Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:47

«Ermənistanda inflyasiya 5 faizdir və bu normaldır»


Arxiv foto
Arxiv foto

-

Bu il Rusiyada rublun 1998-ci ildən bəri ən böyük dəyərsizləşməsi qeydə alınıb. Ölkə mediası rublun dəyər itirməsinin dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə yanaşı baş verməsinə diqqət çəkir.

Bu, Ermənistana da birbaşa təsir göstərib. Son 9 il götürülsə, Ermənistanda rublun bu qədər ucuzlaşması müşahidə olunmayıb. Valyuta mübadiləsi məntəqələrində rublun məzənnəsi noyabr ayı başlayandan bəri kəskin aşağı düşüb. İndi bir rublu əvvəlkitək 12-13 drama deyil, cəmi 8-9 drama dəyişdirmək olar.

Dramın məzənnəsi oynadığından Ermənistanda inflyasiyaya yol açılıb. Mərkəzi bank dramın məzənnəsindəki enmə-qalxmaların gegion və dünyanın maliyyə bazarlarındakı proseslərdən qaylaqlandığını bildirir.

«HƏR ŞEY UZUN İLLƏR BOYUNCA ÇARPIŞDIĞIMIZ TİCARƏT KƏSİRİNDƏN ASILIDIR»

İqtisadçı Samson Avetyanın fikrincə, Ermənistanda yaranan durumda xarici amillərlə yanaşı, daxili amillər də rol oynayır. Onun sözlərinə görə, Ermənistan iqtisadiyyatı idxala əsaslanır, bunun əksi olsaydı, hər şey tam başqa cür olardı.

«Hər şey müstəqillik qazanandan bəri – artıq uzun illər boyunca çarpışdığımız ticarət kəsirindən asılıdır. Bu, yetərincə öncədən bilinən prosesdir. Fikrimcə, ticarət kəsiri yaşadığımızı anlayaraq, zamanla tədricən ixraca işləməyi öyrənməliydik. Axı bu kəsiri azaltsaydıq, belə sarsıdıcı enmə-qalxmalarla da üzləşməzdik», - Avetyan AzadlıqRadiosunun erməni xidmətinə belə deyib.

Ermənistan Mərkəzi Bankının keçmiş rəhbəri Baqrat Asatryanın hesablamalarına görə, bu, hələ son deyil və rublun davamlı dəyər itirməsi birbaşa və dolayı Ermənistan iqtisadiyyatına da təsir göstərəcək. O, AzadlıqRadiosunun erməni xidmətinə bunları söyləyib:

«BU İL ŞƏXSİ PUL KÖÇÜRMƏLƏRİ DƏ AZALA-AZALA GEDİB»

«Yatırımların həcmindən danışsaq, deməliyik ki, onlar uzun illər ard-arda azalıb və artıq sıfır həddinə çatıb. Çox vacib bir özəlliyi də söyləyək: bu il şəxsi pul köçürmələri də azala-azala gedib. Ancaq məlumdur ki, yaxın vaxtlarda azalma meylləri daha da dərinləşəcək. Transfertlər – bütövlükdə Rusiyadan maliyyə axını və fərdi pul köçürmələri bizim iqtisadiyyatın ən önəmli tərkib hissələrindən sayılır. Bu amillər mütləq iz buraxacaq».

Öz qohumlarının hər ay göndərdiyi rubllarla dolananlar çətin durumda qalıblar. Gümrü şəhəri sakinlərindən biri deyir ki, hər şey bahalaşır, amma vətəndaşın gəliri azaldıqca-azalır:

«Əvvəllər min rus rublunu 13 min drama dəyişə bilirdiksə, indi bu rəqəm 8 minə düşüb».

İqtisadçı Ermənistanın Avrasiya İqtisadi Birliyinə getməsinə diqqət çəkir və vurğulayır ki, bu birliyin əsas oyunçularından olan Rusiyanın iqtisadiyyatı çöküş yaşayır. Rusiyada başlanan iqtisadi durğunluq və mümkün böhrandan indi hamı danışsa da, Asatryanın sözlərinə görə, Ermənistan hakimiyyəti rus rublunun dəyərsizləşməsindən doğacaq problemlərin qarşısının alınması üçün, hələ ki, heç bir addım atmır.

«RUBLUN KƏSKİN DƏYƏR İTİRMƏSİ UCBATINDAN ERMƏNİSTANA GƏTİRİLƏN VALYUTANIN HƏCMİ AZALIB»

Baqrat Asatryan bu il Ermənistan iqtisadiyyatının axsadığına diqqət çəkir və bildirir ki, durumun bilinməzliyindən, indiki halda Rusiyanın mənfi təsiri daha həlledici amilə çevrilir. Niyə? Axı iqtisadi durğunluq və rublun kəskin dəyər itirməsi ucbatından bu ölkədən Ermənistana gətirilən valyutanın həcmi azalıb. Ermənistan məhsullarının Rusiya bazarına ixracı da azaldığından, ayrı-ayrı şəxslərin pul köçürmə həcmi də aşağı düşüb. Bütün bunların nəticəsində Ermənistanda dram dəyərsizləşir, dollar və avro isə bahalaşır.

