Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:03

Azərbaycanın soyuqdəymə dərmanı


Yalnız ağırlaşmalarda, irinli infeksiya olanda xəstəyə antibiotik yazıla bilər.
Yalnız ağırlaşmalarda, irinli infeksiya olanda xəstəyə antibiotik yazıla bilər.

-

Gözlə

No media source currently available

0:00 0:07:35 0:00
Direct-ə keçid

«Qızım körpəliyində zəif idi... Tez-tez həkimə aparırdım. Çox vaxt antibiotik yazırdılar». Bakı sakini Könül Əliyeva belə deyir. Tibb savadı olmadığını, bu dərmanların qızına yazılıb-yazılmamasının doğruluq dərəcəsini bilmədiyini də sözlərinə artırır:

«Nə oldusa, qızımın bağırsaqlarında fəsad törətdi. Başqa həkimlər bizə müalicənin yanlış aparıldığını söylədilər. İndi 8 ildir bu yanlış müalicənin fəsadlarını aradan qaldırmaqla məşğuluq».

Belə hekayətləri çox eşitmək olar. Azərbaycanda, adətən, adi soyuqdəymə zamanı da antibiotikdən yararlanırlar.

«HƏKİMLƏR... O QƏDƏR GÜCLÜ ANTİBİOTİK SADALAYIRLAR Kİ!..»

Məsələn, Fərrux Məmmədov deyir ki, bir-iki il əvvəl möhkəm soyuqlamışdı, öskürəkdən yata bilmirdi, qızdırması düşmürdü. Həkimin ona yazdığı 5 antibiotik iynəsindən sonra vəziyyəti yaxşılaşdı: «Eşitmişəm ki, hər xəstələnəndə antibiotik qəbul etmək olmaz. Amma birdən elə soyuqlayırsan ki, xalq təbabəti, hətta adi dərmanlar da dadına çatmır. Onda əlac qalır antibiotikə. Həkimlər də sağ olsun, o qədər güclü antibiotik sadalayırlar ki!..».

Özəlliklə bir müddət öncəyədək antibiotiklərdən istifadənin Azərbaycanda geniş yayıldığını demək olar. Antibiotiklər, az qala, hər dərdin dərmanı sayılırdı. Elə indinin özündə də, tutalım, qrip virusuna yoluxanda, qızdırma düşməyəndə, bəzi həkimlər son çarəni antibiotikdə görürlər.

«İRİNLİ İNFEKSİYADA XƏSTƏYƏ ANTİBİOTİK YAZILA BİLƏR»

İxtisasca həkim olan deputat Qənirə Paşayeva vaxtilə yazdığı bir məqalədə insanları antibiotiklərdən düzgün istifadəyə çağırmışdı. O, AzadlıqRadiosuna müsahibəsində bu məqaləni yazmasının səbəblərinə diqqət çəkir:

«Millət vəkili seçildiyim bölgədə çox istedadlı bir qız uşağı eşitmə cihazına məhkum qalıb. Niyə? O, bir neçə il əvvəl xəstələnəndə, valideynləri onun müalicəsi üçün antibiotikdən istifadə ediblər və dərman belə bir fəsad törədib».

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, soyuq dəyəndə və ya qrip yoluxarkən, antibiotikin xeyri barədə söylənənlər doğru deyil:

«Qrip, yəni yuxarı tənəffüs yollarının iltihabı zamanı xalq təbabətinin sınaqdan çıxmış üsullarından, vitaminlərdən yararlanmaq olar. Möhkəmləndirici, immun sistemini gücləndirən maddələr, təbii ki, faydalıdır. Antibiotik xəstəni sağaltmır, axı hər xəstəliyin öz dövrü var. Yalnız ağırlaşmalarda, irinli infeksiya olanda xəstəyə antibiotik yazıla bilər».

Tibb professorunun qənaətincə, infeksiya və onun fəsadları varsa, antibiotiklərdən istifadə qaçılmazdır:

Adil Qeybulla
Adil Qeybulla

«Müzakirə mövzusu kimi antibiotikdən düzgün istifadə məsələsi qaldırılmalıdır. Belə dərmanlardan boş-boşuna istifadə edilməməlidir, onların hədəfi olmalıdır. Dünyanın hər yerində antibiotik mikrobun növünə görə təyin olunur və bu, effektini göstərir. Təəssüf ki, bəzən genişspektrli antibiotiklərdən yararlanırlar. Bu, antibiotiklərin təsirinin tezcə itməsinə, mikrob davamlılığının yaranmasına səbəb olur. Beləcə, antibiotiklərin yeni nəslinin kəşfinə ehtiyac yaranır».

«STATİSTİKA GÖSTƏRİR Kİ...»

