Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:23

Xədicə İsmayıla qarşı yeni ittiham


Xədicə İsmayıl
Xədicə İsmayıl

-

Dekabrın 2-də Elman Türkoğlu Xədicə İsmayıla (İsmayılovaya) qarşı ittihamı dəqiqləşdirmək barədə vəsatət verib. Binəqədi rayon məhkəməsində keçirilən daha bir məhkəmə iclasında ittihamçı tərəfin iki vəsatətinə baxılıb.

Bunu AzadlıqRadiosuna jurnalist Xədicə İsmayıl deyib. Onun sözlərinə görə, Elman Türkoğlunun (Həsənovun) vəkili Azər Quliyev birinci vəsatətlə Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı İdarəsindən alınmış sənədləri məhkəməyə təqdim edib.

Təqdim olunan sənədlər arasında 2014-cü ilin fevral və mart aylarında jurnalistin «dövlət sirrinin yayılması» üzrə cinayət işinin istintaqında verdiyi ifadələr, X.İsmayılın yaşayış yeri və psixi sağlamlığı barədə arayış olub. Elman Türkoğlunun 1992-ci ildə bu şəhərdə hər hansı cinayət törətmədiyi barədə Şəki rayon prokurorluğunun arayışı da təqdim edilib.

Elman Türkoğlu Xədicə İsmayılı onun haqqında iki sənəd yaymaqda günahlandırır. Bu sənədlərin birində Elman Türkoğlunun gizli videogörüntülərlə şantaj olunaraq MTN-lə əməkdaşlığa cəlb edildiyi, digərində 1992-ci ildə zorlama cinayəti törətdiyi iddia olunur. Xədicə İsmayıl ikinci sənədi yaymadığını, birinci sənədi isə Elman Türkoğlunun adını və onun şəxsiyyətini müəyyənləşdirə biləcək məlumatları sildikdən sonra yaydığını bildirib.

Jurnalist ittihamçı tərəfdən özünün Elman Türkoğlunun adı göstərilən hər hansı sənədi yayması ilə bağlı sübut tələb edib. Xədicə İsmayıl məhkəmə istintaqının başladılması üçün zəruri sayılan həmin sübutlar təqdim olunanadək ittihamçı tərəfin vəkili Azər Quliyevin hər hansı sualını cavablandırmaqdan imtina edib.

İkinci vəsatətlə Elman Türkoğlu irəli sürdüyü ittihamı dəqiqləşdirməklə yenidən Xədicə İsmayılın cinayət məsuliyyətinə cəlb edilməsini istəyib. İlkin ittiham ərizəsində Xədicə İsmayılın 2014-cü ilin fevralında Elman Türkoğlu barədə məlumat yaydığı iddia olunurdu. Yeni dəqiqləşdirmədə, Elman Türkoğlu Xədicə İsmayılovanın hələ 2011-ci ildə onun haqqında sənədlər yaydığını, amma daha sonra həmin sənədləri «facebook» profilindən sildiyini iddia edir. Vəkil Elton Quliyev bu vəsatətin hüquqi baxımdan düzgün olmadığını bildirib. Xədicə İsmayılsa vəsatətdə göstərilən «yayıb, sonra silib» iddiasının heç bir sənədlə təsdiqlənmədiyini əsas gətirərək, bu vəsatəti qəbuledilməz sayıb.

Hakim Sədrəddin Hacıyev ittihamçı tərəfin hər iki vəsatətini qəbul edib.

Məhkəmə dekabrın 5-də davam edəcək.

XS
SM
MD
LG