Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:09

İslam Dövləti yaraqlıları qızları 150 dollara bazarda satır


Iraq . 5 avqust 2014. İD yaraqlılarının əsirliyindən qaçan bu yezidi qadın İraqın Dohuk şəhərində sığınacaq tapıb. Ona başına gələnləri xatırlamaq ağırdır.
Iraq . 5 avqust 2014. İD yaraqlılarının əsirliyindən qaçan bu yezidi qadın İraqın Dohuk şəhərində sığınacaq tapıb. Ona başına gələnləri xatırlamaq ağırdır.

-

İraq parlamentinin yeganə yezidi qadın deputatı deyib ki, ölkədə insan haqlarının vəziyyəti pisləşməkdədir. O söyləyib ki, İslam Dövlətinin (İD) yaraqlıları yezidi qadınları oğurlayır, zorlayır və satırlar.

"Onların hələ də sığınacağı yoxdur. Onlar küçələrdə yatırlar. Vəziyyət yaxşı deyil, bu tərəfdən də qış gəlir, İraqda indi yağışlar yağır. Odur ki, vəziyyət çox ağırdır”. Bu sözləri oktyabrın 8-də millət vəkili Vian Dakhil AzadlıqRadiosuna Kürdüstandan telefonla verdiyi müsahibədə deyib.

ABŞ prezidenti Barack Obama-nın da tanıdığı Dakhil oktyabrın 6-da “Müharibədə olan Qadınlara İmdad” (Reach All Women in War) təşkilatı tərəfindən 2014-cü il üçün Anna Politkovskaya Mükafatına layiq görülüb.

Dakhil deyir ki, İraqda 500 mindən artıq yezidi var, onlardan 25 minə yaxın qız İŞİD tərəfindən oğurlanıb.

“Biz onların harada olduqlarını bilmirik. Lakin bəziləri buradakı həbsxanalarda saxlanırlar. Onlar hələ də İraqdadırlar. Bəzilərini Suriyaya aparıblar, bəziləri isə Mosuldadır – deyir deputat - Onları zorlamaq üçün oğurlayır, sonra isə qızın birini 150 dollardan satırlar”.

Zəhranın hekayəti

Millət vəkilinin dediklərini Səncər dağlarındakı Koço kəndindən olan və dörd bacısı ilə birlikdə İD döyüşçüləri tərəfindən oğurlannmış 20 yaşlı Zəhra da təsdiq edir.

O, xarici müxbirlərə danışıb ki, avqustun əvvəllərində kəndə gələn cihadçılar sakinlərə seçim veriblər: Ya iki gün ərzində İslamı qəbul edəcəklər, ya da öldürüləcəklər.

“Onlar bizi məktəbə doldurdular, - deyir Zəhra – qadınları kişilərdən ayırdılar. Mənim atam sonuncu qrupda idi. Biz onu bir daha görmədik”.

Kişiləri güllələyiblər

“Birinci gecə biz 2 saat yata bildik – deyə Zəhra xatırlayır – Səhər saat 4-də bizi Mosula gətirdilər. Onlardan biri bacımdan üz örtüsünü açmasını tələb etdi. Anam acıqlandı və bu tələbin səbəbini soruşdu. O, əmrini təkrar etdi və bildirdi ki, bacım üz örtüsünü açmasa onu öldürəcək. Anam ağlamağa başladı. O, bacımı döyüb özü ilə apardı”.

Oğurlanmasının ilk günündə Zəhra nə qədər adamın əsir edildiyini saymağa çalışıb.

Mosula gedən yolda 65 yaşlı qadın, 165 subay qız və 400 kişi oğurlanıb və ya yoxa çıxıb.

“Biz kişilərin başına nə gəldiyini bilmirik – deyir Zəhra – Bir dəfə gecə bayırda atəş səsləri eşitdik. Mən İD adamlarının birindən soruşdum ki, bu nə atışmadır. O dedi ki, heç nə olmayıb. Tanış olmayan maşına atəş açıblar. Sonradan bizə dedilər ki, onlar bizim kənddən olan kişiləri güllələyiblər”.

Qadın bazarı

Ertəsi gün qadınları Mosulun mərkəzindəki böyük bir binaya gətiriblər. Bəzi şahidlər deyirlər ki, İD döyüşçüləri burda qadın bazarı açıblar.

İraqın tanınmış insan haqları fəallarından Suzan Aref deyir ki, bu bazarda xristian qadınlar yezidilərdən baha satılır.

Aref deyir ki, adətən cihadçılar qadınları oğurladıqdan dərhal sonra zorlayır, aralarında paylaşır, sonra da Mosula aparıb satırlar.

Bizi xilas edin!

Iraqlı deputat Dakhil beynəlxalq medianın diqqət mərkəzinə ötən avqustda İraq parlamentinə alovlu müraciətindən sonra gəlib. Həmin çıxışda millət vəkili İslam Dövləti yaraqlıları tərəfindən mühasirəyə alınaraq Səncər dağında ilişib qalan yezidilərin köməyinə çağırırdı. O, yezidilərin başına gələnləri soyqırım adlandırmışdı:

“Mənim ailəm də öldürülmüş bütün iraqlılar kimi şaqqalanıb və yezidilər bu gün də qətlə yetirilirlər. Qardaşlar, siyasi mübahisələri bir tərəfə qoyun, bizə humanitar həmrəylik lazımdır. Bizi xilas edin! Bizi xilas edin!” – deyilirdi həmin çıxışda.

Parlamentin spikeri onun çıxışını yarımçıq kəsmiş, başqa deputatlar isə onu küyə basmışdılar. Bundan sonra qadın huşunu itirib yıxılmışdı.

Bu çıxış Obama-nın diqqətini cəlb etmiş və o, avqustun 7-də İD yaraqlılarına qarşı hava zərbələrini və yezidilərin xilası üçün humanitar cəhdlərə başlanacağını elan edəndə, bu çıxışı bir daha xatırlatmışdı:

"Bu həftənin əvvəllərində bir iraqlı bütün dünyaya haray çəkmişdi: “Heç kəs imdadımıza gəlmir”. Bəli bu gün Amerika imdada gəlir” – demişdi Obama.

“Onların yerində olsaydınız…”

Dakhil-in hər iki ayağı və qabırğaları avqustun 12-də Səncər dağında baş vermiş helikopter qəzasında sınıb. Göyərtəsində 35 nəfər olan helikopterin pilotu hadisə zamanı həlak olub. "New York Times" qəzetinin müxbiri Alissa Rubin xəsarət alıb.

Dakhil deyir ki, tamamilə sağalan kimi parlamentə qayıdacaq.

O həmçinin İraq və Suriyaya İD-i dəstəkləmək üçün səfər etmiş təxminən 30 qərbli qadına müraciət edərək onları dəstəklədikləri qrupun yezidi qadınların başına gətirdiklərinə diqqət etməyə çağırıb.

"Qərbdə İŞİD-i dəstəkləyən hər bir qız özünü buradakı qızların yerinə qoymalıdır ki, onların nə çəkdiklərini başa düşsün. 12 yaşlı qızları zorlayırlar. 10 yaşlı qızları zorlayırlar. Mən İŞİD-i dəstəkləyən qadınlardan soruşmaq istəyirəm: “Əgər onlar belə bir vəziyyətə düşsəydilər, özlərini necə hiss edərdilər? Əgər onlar sizin ailənizdən olsaydılar özünüzü necə hiss edərdiniz?” – deyə sual edib Dakhil - Əgər qızınızı, bacınızı, qonşunuzu kimsə zorlasa, tam məmnun qalardınızmı?”.

XS
SM
MD
LG