Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:10

Günel Mövlud. Görməmiş milyonçular...


Günel Mövlud
Günel Mövlud

-

Nənə bütün günü söyüş söyür, bahalı donlar geyniib, boyun-boğazlarını brillianta tutan bibilər bir-birinin üstünə qışqırır, evdə bağıra-bağıra danışır, bir-birinin qeybətini edir.

Baninin özü və bacıları alman dayənin üzünə şinəyir, bibisi oğlanları pedofiliyadan, oğlanbazlıqdan danışır, uşaqlar tək qalanda «kim daha çox uzağa tüpürər?» tipli yarışlar keçirirlər...

Günel Mövlud


«ÇUŞKA» MİLYONÇULAR…

Təsadüf elə gətirib ki, mən L.Trotskinin «Mənim həyatım», A. Gertsenin «Olmuşlar, düşüncələr» adlı memuarları ilə Azərbaycan əsilli fransız yazıçısı Baninin (Üm-əl-Banu Əsdullayeva) «Qafqaz günləri» ilə «Paris günləri»ni dalbadal oxumuşam.

Rus yazıçılarının uşaqlığı, yeniyetməliyi, qohumları, diqqət yetirdikləri tarixi hadisələr, bu hadisələrə özlərinin əvvəl uşaqlıq, daha sonra yetişkin ağılla verdikləri qiymətlərlə tanış olduqdan sonra Baninin kitabları məni mənsub olduğum toplum barədə dəhşətli dərəcədə ümidsizliyə qapdırdı.

Bugünlərdə isə Baninin ədəbi varisi Rolf Stürmerin Azadlıq Radiosunun yazıçı xanım barədə suallarına cavablarını oxudum. Baninin kitabları, xatirələri, onun barəsində yazılanlar, Stürmerin məktubu müasir oxucu üçün maraqlı olacaq xeyli məsələni aşkara çıxarır ki, bunları yazmaq olduqca yerinə düşərdi.

Banin iki Bakı milyonçusu, neft milyonçuları Şəmsi Əsədullayev və Musa Nağıyevin nəvəsi, Azərbaycan Demokratik Respublikasının ticarət naziri Mirzə Əsədullayevin qızı olub. Baninin «Qafqaz günləri» memuar-kitabında onun öz ailəsi, qohumları, yəni neft milyonçuları və onların ailələri barədə yazdıqları sadəcə adamı dəhşətə gətirir.

Nənə bütün günü söyüş söyür, bahalı donlar geyniib, boyun-boğazlarını brillianta tutan bibilər bir-birinin üstünə qışqırır, evdə bağıra-bağıra danışır, bir-birinin qeybətini edir.

Baninin özü və bacıları alman dayənin üzünə şinəyir, bibisi oğlanları pedofiliyadan, oğlanbazlıqdan danışır, uşaqlar tək qalanda «kim daha çox uzağa tüpürər?» tipli yarışlar keçirirlər.

Banin
Banin

Harın milyonçu balaları kasıb qohum qadının üstünə benzin çiləyib, yandırmağa çalışırlar.

Bibiqızılarından biri, on beş-on altı yaşlı Gülnar (başqa bir milyonçunun qızı) ancaq kişilərlə gələcək münasibətlərindən danışır, deyir ki, ərə gedənə qədər bakirə qalmaq vacibdir, amma ərə gedəndən sonra bakirə vaxtlarının acığını çıxacaq.

Bibilərinin birinin əri, milyonçu Süleyman Berlində yerə tüpürməyin qadağan olunduğunu, yerə tüpürənlərin isə cərimə olunduğunu biləndə, qəsdən dəfələrlə yerə tüpürüb, sonra qürurla alman polisinə pul ödəyirmiş.

Daha sonra polisin yanında yenə yerə tüpürür, təzədən pul qabını çıxarıb, pul verirmiş.

Bakıya qayıdanda bunları fəxrlə qohum-əqrabaya danışaraq, «mən onların qanunlarına tüpürürdüm» deyirmiş. (Banin Əsədullayeva «Qafqaz günləri» (1945-ci il))

Təsəvvür edin ki, bunlar Bakının ən varlı, allah qoymasa, ən oxumuş ailələri imişlər.

