Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:24

Çernobıl əlilinin harayı...


Arxiv fotosu
Arxiv fotosu

-

“Məni ins-cins yaşamayan bir kənddə sınıq-salxaq bir komaya yerləşdiriblər. Özümə də 1000 manat veriblər ki, elə buralarda özünə ev tik. O pulla elə bu komanın ora-burasını düzəltdim, yaşamaq üçün bir az abıra saldım".

Bunu "Qaynar xətt"ə Çernobıl əlili Namiq Ağayev danışır.

Deyir, 28 il əvvəl Çernobıldan əlil statusu ilə qayıdandan bu günədək dövlət qayğısı nə olan şeydir, bilməyib.

Elə kirayənişin həyatı sürüb, ailəsinə gün yaşatmadığından üzülüb. İndi 5 nəfərlik ailəsi ilə Saatlının Nəzrəli kəndində sınıq-salxaq bir komaya sığınıb:

YAŞAYIŞ ŞƏRAİTİNDƏN İYRƏNİR...

«Yaşayış şəraitimdən iyrənirəm. Evin arxa tərəfində üfunətli bir çala var. Pəncərələri aça bilmirəm. Qoxu otağımın içərisində olur. Evimin ətrafı da yay gələndə qurd-quşla, ilanla dolu olur".

Çernobıl hadisələrinin Namiq Ağayevin səhhətində ömürlük buraxdığı izlər yaş ötdükcə özünü daha çox biruzə verir. O, isti ev-eşik, rahat şərait arzusundadır. Deyir, bu arzusunun üstündən xətt çəkən amillərdən biri də komanın yaxınlığından gecə-gündüz ötən yük maşınlarıdır. İri tonajlı maşınlar ötəndə koma az qalır ki, yerlə bir ola...

"Bəlkə 20 il idi nazirliyə, başqa qurumlara yazırdım ki, mənə ev versinlər. Sağ olsunlar, 8 il əvvəl məni növbəyə götürüb ev verdilər, hətta evin orderini də şəxsən icra başçısı mənə təqdim etdi. Ancaq sonra keçmiş arvadımı çağırıb ona mənzildən imtina ərizəsi yazdırdılar. Mənzilə gedəndə gördüm qıfıl dəyişdirilib".

MƏNZİL BAŞQASINA SATILIB

Namiq Ağayevin mənzildəki əşyaları da özünə verilməyib və indiyə qədər də əşyalarının hara daşındığını bilmir. Dəqiqləşdirdiyi yalnız odur ki, mənzil başqasına satılıb.

Saatlının icra hakimiyyətindən məsələni bir daha araşdıracaqlarına söz verdilər.

Öhdəsində özündən başqa qoca valideynləri və azyaşlı uşaqları olan, hər ay aldığı əlillik təqaüdünü qəpiyinəcən götürdüyü kredit hesabına ödəyən, üfunətdən pəncərələrini günəş işığına aça bilməyən əlilin hekayətini.

1986-cı ildə Çernobılda baş vermiş qəzanı aradan qaldırmağa göndərilən 7 min Azərbaycan vətəndaşından artıq 2 mini həyatını itirib. Hazırda yaşayanların çoxu 1-ci və 2-ci qrup əlillərdir.

XS
SM
MD
LG