Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:47

Şeyxülislam: ««Allahu əkbər!» nidası ilə müsəlmanların başı kəsilir»


Şeyxülislam Allahşükür Paşazadə
Şeyxülislam Allahşükür Paşazadə

-

«Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər,» bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın Qum şəhərində keçirilən beynəlxalq konfransda deyib. Həmin konfransda 80 ölkədən şiə və sünni ruhanilər İranın Qum şəhərində toplaşıb İslam Dövləti (İD) yaraqlıları ilə mübarizəni müzakirə edirlər. Konfrans «Ekstremist və təkfirçi cərəyanlar İslam alimlərinin baxışında» adlanır.

Qafqazislam.com saytının məlumatına görə, Şeyxülislamın səfəri Ayətullah əl-üzma Nasir Məkarim Şirazinin dəvəti ilə gerçəkləşib.

Noyabrın 24-də Şeyxülislam Allahşükür Paşazadə həzrətləri beynəlxalq konfransda məruzə ilə çıxış edib. Müsəlman və qeyri-müsəlman dünyasının bəzi qüvvələr tərəfindən məqsədyönlü şəkildə qarşıdurma vəziyyətinə gətirildiyini söyləyən QMİ sədri deyib:

«Müasir dünyamızda «Allahu əkbər!» nidası ilə müsəlmanların başı kəsilir, uşaq və yeniyetmələrə qoca və qadınlara rəhm olunmur. Bəşəriyyət böyük təhlükə qarşısındadır və ən qorxulusu da odur ki, İslamın həm xarici, həm də daxili düşmənləri birləşərək dünyanın gözündə islami dəyərləri nüfuzdan salmaq, mənəviyyatımızı əlimizdən almaq istəyirlər».

Şeyxülislam Allahşükür Paşazadə çıxışında söyləyib ki, tarixi boyu faciələrlə üzləşmiş Azərbaycan xalqı «İraqdakı qətliamlara, Suriyadakı qardaş qırğınlarına, İŞİD-in hər gün Yaxın Şərqdə törətdiyi rəzalətlərə, Qüdsdəki hərbi cinayətlərə və terror aktlarına laqeyd qala bilmir. Buna görə də biz ekstremizmlə, terrorla, ideoloji təxribatın mənbəyi olan təkfirçiliklə mübarizədə ən təsirli vasitələrdən birini islami həmrəylikdə və sülhsevər ictimaiyyətin vahid əməkdaşlığında görürük».

Ayətullah əl-üzma Nasser Makarem Shirazi deyib ki, konfransda məqsəd məzhəbindən asılı olmayaraq bütün dünyanın İslam alimlərini bir araya toplamaqdır.

«İkincisi isə, dünyaya sübut etməkdir ki, təkfirçilərin təqdim etdikləri İslam deyil. İslam - məhəbbət və mərhəmət dinidir».

XS
SM
MD
LG