Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:56

Hövsan etirazlarına görə polisə çağırılırlar


Hövsan sakinləri etiraz edirlər. Hövsan 19 yanvar 2015
Hövsan sakinləri etiraz edirlər. Hövsan 19 yanvar 2015

-

“Bizi 30-cu polis bölməsinə çağırıb dindirirlər. Keçirdiyimiz aksiyaya iğtişaş adı qoymaq istəyirlər”. Bunu AzadlıqRadiosuna Hövsan sakini Azad Həsənov deyir. Onun sözlərinə görə, 2 həftə əvvəl 118 saylı məktəbin direktoruna qarşı keçirilmiş etiraz akiyasına görə qəsəbə sakinlərini polisə çağırıb sorğu-sual edirlər.

“Mənə deyirlər ki, sən müxalifətçisən. Hövsanda qarışıqlığı da sən yaratmısan. Halbuki, Hövsan kənd yeridir, biri küçəyə çıxdısa, hamı çıxacaq" - AzadliqRadiosuna gileylənən Azad Həsənov əslində etirazların kor-təbii yarandğını deyir:

"O direktorla bağlı bütün kənd camaatının ürəyi dolu idi və kim eşidirdisə direktora görə etiraz aksiyası keçirilir, qaça-qaça gəlirdi". Onun sözlərinə görə, aksiyaya siyasi don geyindirmək düzgün olmazdı, çünki adamlar küçəyə yaxşı təhsil, yaxşı müəllim tələbi ilə çıxmışdılar.

"Burda mənlik nə var ki?” - deyə təəccübünü gizlətmir.

Etirazlardan 10 gün sonra özünün saxlanmasını təsvir edən Azad Həsənov deyir ki, yanvarın 29-da elə Hövsanda meyvə-tərəvəz satarkən Çevik Polis Alayının polis əməkdaşları ona yaxınlaşaraq 30-cu polis bölməsinə aparıblar:

“Dedilər ki, sən bilmirsən küçə ticarəti qadağandır? Dedim, cəriməsi nədirsə, yazın, ödəyərəm. Həmin gün buraxdılar. Sabahı gün məni, qardaşım Arazı, başqa 3-4 nəfər kənd sakinini bölməyə çağırdılar. Bu dəfə aksiya ilə bağlı dindirməyə başladılar. Guya mənimlə Firdovsi aksiyanın təşkilatçılarıyıq".

Azad Həsənovun sözlərinə görə polisə çağırılan digər şəxslər də olub. Onlara da deyiblər ki, guya icra nümayəndəsinin xarici maşınını sındırıblar.

Suraxanı rayon polis idarəsindən AzadliqRadiosuna təsdiq etdilər ki, aksiya ilə bağlı araşdırmalar aparılır. Polisin fikrincə, bir neçə sakin aksiya vaxtı Suraxanı rayon icra hakimiyyətinin Hövsan qəsəbəsi üzrə nümayəndəsi Ağasəlim Əliyevə məxsus avtomobilə ziyan vurduğuna görə polisə dəvət edilib. Araşdırmanın başlanmasına səbəb də icra nümayəndəsinin bununla bağlı polisə yazdığı şikayət ərizəsi olub.

Azad Həsənovdan başqa, polis Araz Həsənovu, Firdovsi Sadıqovu, Ziyad Məlikovu da dindirib.

Qəsəbə icra nümayəndəsi Ağasəlim Əliyev AzadlıqRadiosuna polisə şikayət ərizəsi verdiyini təsdiqləyir:

“Həmin vaxt dünyasını dəyişən oğlan mənim qohumumdur. Eşitdim ki, başına belə iş gəlib, qaçdım xəstəxanaya. Maşını da xəstəxananın həyətində saxlamışdım. Bir də baxdım ki, maşını pis günə qoyublar. Onların nə ixtiyarı var ki, mənim əmlakımı dağıtsınlar. Hərəkəti ediblər, cəzasını almalıdılar. Mən Zahir, Telman, Niyaz adlı sakinlərdən şikayət vermişəm”.

Xatırladırıq ki, yanvarın 19-da bir qrup sakin Hövsanın qəsəbə icra nümayəndəliyinin və 118 nömrəli məktəbin qarşısında həmin məktəbin direktoruna qarşı etiraz aksiyası keçirib. Sakinlər direktor Qardaşxan Səlimovun işdən çıxarılmasını tələb ediblər. Tələblərini belə əsaslandırıblar ki, Qardaşxan Səlimov məktəbə direktor təyin olunandan təhsilin səviyyəsi aşağı düşüb. Hətta məktəbin yuxarı sinif şagirdləri arasında adını yaza bilməyənlər var.

Aksiya zamanı Hövsan sakini, hərbi xidmətdən yenicə qayıtmış 21 yaşlı Elmar Əliyev qıcolmadan vəfat edib.

Məktəb direktoru Qardaşxan Əliyev isə tutduğu vəzifədən uzaqlaşdırılıb.

XS
SM
MD
LG