Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:46

Avropa Məhkəməsinin sədri: «Son hadisələr bizi narahat edir»


Dean Spielmann
Dean Spielmann

-

«Son hadisələrlə bağlı müəyyən narahatlıqlarımız var. Özəlliklə üzv ölkələrdə insan hüquqlarının pozulması bizi narahat edir. Bütün üzv ölkələrdə olduğu kimi, Azərbaycanda da insan hüquqlarının qorunması təmin olunmalıdır».

Bunu Azərbaycanda səfərdə olan Avropa Məhkəməsinin sədri Dean Spielmann deyib. O, insan haqlarının qorunmasında dialoqun önəmini vurğulayıb:

«Hakimlər çıxardığı hökmlərlə öz rollarını icra edirlər. Amma ölkədə insan hüquqlarının təmin olunması dialoqla mümkündür. Mən dialoqa sadiqəm. Amma dialoq o zaman sərfəli olur ki, bütün rəylər və fikirlər ifadə olunsun».

Dean Spielmann Avropa Məhkəməsinin qərarlarının icrasına Nazirlər Komitəsinin nəzarət etdiyini xatırladıb. Bildirib ki, qərarlar çox olsa da, Nazirlər Komitəsi onların öhdəsindən gələ bilir:

«Komitənin işi yalnız qərarların icrasına deyil, həm də Avropa Məhkəməsinin qərarlarının daxili məhkəmələrdə tətbiqinə nəzarətdir. Avropa Məhkəməsinin qərarları ölkələrin təzminat ödəməsi və ya qanunların dəyişdirilməsi ilə də nəticələnə bilər. Daxili qanunların dəyişdirilməsi gələcəkdə eyni yanlışların təkrarlanmaması baxımından çox əhəmiyyətlidir».

«PRESEDENT HÜQUQLARIN ÖYRƏNİLMƏSİ ÜZV ÖLKƏLƏR ÜÇÜN VACİBDİR»

Dean Spielmann özəlliklə Avropa Məhkəməsi qərarlarının daxili qərarlarda presedent rolunu oynamasından söz açıb:

«Avropa Məhkəməsinin başqa ölkələrlə bağlı çıxardığı qərarları daxili məhkəmələr də tətbiq etməlidir ki, gələcəkdə onların ölkələri ilə bağlı də eyni qərar olmasın. Ona görə də presedent hüquqların öyrənilməsi və tətbiqi üzv ölkələr üçün olduqca zəruridir».

Dean Spielmann Avropa Məhkəməsi qərarlarının öyrənilməsini, eləcə də hakimlərlə qərarların müzakirə edilməsi baxımından yeni qəbul edilən 16 saylı protokoldan danışır. Bildirir ki, protokol Avropa Məhkəməsinin hakimləri ilə milli hakimlər arasında dialoqların aparılmasını da nəzərdə tutulub:

«Bu, hakimlərə Avropa Məhkəməsinin rəyləri ilə bağlı fikirlərini birbaşa ifadə etmə şansı verəcək. Müəyyən qaranlıq məsələlərə aydınlıq gətiriləcək. Bu mexanizm işlərə Avropa Məhkəməsinə çıxmadan daxili məhkəmədə ədalətli baxılmasını təmin edəcək».

Dean Spielmann-ın dediyinə görə, hakimlərin dialoqları sonradan məhkəmənin geniş heyətdə forumunda müzakirəyə çıxarılacaq. Sistemdə olan çatışmazlıqları müəyyənləşdiriləcək.

XS
SM
MD
LG