Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:37

Rəsmilər Leyla Yunus, İlqar Məmmədov və İntiqam Əliyevin sağlamlığı haqda


Leyla Yunus
Leyla Yunus

-

Noyabrın 22-də AzadlıqRadiosuna danışan vəkil Elçin Qəmbərov deyib ki, hüquq müdafiəçisi Leyla Yunusun qaraciyərində parçalanma başlayıb. Ədliyyə Nazirliyi təkzib edir.

«Leyla Yunus aramsız həkim nəzarətindədir və daim diabet dərmanları ilə təmin edilir. Amma bəzən bilinməyən səbəblərdən müalicədən yayınır. Endokrinoloqlar onun vəziyyətini stabil qiymətləndirir».

Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi rəisinin müavini İftixar Qurbanov AzadlıqRadiosuna belə deyib. Onun sözlərinə görə, L.Yunusun qaraciyərində hər hansı pozuntu aşkarlanmayıb:

«Leyla Yunus daim müayinə olunur, analizlər götürülür. Onda yalnız diabet xəstəliyi var. Bunun da müalicəsi normal gedir. Leyla Yunusun səhhətində başqa bir problem yoxdur».

İftixar Qurbanov hüquq müdafiəçisi İntiqam Əliyevin durumuna da münasibət bildirib. O deyib ki, İ.Əliyev bütün zəruri müayinələrdən keçib, analizlər götürülüb:

«Analiz və müayinələrin nəticəsi ona bildirilib. Belinə «osteoxondroz» diaqnozu qoyulub. Yuxusuzluğu, başağrıları da bunun nəticəsidir. Müalicəsi davam edir».

Həbsdə olan 52 yaşlı İntiqam Əliyev avqustun 8-dən həbsdədir. O, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə və qanunsuz sahibkarlıqda təqsirləndirilir.

ƏDLİYYƏ NAZİRLİYİ: LEYLA YUNUSUN SƏHHƏTİNDƏ PROBLEM YOXDUR

Hüquq müdafiəçisi Leyla Yunusun qaraciyərində parçalanma var.

Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil Elçin Qənbərovun dediyinə görə, həbsxana rejimi şəkərli diabet xəstəsi olan L.Yunusun səhhətini daha da pisləşdirir.

Ombudsman Aparatının əməkdaşı Vüqar Məmmədov AzadlıqRadiosuna L.Yunusun saxlanma şəraiti və səhhətinin daim nəzarətdə saxlandığını bildirib. Ədliyyə Nazirliyi Baş Tibb İdarəsi və Ombudsman Aparatı mütəxəssislərinin müayinələri onun səhhətində ciddi problemlər olmadığını göstərir.

Vüqar Məmmədov deyir ki, L.Yunus başqalarının onu müayinədən keçirməsini istəyirsə, vəkilləri vəsatət qaldırsın, onu istədiyi həkim yoxlasın:

İlqar Məmmədov
İlqar Məmmədov

«Leyla Yunusun həbsindən bəri azı 5 dəfə onunla görüşmüşəm. Təxminən bir ay öncə aparılan müayinələr göstərir ki, L.Yunusun səhhətində hansısa problem yoxdur. Qaraciyərində parçalanma ilə bağlı vəkilinin yaydığı son məlumata gəlincə, istirahət günlərinə təsadüf etdiyindən bundan xəbərsizik. Amma tezliklə Leyla Yunusla yenidən görüşəcəyik».

İLQAR MƏMMƏDOV SOYUQLAYIB

Bir neçə gün öncə REAL Hərəkatının lideri İlqar Məmmədovun da səhhətində problemlər yarandığı deyilirdi. İ.Məmmədovla görüşdən yenicə qayıtdığını bildirən Ombudsman əməkdaşı deyir ki, onun bronxları soyuqlasa da, indi vəziyyəti düzəlməkdədir:

«İlqar Məmmədovun müalicəsi 2 saylı həbsxananın tibb məntəqəsində davam edir. Onun durumu yaxşılaşır, hərarəti aşağı düşüb. İ.Məmmədov antibiotiklərin təsirsizliyindən gileylənirdi. Bizim mütəxəssislər də ona yeni müalicə yazıb. Tibb məntəqəsində onun 10 gün müalicəsi nəzərdə tutulurdu. Əlavə 2-3 gün reabilitasiyada qalmasını da rəhbərlikdən xahiş etdik».

İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda etirazların təşkilində təqsirli bilinərək yeddi il həbs cəzası alıb.

Leyla Yunus bu il iyulun 30-da həbs edilib. O, dövlətə xəyanətdə və maliyyə cinayətlərində ittiham olunur və Bakı İstintaq Təcridxanasında saxlanır.

XS
SM
MD
LG