Evdə alman dayə, piano müəlliməsi, fransız, ingilis dilləri müəllimələri. Baba milyonçu, ata milyonçu, qohumlar milyonçu. Və belə bir ailənin mənzərəsi.

İndi siz təsəvvür edin ki, milyonçular belə edirmişsə, sadə ailələrdə vəziyyət nə yerdəimiş?

Banin etiraf edir ki, özü də tərbiyə, davranış məsələlərində bacılarından, bibilərindən, qohumlarından çox da geridə qalmırmış. Mehriban, nəzakətli, sadiq freylen Annanın (dayələri) qayğıkeş məsləhətlərinə acıqla, həqarətlə cavab verər, hər addımda onun qəlbini yaralayarmış.

İnqilabdan sonra bir müddət proletar qızlarına piano dərsi keçəndə onları nənəsindən öyrəndiyi söyüşlərlə söyürmüş.

AzTV demişkən, çox uzağa getməyək, götürək elə aşağı-yuxarı həmin dövrün (keçmişdən danışanda 25-50, bəzən isə yüz il də bir il qədər qısa görünür) rus və fransız, alman zadəganlarını.

Stendalın, Mannın, oktyabr inqilabına qədərki rus yazıçılarının kitablarını oxuyanda, görürsən ki, adamlar bir-birinə etiraz, narazılıq bildirəndə cümləni «Möhtərəm cənab, (və ya xanım), əfvinizə sığınıb, cəsarət edərək, zati-alinizə ərz etmək istəyirəm ki…» ilə başlayırlar.

Banin
Banin

Ana-bala, ata-oğul, ər-arvad bir-birinə «siz» deyə müraciət edir, davranışda, ünsiyyətdə hansı nəzakət, etiket qaydaları gözlənilir, adam dəli olur. Baninin yüz il əvvəlki zadəganlarımız, milyonçularımızın davranışları, hərəkətləri, əxlaqı barədə yazdıqları isə adamı dəhşətli dərəcədə məyusluğa, ümidsizliyə uğradır.

Adam başa düşür ki, əlinə bir az pul keçən kimi, harınlıq eləmək, kasıblara divan tutmaq, görməmişlik, pulu, milyonları ilə ikrah doğuracaq dərəcədə qürrələnmək, özünü axırıncı yola qoymaq, üst-başını brilliantlarla bəzəyib, ağzından horra tökmək, nəzakət, etiket qaydalarına tüpürmək vərdişi bizdə yüzillərdən gələn ənənədir.

Babalarımızdan qalan mirasdır. Milli irsimizdir.

Qohumları, özü ilə bağlı bu açıq etiraflara, nümayiş etdirdiyi yazıçı səmimiliyinə görə isə, Banin uşaqlıqdan oxuduğu rus yazıçılarına, düşdüyü fransız ədəbi mühitinə, Parisdə tam mərkəzində olduğu, sıx ünsiyyət saxladığı yaradıcı rus mühacirlərinə borcludur.

Təbii ki, axı sən Pol Eluarla, Jan Pol Sartrla, İvan Buninlə şəxsən tanış olur, saysız fransız, alman, rus yazıçıları ilə oturub-durursan. ("Qafqaz günləri") Nobel mükafatçısı Bunin sənin əlini öpüb, fotolarına atəşin sözlər yazıb, sənə bağışlayır.

Məşhur fransız, rus yazıçıları səninlə maraqlanır, məktublar yazır. Deməli, bir yazıçı qadın olaraq, sənin edə biləcəyin ən az şey – yazanda səmimi olmaqdır. (Məlumatların mənbəyi: RamizAbutalıbov «Baninlə təkbətək» («Bakı» jurnalı), Aynur Mustafayeva «Banin Əsədullayeva» http://www.ourbaku.com/).

Rolf Stürmer yazır ki, Baninin "Qafqaz günləri" Fransada uğur qazansa da, sonra Paris onu unutdu. O heç vaxt Fransada məşhur yazıçı olmadı. Yazır ki, bunu deməyə qorxuram, amma o, bu gün də Fransada məşhur deyil.
Məsələ onun bu gün Fransada məşhur olub-olmamağında deyil.

