Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:32

«Elxan Süleymanov dedi ki, Agramunt onunla məsləhətləşib»


Hüquq müdafiəçisi Gülnarə Axundova
Hüquq müdafiəçisi Gülnarə Axundova

-

Gözlə

No media source currently available

0:00 0:05:59 0:00
Direct-ə keçid

Ötən həftə Madriddə Azərbaycanda insan haqlarının və qeyri-hökumət təşkilatlarının durumu müzakirə olunub. Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquqi İşlər və İnsan Haqları Komitəsi iki günlük iclasında iki sənəd müzakirəyə çıxarılıb.

Luksemburqlu deputat Yve Cruchten «Avropada qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinə yaradılan yersiz məhdudiyyətlərin qarşısını necə almalı» adlı məruzə hazırlayıb. Sənəddə bir sıra Avropa ölkələri, o cümlədən Rusiya ilə bağlı tənqidlər də yer alıb.

«BİRCƏ FAKT DA UNUDULMAYIB»

Hazırda Danimarkada çalışan azərbaycanlı hüquq müdafiəçisi Gülnarə Axundovanun AzadlıqRadiosuna verdiyi məlumata görə, bu hesabatda Azərbaycanda QHT-lərin işinə son məhdudiyyətlər, təşkilat rəhbərlərinin həbsi qeyd olunub. Hüquq müdafiəçisi bu sənədin ölkədəki durumu real əks etdirdiyini bildirir:

«Şəxsən mən cənab Cruchten-ə çox minnətdaram. Bircə fakt da unudulmayıb. Azərbaycanlı deputatlar bu sənəddən narazı qaldı. Deputat Elxan Süleymanov dedi ki, bu sənədi qəbul eləmir, onu pisləyir. Süleymanov dedi ki, o, QHT-lər haqqında, durumu düzgün əks etdirən başqa bir sənəd hazırlayıb».

Yve Cruchten məruzədə tövsiyə edir ki, AŞPA üzvləri QHT-lərə məhdudiyyətlər barədə daha çox informasiya alsınlar və müstəqil ekspertlərin iştirakı ilə əlavə dinləmələr, müzakirələr keçirilsin. Bu sənəd hələ işlənir. Məruzəçinin Azərbaycana fakt-araşdırıcı missiyaya da gələcəyi gözlənir.

VENESİYA KOMİSSİYASI RƏY HAZIRLAYACAQ

Avropa Şurasının baş katibi Thorborn Jagland Venesiya Komissiyasından xahiş edib ki, QHT qanunvericiliyinə təcili baxıb rəyini açıqlasın. Ancaq Gülnarə Axundova deyir ki, bu, tezliklə baş verən proses deyil. Venesiya Komissiyasının nümayəndə heyəti Bakıya gəlib görüşlər keçirməli, müzakirələr aparmalıdır.

Hüquqi İşlər və İnsan Haqları Komitəsinin Madrid iclasında sırf Azərbaycanla bağlı bir sənəd də müzakirəyə çıxarılıb. Azərbaycanda insan haqlarının durumu üzrə məruzəçi Pedro Agramunt «Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan haqlarının qorunması ilə bağlı vəziyyət» adlı hesabatın ilkin versiyasını, məlumat hissəsini hazırlayıb.

Gülnarə Axundova deyir ki, məruzəçi sənəddə faktları, hüquq müdafiəçilərinin həbsini sadalasa da, öz fikrini bildirmir, vətəndaş cəmiyyətinə təzyiqləri pisləmir. Onun fikrincə, məruzəçi ölkədə hüquq müdafiəçilərinin və QHT-lərin hüquqi rolunu anlamır:

«HÖKUMƏT BU HESABATLA RAZIDIR»

– Şəxsən məndə belə bir təsəvvür yarandı ki, Pedro Agramunt hökumətin rəsmi mövqeyini müdafiə edir. Məsələn, o, AŞPA üzvü olaraq, iclasdakı çıxışında dedi ki, beynəlxalq donorlar, bəzi ölkələrin Azərbaycanda öz maraqları var, enerji və neft yarışması gedir, ona görə də bu QHT-ləri maliyyələşdirirlər.

– Bəs onda Azərbaycan tərəfi nədən narazı qalıb? Deputatlar narazılıq doğuran məqamların olduğunu deyirlər.

