Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:52

Hacı Məmmədov məhkəməyə gəlməkdən imtina etdi


Hacı Məmmədov bildirib ki, MTN-nin təcridxanası məhkəmədən daha yaxşıdır
Hacı Məmmədov bildirib ki, MTN-nin təcridxanası məhkəmədən daha yaxşıdır

Oktyabrın 13-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə Hacı Məmmədov və daha 26 nəfərin işi ilə bağlı məhkəmə prosesi davam edib. Hacı Məmmədov vəkil Adil İsmayılovun suallarına cavab verməkdən yayındığından hakim Əli Seyfəliyevlə onun arasında mübahisə yaranıb. Hacı Məmmədov deyib ki, bir də məhkəməyə gəlməyəcək. Onun sözlərinə görə Milli Təhlükəsizlik Nazirliyinin təcridxanası məhkəmədən daha yaxşıdır.


Vəkil Adil İsmayılov isə deyir ki, Hacı Məmmədovun ifadələrində ziddiyyətlər var. Bu ziddiyyətlər istər onun jurnalist Elmar Hüseynovun öldürülməsi, istərsə də Beynəlxalq Bankın prezidentinin həyat yoldaşı Zamirə Hacıyevanın qaçırılmasıyla bağlı dediklərinə şübhələr yaradır. Adil İsmayılovun sözlərinə görə onun məqsədi həmin bu ziddiyyətləri araşdırmaq olduğundan Hacı Məmmədov suallara cavab verməkdən imtina edib.


Qanunvericiliyə görə əgər təqsirləndirilən şəxs məhkəməyə gəlməkdən imtina edərsə, həkimin qərarından sonra o, məhkəməyə məcburi qaydada gətirilə bilər.


Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun başçılıq etdiyi bildirilən 26 nəfərlik dəstə ağır qətillər törətməkdə və adam oğurluğunda ittiham olunur.


XS
SM
MD
LG