Banin iyirminci əsrdə ölkədən kənarda, Avropa kimi yerdə az-çox uğur qazanan, dövrünün fransız yazıçılarının mühitinə düşə, qaynayıb-qarışa bilən (bu mühitin qapılarını onun üzünə heç şübhəsiz ki, ədəbiyyat, onun öz istedad və bacarığı açmışdı) bəlkə də yeganə Azərbaycan əsilli yazıçıdır.

Onun Fransa mühitinə sürətli inteqrasiyasının səbəbi isə sadə idi. Fransız, alman, rus dillərini əla bilməyi və öz soydaşları ilə mümkün qədər az ünsiyyət saxlamağı. Ədəbi varisi yazır ki, Azərbaycan onun üçün bir həbsxana idi, o Fransanı öz ölkəsi hesab edirdi.

Bəlkə də bu sözlərimə görə məni qınayacaqsınız, amma etiraf edim ki, bu, mənim qətiyyən vecimə deyil. Bizimkilərin harda olursa-olsun, necə olursa-olsun, hər şeyin zibilini çıxarmaqda usta olduqları barədə çox yazmışıq.

Təəssüf ki, bizimkilərin bu «istedadı», bu lənət Banindən də yan keçmədi. Soydaşları ilə görüşməkdən qaçan Banin 1981-ci ildə Sovet diplomatı Ramiz Abutalıbovun dəvətini qəbul edərək, Parisdə Azərbaycan xalçaları sərgisinə gəlir.

R. Abutalıbov yazır: «Mən ilk azərbaycanlı idim ki, Banin mənimlə görüşməyi qəbul elədi. Ona Parisdə keçirilən Azərbaycan xalçaları sərgisinə dəvətnamə göndərdim və o, dəvətimi qəbul edərək, sərgiyə gəldi…»

Azərbaycanlı, sovet diplomatı ilə görüş, zənnimcə xatirələrə, nostaljiyə güzəştə gedən yaşlı yazıçı xanımın böyük səhvi idi. On il sonra, 1991-ci ildə, Sumqayıt, Bakı, Qarabağ hadisələrinin fonunda Ramiz Abutalıbov Baninə erməniləri «yuyub-sərən» bir məqalə yazdırır. Daha doğrusu, Rolf Strümerin yazdığına görə, R. Abutalıbov bu məqaləni özü yazır, Banin isə fransız dilinə çevirib, «Le Monde» qəzetində çap etdirir.

«Bəlkə də, bu məqaləni Ramiz özü yazmışdı və Banin həmin yazını fransız stilinə salmışdı. Mənim Ramiz Abutalıbova böyük hörmətim var, onu özümə dost hesab edirəm, amma özümü korluğa vurmaq istəmirəm».

Halbuki, Banin «Qafqaz günləri»ndə əsrin əvəllərində Bakıdakı erməni-müsəlman qarşıdurması zamanı erməni qonşularının onları öz evində gizlətdiyini, iki həftə boyunca kasıb ailənin onlara olmazın mehribanlıq və qonaqpərvərlik göstərdiyini yazırdı.

Baninin hekayəsində ən qəddar məqam isə budur ki, əgər o məşhur yazıçı olmasaydı, Fransa kimi bir ölkədə uğur qazanmasa, Nobel mükafatçısı Buninlə olduqca yaxın münasibətlərdə olmasa, Sartr, Elüar kimi gurultulu adlarla şəxsi tanışlığı olmasaydı (mənbə: "Qafqaz günləri"), Azərbaycan haqda ifşaedici kitabı bizimkilər ona bağışlamazdılar.

Zarafat deyil, Bunin Baninə 33 məktub yazıb, bu məktubların hamısı qorunub-saxlanıb.

Soydaşları üçün Banin ancaq və ancaq məşhur olduğuna, dövrünün uğurlu imzalarından sayıldığına və dünyaca məşhur insanlar tərəfindən qəbul edildiyinə görə əzizdir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG