Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 09:18

Qazaxda müəllimlər seminariyasının qədim binası tarixdən silinə bilər…


Qazax müəllimlər seminariyasının keçmiş binası
Qazax müəllimlər seminariyasının keçmiş binası

-

Qazax müəllimlər seminariyasının keçmiş binası dağılmaq üzrədir. Saysız-hesabsız ziyalılar yetirən bu tarixi binaya indi sahib çıxan yoxdur. Bina hal-hazırda 3 istiqamətdə fəaliyyət göstərir. Orta məktəb, Qızıl Aypara Cəmiyyətinin Qazax rayon şöbəsi və Qazax rayon Uşaq Gənclər İdman mərkəzi kimi.

SOYUQDAN DƏRSİ ATAN MƏKTƏBLİLƏR…

Hazırda İslam Nəsibov adına Aşağı Əskipara kənd orta məktəbinin yerləşdiyi otaqlarda istilik sistemi olmadığından şagirdlər soyuq havanı bəhanə edib dərslərdən yayınırlar. Bundan başqa otaqlarda divarlar uçub, tökülür. Ötən əsrin ilk illərində istifadəyə verilən bina demək olar ki, artıq yararsız hala düşməkdədir.

Tarix müəllimi Bəxtiyar Həsənov da deyir ki, məsul şəxslər bu vəziyyətlə ciddi maraqlanmalıdır:

«KİMLƏR BU İŞƏ MƏSULDURLARSA ONLARI MƏSULİYYƏTLİ OLMAĞA ÇAĞIRIRAM»

Qazax müəllimlər seminariyasının keçmiş binası
Qazax müəllimlər seminariyasının keçmiş binası

«Qori seminariyası açılmamışdan əvvəl Azərbaycanda insanlar əsasən təhsil almaq üçün Yaxın Şərqə üz tutardılar - Məşhədə, Nəcəfə. Lakin az bir müddətdə Qoridə təhsil alan insanlarımız Azərbaycanın yenidən qurulmasında çox böyük pay sahibi oldular. Onlardan Ü. Hacıbəyovu, Mirzə Cəlili, Haqverdiyevi göstərə bilərik. Müasir dövlətçilik ənənələrini bizə Qori seminariyasının məzunları aşılayıbdır. Sonradan bu seminariya Firudin bəy Köçərlinin sayəsində Qazaxda bərqərar oldu.Yəqin ki, hər kəs bilər. Azərbaycanda sovet hakimiyyətinin ilk illərində elə bir rayonu yox idi ki, orda Qazax müəllimlər seminariyasının məzunları işləməsinlər. Bu bina axrıncı dəfə nə vaxt təmir olunub, bilmirik? Bina hal-hazırda qəzalı vəziyyətdədir. Kimlər bu işə məsuldularsa onları öz işinə məsuliyyətli olmağa çağırıram».

SEMİNARİYANIN TARİXİ…

Tarixi mənbələrə görə, 1918 ildə Firudin bəy Köçərli Qori seminariyasının Azərbaycan şöbəsini Bakıya köçürəndə böyük çətinliklərlə qarşılaşır. Bakıda qarışıqlıq olduğundan qatar Ağstafa stansiyasında dayanmalı olur. Bir neçə gün keçir. Qərara alınır ki, Bakıda vəziyyət stabilləşənədək seminariya Qazaxda fəaliyyət göstərsin. Amma harada?

Köçərlinin xanımı Badisəba xanım Vəkilova Qazağa gəlir, el-obasına baş çəkir və vəziyyəti danışır. Problemdən xəbər tutan Kosalar kəndinin sakini Məşədi İbrahim qərara alır ki, öz ikimərtəbəli qırmızı kərpicdən tikilmiş mülkünü təmənnasız seminariya versin. Bu mülk 1910-cu ildə inşa edilib.

Qazax müəllimlər seminariyasının keçmiş binası
Qazax müəllimlər seminariyasının keçmiş binası

Qazax müəllimlər seminariyası beləcə bu binada yerləşir və fəaliyyətə başlayır. Seminariyada 1959-cu ilədək 3000-ə qədər kadr yetişdirir. Həmin il seminariya faliyyətini dayandırır.

Seminariyanın binasında məşhur «Dəli Kür» (1969) filminin bəzi səhnələri çəkilib. İndi seminariya binasında 4 nömrəli orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.

Bu binanın təmir edilib-edilməyəcəyini öyrənmək üçün Qazax rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Qazax rayon İcra başçısının müavini Tahir Musayev qeyd edib ki, seminariyanın təmiri bizdən asılı olan məsələ deyil. Bina tarixi abidə kimi qorunur və birbaşa Mədəniyyət Nazirliyinə tabedir. Onlar bizə təmir barədə müraciət etsələr və tapşırıq gəlsə, edərik. Belə biz heçnə edə bilmərik.

XS
SM
MD
LG