Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:20

BMT: İraqda azyaşlılar seks qulları kimi satılır, canlı qalxan kimi istifadə olunur


Mosulda İslam Dövlət yaraqlılarının əlinə silah verdiyi azyaşlı uşaq
Mosulda İslam Dövlət yaraqlılarının əlinə silah verdiyi azyaşlı uşaq

-


İraqda “İslam Dövləti” yaraqlı qruplaşması uşaqlardan intiharçı-terrorçu kimi istifadə edir, onları oğurlayaraq seks qulları kimi satır və ya onlardan canlı qalxan kimi yararlanır.

BMT-nin fevralın 4-də dərc olunmuş hesabatında belə deyilir.

BMT-nin Uşaq Haqları üzrə Komitəsi İraqda silahlı qruplaşmalar, xüsusən də “İslam Dövləti” yaraqlı qruplaşmasının çoxsaylı uşaqları öz tərəflərinə cəlb etmələrindən dərin narahatlıq ifadə edib.

Hesabata görə, “İslam Dövləti” yaraqlı qruplaşmasının hədəfində adətən iradəsi daha asan sındırılan azyaşlılar olur, məsələn, küçədə yaşayan aciz uşaqlar, və ya Suriya və Türkiyədən olan valideynlərini itirmiş qaçqın uşaqlar.

BMT-nin hesabatında “uşaqlara qarşı sistemli şəkildə seksual zorakılıq”dan da narahatlıq ifadə olunur. Bildirilir ki, “İslam Dövləti” yaraqlı qruplaşması adətən milli-dini azlıqlardan olan uşaqları hədəf seçir, oğurlayır və onları seksual köləyə çevirir.

Fevralın 4-də hesabatla bağlı brifinqdə BMT-nin Uşaq Hüquqları Komitəsinin eksperti Renate Winter jurnalistlərə “problemin əhatə dairəsinin olduqca geniş” olduğunu deyib.

Winter bildirib ki, “İslam Dövləti” yaraqlı qruplaşması təkcə yezidi və yezidi kimi azlıqlardan olan uşaqları yox, eləcə də sünni və şiə azyaşlılarını da hədəfə alır.

2014-cü ilin iyunundan Mosulda nəzarəti ələ keçirəndən sonra “İslam Dövləti” yaraqlıları dini azlıqdan olan minlərlə insanın ölümünə və ya yerdəyişməsinə səbəb olub. Təkcə Yezidi azlıqları arasında yüzlərlə qadın və uşaqlar zorlanıb və işgəncələrə məruz qalıb. Onların bəziləri hətta intihar həddinə çatdırılıb.

KAMİKADZE AZYAŞLILAR

BMT-nin hesabatına görə, “İslam Dövləti” qrupu azyaşlılardan həm də kamikadze kimi istifadə edir. Bu cür uşaqların əksəriyyəti aciz və ya sözügedən qruplaşmaya valideynləri tərəfindən satılan uşaqlardır.

“Reuters”ə müsahibəsində komitənin eksperti Winter deyib ki, yaraqlılar tərəfindən kamikadze kimi istifadə olunan uşaqların böyük əksəriyyəti “nə etdiklərini, nə baş verdiyini anlamadan” bu yolu getmiş olurlar.

CANLİ QALXANLAR

Yaraqlılar “İslam Dövləti” qruplaşmasının obyektlərini hava hücumlarından müdafiə etmək məqsədilə həm də uşaqlardan canlı qalxan kimi istifadə edirlər.

Hesabatda o da bildirilir ki, “İslam Dövləti” yaraqlıları müəllim və səhiyyə işçilərini edam edir, məktəblərə, istirahət zonalarına və xəstəxanalara hücumlar təşkil edir.

AZYAŞLI ƏSGƏRLƏR

Mosulda 12 yaşlı uşaqlar hərbi təlimlərə cəlb olunur. Hesabatda bildirilir ki, uşaqlardan müxtəlif məqsədlər üçün yararlanırlar, məsələn, bombaların hazırlanması, buraxılış məntəqələrində keşikçi, hətta adam oğurluğunda köməkçi məqsədilə.

Winter qeyd edir ki, hətta online yayılmış videolardan birində 8 yaşlı uşağın necə əsgər kimi hazırlandığı nümayiş olunur.

İraqda olduğu kimi Suriyada da “İslam Dövləti” qrupu azyaşlılara hərbi təlimlərin keçirilməsini və onlardan kamikadze kimi istifadə etdiklərini gizlətmirlər.

Noyabr ayında yayılmış video çarxda etnik qazax uşaqlara hərbi təlimlərin keçirildiyi açıq-aydın görünür. Yanvarda yayılmış daha bir vediodan isə görünür ki, etnik qazax olduğu güman edilən bir oğlan uşağından iki rusdilli kişinin öldürülməsində istifadə olunur.

Sosial şəbəkələrdə də tez-tez əsgər paltarı geyinmiş silah və ya biçaq gəzdirən azyaşlıların şəkilləri yayılır.

Uşaqları istismar edən təkcə “İslam Dövləti” yaraqlıları deyil. Hesabatda qeyd olunur ki, uşaqlar həm də İraq hökumətini dəstəkləyən könüllü dəstələrə cəlb olunur, bundan başqa İraqda olan Suriyalı qaçqın uşaqlara təzyiqlər olunur ki, ölkələrinə geri qayıdıb Azad Suriya Ordusuyla döyüşsünlər.​

XS
SM
MD
LG