova həbsxanaya oğluna baş çəkməyə gedərkən də hörmətlə qarşılandığını deyir:

“NƏYƏ GÖRƏ OĞLUM ETMƏDİYİ İŞƏ GÖRƏ HƏBS ÇƏKMƏLİDİR?”

“Bu müddət ərzində 4 dəfə Şirvana getmişəm. Şirvan müsavatçıları sağ olsun, Şirvan polis işçiləri də hörmətlə yanaşdılar. Necə lazımdır hörmət elədilər. Orda 4 dəfə apelyasiya məhkəməsinə getdim. Yayın istisində.

Axırıncı məhkəmə iyulun 22-də oldu. Orda Yadigarın 6 il həbsindən 2 il çıxdılar. Biz buna sevindik. Çünki 6 il böyük müddətir. Sağ ol demirəm.

Nəyə görə oğlum eləmədiyi işə görə həbs çəkməlidir?.”

Yadigar Sadıqov ikinci ildir ki, doğum gününü həbsdə keçirdir.

Gövhər xanımın deməsinə görə sentyabrın 29-da Yadıgar Sadıqovun 46 yaşını qeyd ediblər. Yadigar Sadıqov ikinci ildir ki, doğum gününü həbsdə keçirdir:

“İKİ DƏNƏ NƏVƏSİ OLUB, ONLARI GÖRMƏYİB”

“Onun 46 yaşı tamam oldu. Həmin günü onun xörəyini bişirirəm, tortunu da bişirirəm. İstəyən adamlar zəng edir, təbrik edir. Gələn də olur. Yenə ocağın başında oluram. Elə bilirəm ki, Yadigar evdədir.

Lənkəran şəhəri, Sadıqovların ailəsi
Lənkəran şəhəri, Sadıqovların ailəsi

Uşağıma görə bir dənə toya getməmişəm. Heç cür ürəyim açılmır. Bir dənə övladım, gözümün işığı. İki dənə nəvəsi olub, onları görməyib. Bu qədər haqsızlıq olar. Allah atasına möhlət versin. Allaha gecə-cündüz dua edirəm. Haqsızlığa dözsün.”

Gövhər Sadıqovanın sözlərinə görə, ayda 4 dəfə oğluna baş çəkir. Hər dəfə də 200 manat xərcləməli olur. O deyir ki, yaxınları, Yadıgar Sadıqovun əqidə yoldaşları köməklik etməsələr çətin olar:

“Köməklik edənlər olur. Bakıdakı qohumlarımız kömək edir. Müsavatdan hər həftə yanına gedirlər. Elman, Fəttah hər həftə gedir. Hər dəfə bir rayon təşkilatı gedir.”

Gövhər Sadıqova deyir ki, oğluna görə onu qınayanlar da var, müdafiə edənlər də:

“OĞLUMU YOLUNDAN DÖNDƏRƏ BİLMƏRƏM”

“Deyirlər Yadigar bu yolu nə üçü seçdi? Nə üçün ona demədin? Yenə o da istəyərdi yaxşı imkan içində yaşasın. Ailəsi, balası, dolanışığı yaxşı olsun. Yadigar bunları qəbul eləmədi. O bilir nə edir. Onu yolundan döndərə bilmərəm. Axırıncı məhkəmədə dedi ki, mən bu yolu getmişəm yenə gedəcəyəm.”

Vəkil Xalid Bağırov isə deyir ki, Yadigar Sadıqovun işi ilə bağlı Ali məhkəməyə müraciət olunub.

Yadigar Sadıqov 2013-cü ilin iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında saxlanıb.Onun haqqında Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə cinayyət işi açılıb. Lənkəran məhkəməsi bu ilin yanvarın 13-də Yadigar Sadıqovu təqsirli bilərək 6 il həbs cəzası verib. Şirvan Apelyasiya məhkəməsi həbs müddətini 4 ilə endirib.

XS
SM
MD
LG