Baş nazir Ovik Abramyan
Baş nazir Ovik Abramyan

Ermənistan baş naziri Ovik Abramyan son günlər ölkədə gözə çarpan inflyasiyanı Rusiyadakı iqtisadi proseslərə, eləcə də, özü demişkən, bəlli dərəcədə «xalqımızın inamsızlığına» bağlayır. Abramyan bu fikri ölkə parlamentində hökumətə ayrılan vaxtdan sonra keçirilən brinfinqdə dilə gətirib. Maraqlıdır ki, baş nazir Ermənistanda inflyasiyanın 5 faizi ötmədiyini deyib və bunu normal saydığını bildirib:

«İNFLYASİYA 5 FAİZ CİVARINDADIR VƏ MƏN BUNU NORMAL SAYIRAM»

«İnflyasiyanın gerçəyi əks etdirməsi önəmlidir. Bu baxımdan İqtisadi Rəqabətqoruyucu Komissiya vasitəsi ilə monitorinq apardıq: inflyasiya 5 faiz civarındadır və mən bunu normal sayıram. Ancaq bunu daxili iqtisadi proseslərə bağlamaq lazım deyil. Səbəbi regional iqtisadi proseslərdə axtarmaq gərəkdir. O proseslər iqtisadiyyata təsir göstərib. Mərkəzi bank duruma göz qoyur və mən əminəm ki, yaxın bir neçə günə hər şey yoluna düşəcək. Məsələ diqqət hədəfimizdədir. Yenə deyirəm, bu məsələ Mərkəzi Bankın səlahiyyəti daxilindədir. Belə güclü enmə-qalxmalarda bu bank mütləq işə müdaxilə edir».

Maliyyə Nazirliyinin açıqladığı məlumata görə, bu ilin ilk 9 ayında Ermənistandan Rusiyaya ixracın həcmi 7 faiz azalıb. Rusiya Avropa Birliyindən sonra Ermənistanın 2-ci ən böyük tərəfdaşıdır. Özəlliklə son vaxtlar – Moskva Qərbin sanksiyalarına cavab olaraq, Avropanın bir sıra ölkələrindən kənd təsərrüfatı və ərzaq məhsullarının Rusiya bazarına idxalını yasaqlayandan sonra Ermənistan hökumətinin nümayəndələri tez-tələsik bəyanat verdilər ki, erməni istehsalçı və ixracatçılarına yaxşı imkan yaranır – Rusiyaya göndərilən mal və məhsulların həcmini artırmaq olar.

Məsələn, baş nazir Ovik Abramyan bunları bildirib: «Biz işləyirik, müvəkkil qurumların hamısı işləyir, öz istehsalçılarımızı dəstəkləyirik, onlar Rusiya, Belarus və Qazaxıstana ixracın həcmini artırmağa çalışırlar. Məncə, bu sahədə böyük uğurlara nail olacağıq».

RUSİYADAN ERMƏNİSTANA PUL KÖÇÜRMƏLƏRİ AZALMAQDA DAVAM EDİR

Ermənistan Mərkəzi Bankı
Ermənistan Mərkəzi Bankı

Ermənistan Mərkəzi Bankının açıqladığı məlumata görə, fiziki şəxslərin Rusiyadan Ermənistana pul köçürmələri azalmaqda davam edir. Bu ilin sentyabrında 153 milyon dollar göndərilib, yəni ötən ilin eyni dövrüylə müqayisə 9 faiz az.

İqtisadçılar Rusiyadan köçürmələrin azalmasını bu ölkədə olan və hələ davam edən iqtisadi durğunluğa bağlayırlar. Digər önəmli səbəb – rus rublunun elə bir ucdan dəyərsizləşməsidir. Nəticədə eyni məbləğ rubla əvvəlkindən daha az dollar və ya avro almaq mümkündür. Rusiya Mərkəzi Bankı ilin əvvəlindən rus rublunun dollara nisbətdə 29 faizə yaxın dəyər itirməsinə diqqət çəkib.

Rusiya Avropa Birliyindən sonra Ermənistanın 2-ci ən böyük tərəfdaşı olsa da, ölkə iqtisadiyyatından ötrü mühüm əhəmiyyət daşıyan pul köçürmələrinin 85 faizi məhz Rusiyanın payına düşür.

Baqrat Asatryan bir xəbərdarlıq da edir: iqtisadi artım olmasa, dramın dəyər itirməsi Ermənistan əhalisinin həyat səviyyəsini pisləşdirəcək.

XS
SM
MD
LG