– Azərbaycan tərəfdən Elxan Süleymanov dedi ki, Agramunt-un sənədi ilə razıdır. Dedi ki, Pedro Agramunt onunla məsləhətləşib. «QHT rəhbərləri ilə bağlı ona öz fikirlərimi bildirmişəm. Agramunt həmin fikirləri kağıza əlavə edib». Yəni hökumət bu hesabatla razıdır.

AGRAMUNT SƏNƏDİ NECƏ HAZIRLAYIB

Gülnarə Axundova xatırladır ki, AŞPA-nın payız sessiyası çərçivəsində o və digər fəallar, beynəlxalq QHT təmsilçiləri Pedro Agramuntla görüşərək ona Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlər barədə məlumat veriblər. «Qəribədir ki, Pedro Agramunt bu informasiyaları Azərbaycana səfər etmədən, burada heç bir görüş keçirmədən hazırlayır. Məruzəçinin mandatında yazılıb ki, Agramunt əməkdaşlıq etməlidir. Ancaq bu, görünmür. Mən bu sənədi qəbul etmirəm», Axundlu sözlərinə əlavə edir.

Məruzəçinin hazırladığı sənəd dekabrın 10-da Parisdə Komitənin iclasında müzakirəyə çıxarılacaq, qəbul olunacağı halda ictimaiyyətə açıqlanacaq.

Xatırladaq ki, Pedro Agramunt bu ilin iyununda Azərbaycanda insan haqları üzrə məruzəçi təyin olunub. AzadlıqRadiosu bir neçə dəfə ondan müsahibə almağa cəhd etsə də, məruzəçi bundan yayınıb.

AŞPA Komitəsinin Madrid iclasında Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Elxan Süleymanov iştirak ediblər.

«DÖNÜK AZƏRBAYCANLILAR»

Rəfael Hüseynov «AzərTAc»-a müsahibəsində beynəlxalq qurumların Azərbaycana qarşı ikili standartlarından, «qondarma «siyasi məhbus» problemi» kimi tələlər qurmasından danışır:

«Elə komitənin Madrid iclasında qeyri-hökumət təşkilatları ilə bağlı Azərbaycana qarşı edilən böhtançı, qərəzkar hücumlar da bunun əyani göstəricisidir. Diqqəti cəlb edən məqamlardan biri də budur ki, yenə həmin düşmən mövqeli qüvvələr öz qara siyasətini ortaya qoyarkən başqa muzdlu xidmətçiləri ilə yanaşı, Avropada gizlənən və maliyyələşdirərək ölkəmizə qarşı qısqırtdıqları dönük azərbaycanlılardan istifadə edirlər. Bunun bariz nümunəsi onların Kopenhagendən komitə iclasına Azərbaycana qarşı hədyanlar yağdırmaq üçün gətizdirdikləri G. Axundovadır. Nəticə etibarı ilə bütün bunlar özünüifşaya aparır, casuslar bir-bir aşkarlanır».

Deputat Avropanın bir sıra ölkələri ilə müqayisədə Azərbaycanda daha çox QHT-nin olduğunu, onlara qat-qat yaxşı şəraitin yaradıldığını vurğulayır. Rafael Hüseynov Pedro Agramuntun hesabatını ümumilikdə müsbət qiymətləndirdiklərini söyləyib.

«AVROPADA GİZLƏNMİRƏM»

Hüquq müdafiəçisi Gülnarə Axundova isə ifadə azadlığından yararlanaraq mövqeyini səsləndirdiyini, özünün də tənqidlərə açıq olduğunu bildirir:

«Sadəcə onu demək istəyirəm ki, Avropada gizlənmirəm, Azərbaycanla bağlı bütün tədbirlərdə iştirak edirəm. Öz işimi davam etdirirəm».

Bu il Azərbaycanda vətəndaş cəmiyyətinə təzyiqlərin gücləndiyini təkcə yerli deyil, beynəlxalq hüquq-müdafiə təşkilatları da önə çəkir, hakimiyyəti həbsdə olan fəalları azadlığa buraxmağa çağırır. Azərbaycan bu ilin mayından noyabrınadək Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir.

XS
SM
MD
LG