Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:22

Siyasətçilərin 2015-ci ildən gözləntiləri


Əli Kərimli (solda), Gülaga Aslanlı (mərkəzdə) və Əli Əhmədov (sağda)
Əli Kərimli (solda), Gülaga Aslanlı (mərkəzdə) və Əli Əhmədov (sağda)

.

2015-ci ilin ilk günləri həm də insanlar üçün ötən ilə bir hesabat, növbəti ilə planların qurulduğu zamandır.

Azərbaycan siyasətçilərindən bir neçəsindən gələn ilə ilə dair planlarını, gözləntilərini soruşmuşuq. Onların qarşıdakı bir il üçün onların gələn ilə planlarını təqdim edirik:

Əli Kərimli
Əli Kərimli

Gözlə

No media source currently available

0:00 0:03:27 0:00
Direct-ə keçid

- 2015-ci il parlament seçkiləri ili olduğu üçün daha çox seçki islahatları məsələsi gündəmə gələcək. Partiyamız seçki islahatları paketini təqdim edib onu müdafiə edəcək.

Parlament seçkisində iştirakla bağlı qərar üçün vaxt var. Hələ ki, bütövlükdə Xalq Cəbhəsində, Milli Şurada parlament seçkisində iştirak etmək meyli güclüdür. Amma vaxt baxımından seçkiyə bir az yaxınlaşanda, heç olmasa, orada iştirakın elementar imkanlarını gördükdə qəti qərarımızı verəcəyik.

Bu il eyni zamanda Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı dünyanın diqqətinə çatdıracağıq ki, Azərbaycandakı repressiyalar olimpiada ruhuna ziddir.

Bu il martın sonlarında Riqada Avropa Birliyi Şərq Tərəfdaşlığı ölkələrinin sammiti keçiriləcək. Şərq Tərəfdaşlığı ölkələrindən biri kimi, bizim də bu sammitdən böyük gözləntilərimiz var. Bu il ərzində Azərbaycan-Avropa Birliyi münasibətlərində də müəyyən bir inkişafın olmasını gözləyirik.

İl ərzində ümumiyyətlə azad seçkilər, insan haqlarının təmin olunması, siyasi məhbusların azad olunması üçün mübarizəmizi davam etdirəcəyik. Arzu edirik ki, 2015-ci ildə ölkədə siyasi məhbusların tam olaraq azad edilməsinə nail olaq. Ölkədə elə siyasi islahatlar həyata keçirilsin ki, bir daha da siyasi məhbuslar yaranmasın.

Təəsüf ki, ilin əvvəlindən bir sıra neqativ proseslərə start götürüblər. Ölkədə bəzi mallar və məhsulların qiymətinin artması gözlənir. Görünür, neftin qiyməti aşağı düşməsi Azərbaycan iqtisadiyyatına ciddi zərbə vuracaq. Azərbaycanda qeyri-neft sektoru inkişaf etmədiyi, hökumətin bu illərdə neft gəlirlərindən düzgün istifadə etmədiyi üçün ölkəmizin iqtisadiyyatı bütövlükdə neftin qiymətindən asılı vəziyyətdədir. Bu da Azərbaycan xalqı üçün yeni-yeni məhrumiyyətlər deməkdir.

İl ərzində ölkədə liberal iqtisadiyyatın bərqərar olması, anti-korrupsiya tədbirlərinin həyata keçirilməsi, monopoliyalara qarşı siyasətin aparılması üçün qeyri-neft sektorunun real inkişafı üçün sərmayə qoyuluşu və ümumiyyətlə ölkədə azad bazar mühitinin formalaşması üçün təşəbbüslər göstərəcəyik.

Gülağa Aslanlı
Gülağa Aslanlı

Gözlə

No media source currently available

0:00 0:03:45 0:00
Direct-ə keçid

- Dekabrın 27-də Müsavat Partiyasının Məclisində partiyanın 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirakının mümkünlüyü barədə bəyanat qəbul edilib. Həmin bəyanata əsasən Müsavat Partiyası seçki qanunvericiliyinin dəyişdirilməsi, seçki komissiyalarının paritet əsaslarla yaradılması, komissiyalarda vəzifələrin də partitet əsasında bölünməsi, proporsional seçki sisteminin tətbiq olunması istiqamətində birgə mübarizənin təşkili halında seçkidə iştirak etmək məqsədəuyğun hesab edilib. Amma bu məsələlərin digər siyasi partiyalarla da müzakirə edilərək birgə ümumxalq mübarizəsinin təşkili daxilində olması daha vacib hesab edilib.

2014-cü ili biz növbəti itirlmiş il hesab edirik. Bu ildən də gözləntilər var idi. Amma təəssüf ki, Azərbaycan hakimiyyətinin səriştəsiz siyasəti nəticəsində ölkədə ancaq siyasi məhbusların sayının artmasına nail olundu.

Hesab edirik ki, 2015-ci ildə Azərbaycan hakimiyyəti bütün bunları nəzərə almalıdır. Eyni zamanda, Avropa Olimpiya Oyunlarının da Azərbaycanda keçiriləcəyini nəzərə alsa, Azərbaycan hakimiyyəti özünə problem yaratmamalı, ilk növbədə siyasi məhbusları mümkün qədər tez bir zamanda azad etməlidir.

Eyni zamanda, əgər Azərbaycan hakimiyyəti bu dəfə də azad, demokratik seçki keçirmək təşəbbüsünü boğacaqsa, ondan imtina edəcəksə, itirən daha çox Azərbaycan hakimiyyəti və Azərbaycan xalqı olacaq.

Amma ümidlərimiz böyükdür, ümid edirik ki, son dövrlər dünyada baş verən dəyişiklərin fonunda Azərbaycan hakimiyyəti də özündə güc taparaq ölkədə nəhayət xalqın istədiyi bir seçkinin keçirilməsinə nail olmağa cəhdlər edəcək.

Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP Sədrinin müavini - icra katibi.

Əli Əhmədov
Baş nazirin müavini, YAP Sədrinin müavini - icra katibi: (Yeni Azərbaycan partiyasının saytına verdiyi müsahibədən - ixtisarla)

...Bütövlükdə, radikal müxalifət öz mövqeyini və ideologiyasını kəskin surətdə dəyişməyə məhkumdur. Onlar bu reallığı dərk etməsələr, səhv mövqelərini davam etdirməkdə israrlı olsalar, Azərbaycan cəmiyyətinin onlara münasibəti daha da kəskinləşəcək. Azərbaycanda radikalllığa, aqressivliyə yer yoxdur.

Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi olacaq.

Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Bu, ilk növbədə, Avropa Olimpiya Oyunları tarixinə düşəcək, çünki bu oyunlar ilk dəfə keçiriləcək və bu, yeni bir tarixin başlanğıcıdır.

...Neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, şaxələndirmə siyasətinin davam etdirilməsi və qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi, bütövlükdə, Azərbaycanın inkişafına mühüm töhfələr verəcək, inkişaf strategiyası uğurla yerinə yetiriləcək.

Doğrudur, müəyyən layihələrdə gecikmələr ola bilər, lakin mən görülən tədbirlər sayəsində inkişaf siyasətinin davamlı olacağına optimist yanaşıram.

XS
SM
MD
LG