Adil Qeybullanın fikrincə, MDB məkanında antibiotiklərdən «yeri gəldi-gəlmədi istifadə halları» geniş yayılıb:

«Statistika göstərir ki, antibiotiklərdən ən çox keçmiş sovet respublikalarında yararlanırlar. Özü də daha çox yanlış istifadəyə rast gəlinir».

Professor deyir ki, antibiotikdən istifadə üçün protokollar olmalıdır:

«Dünyanın hər yerində Ümumdünya Səhiyyə Təşkilatının protokoluna istinad olunur. Antibiotiklərdən ağır hallarda – bir-iki gün boyunca orqanizmin mikroba həssaslıq dərəcəsi yoxlandıqdan sonra ümumi qaydada istifadə edilə bilər. Mikroba həssaslıq yoxlandıqdan sonra antibiotik konkret təyinatı üzrə təyin olunmalıdır».

KLİNİK PROTOKOL NƏDİR?

Tibb professoru belə yoxlamaların antibiotiklərdən daha az və səmərəli istifadəyə yol açdığını vurğulayır. O, xəstəliklərin müalicəsində kliniki protokolların əsas götürməsini vacib sayır. Klinik protokollar həkimin xəstəyə düzgün yardımla bağlı qərar qəbuluna kömək edən tövsiyələr toplusudur. Professor Azərbaycanda belə protokolların tətbiq edilməməsinə diqqət çəkir və bu sözləri də əlavə edir:

«Düzdür, bəzi həkimlər antibiotik təyinatından öncə xəstənin antibiotikə həssaslıq dərəcəsini yoxlayır, amma belə yoxlamalar kütləvi yayılmayıb».

«NƏ KADR POTENSİALIMIZ, NƏ DƏ O CÜR MÜASİR LABORATORİYAMIZ VAR»

Yeri gəlmişkən, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi xəstəliklərin müalicəsi üçün klinik protokollar hazırlayıb. Bu mərkəzdə tibbin keyfiyyət standartları şöbəsinin müdiri çalışan Şəhla İsmayılova deyir ki, həmin protokollar hazırlanarkən, çağdaş tədqiqatlara əsaslanıblar:

Antibiotiklərdən ağır hallarda – bir-iki gün boyunca orqanizmin mikroba həssaslıq dərəcəsi yoxlandıqdan sonra ümumi qaydada istifadə edilə bilər.
Antibiotiklərdən ağır hallarda – bir-iki gün boyunca orqanizmin mikroba həssaslıq dərəcəsi yoxlandıqdan sonra ümumi qaydada istifadə edilə bilər.

«Bu tədqiqatlar bizdə aparılmır. Buna bizim nə maliyyə imkanımız, nə kadr potensialımız, nə də o cür müasir laboratoriyamız var. Nəinki bizdə, bir çox ölkədə də yoxdur belə imkan. Yalnız ABŞ, Kanada və İngiltərə kimi bir neçə ölkədə sözügedən elmi araşdırmalar aparılır».

Şəhla İsmayılova müasir müalicə üsullarına uyğun və müxtəlif xəstəliklərə aid 60-dan çox klinik protokol hazırladıqlarını bildirir. Onların arasında «Antimikrob dərman vasitələrinin istifadəsi üzrə» 164 səhifəlik klinik protokol da var.

«NƏZARƏT SƏLAHİYYƏTİMİZDƏ DEYİL»

Bəs praktik həkimlərin belə klinik protokollardan yararlanmasına nəzarət edilirmi? Şəhla İsmayılova belə nəzarətin olmadığını söyləyir:

«Vəzifə borcumuz protokolları tərtib etməkdir, istifadəsinə nəzarət səlahiyyətimizdə deyil. Protokollar hazır olandan sonra onu poliklinikalara, xəstəxanalara göndərir, həkimlərə Bakıda treninqlər keçirir və bu protokolların faydasını anladırıq».

Şəhla İsmayılovanın dediyinə görə, hər hansı həkim klinik protokol tətbiqindən imtina edə bilər, amma xəstəyə fərdi müalicə yazmaq üçün daşdankeçən sübutlar tapmalıdır.

Başqa bir sual da doğur: Məsələnin önəmi nəzərə alınarsa, antibiotiklərdən düzgün istifadə məsələsi parlament müzakirəsinə çıxarıla bilərmi?

Milli Məclisin deputatı Qənirə Paşayeva buna ehtiyac görmür. Deyir ki, həkim reseptlərinə dair qaydalar qanunvericilikdə əksini tapıb. Amma deputat bunu da əlavə edir ki, apteklər antibiotikləri yalnız həkim reseptləri əsasında satmalıdır və ehtiyac olduğu təqdirdə, bu məsələ qanunla tənzimlənməlidir.

XS
SM
MD
LG