Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:53

XİN: «ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri qəbuledilməzdir»


Arxiv fotosu: Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov (solda) ABŞ-ın Dövlət katibi John Kerry ilə. Vaşinqton, 3 iyun 2013
Arxiv fotosu: Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov (solda) ABŞ-ın Dövlət katibi John Kerry ilə. Vaşinqton, 3 iyun 2013

-

«Bu kimi əsassız müdaxilələr qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır».

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev ABŞ Dövlət Departamentinin oktyabrın 15-də Azərbaycanda insan haqlarının durumu haqda bəyanatını şərh edərkən belə deyib.

O, Azərbaycanda qanunun aliliyi və məhkəmə-hüquq sisteminin müstəqilliyinin tam təmin edildiyini bildirib:

«ABŞ-ın bu kimi əsassız müdaxiləsi qanunun aliliyinin və ABŞ-ın öz üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulmasıdır. İnsan hüquqları məsələsinin xarici siyasət aləti edilərək, siyasi təzyiq məqsədilə istifadə olunması cəhdləri artıq çoxdan özünü nüfuzdan salıb. İnsan hüquqlarına siyasi mülahizələr, seçimli və ikili standartlar baxımından yanaşmaq yolverilməzdir».

Hikmət Hacıyevin fikrincə, insan hüquqlarının «carçısı» qismində çıxış edən ABŞ-ın ən ibtidai hüquqlardan belə məhrum olmuş azərbaycanlı məcburi köçkün və qaçqınların hüquqlarına, eləcə də Azərbaycan ərazisində törədilmiş qanlı etnik təmizləmə hallarına diqqətlə yanaşması daha təqdirəlayiq olardı.

Oktyabrın 15-də Dövlət Departamentinin sözçüsü Jen Psaki Azərbaycanda saxlanan siyasi və ictimai fəalların, özəlliklə Leyla Yunusun həbsindən narahatlıq ifadə edib.

XS
SM
MD
LG