Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:20

"Bu filmə rus kinolarına baxmayanalar da baxacaqlar"


Andrei Zvyagintsev
Andrei Zvyagintsev

-

"Zvyagintsev "Leviafan"da çox ciddi bir tabunu qırmağa çalışıb, bu, Rus pravoslav kilsəsidir. Hətta rejimin ən qatı tənqidçiləri də kilsəylə bağlı ehtiyatla danışırlar".

Tanınmış kino tənqidçisi Anton Dolin bu həftədən Rusiya kinoteatrlarında göstərilməyə başlanan qalmaqallı “Leviafan” filmi haqda fikirlərini bölüşüb.

- Rusların böyük əksəriyyəti hələ “Leviafan”a baxmayıb, amma bu film ətrafında gərgin müzakirə aparırlar. Siz bunu nəylə izah edirsiniz?

- Təkrarçılıq da olsa, belə hallarda tez-tez çəkilən bir misalı yada salmaq istərdim: “Pasternakı oxumamışam, ancaq tənqid edirəm...” Bu misal tam yerinə düşür. Axı, Pasternak təkcə anti-sovet yazıçı, anti-sovet romanın müəllifi olduğu üçün tənqid edilib damğalanmırdı, həm də onun sovet yazarı ola-ola “çürük Qərbdə” yüksək qiymətləndirilməsi qıcıq yaradırdı.

Zvyagintsevin “qızıl qlobusları”, “oskarları”, Kannda görünməsi və s. haqda söz-söhbətlər çox şübhəli qarşılanır. Beləliklə, burda diskussiyanın xarakterini təyin edən bir neçə faktor önə çıxır. Arqument azlığından heç bunu diskussiya da adlandırmaq olmaz.

"Leviafan" filmindən kadr
"Leviafan" filmindən kadr

Birinci qıcıqlandırıcı faktor odur ki, Zvyagintsev karyerasının başından bəri çox uğurlu adamdır. Onun ilk filmi “Evə dönüş” (2003) Venesiya festivalında dərhal iki “Qızıl şir” qazanıb, ikinci filmi “Sürgün” (2007) ən yaxşı kişi roluna görə Kann festivalının mükafatına layiq görülüb.

Bir sözlə Zvyagintsev ölkədən kənarda çox yaxşı qəbul edilib. Əlbəttə ki, illərin rejissorlarının çevrəsində olmayan, gənc, debütant və hətta qeyri-professional hesab edilən bir adamın hər dəfə bəxtinin “gətirməsi” adamları yaman qıcıqlandırır. Demək ki, Zvyagintsevlə bağlı qıcıqlanma həmişə olub. Bu günlərdə isə o ən yüksək nöqtəyə gəlib çatdı.

İkinci “kritik səbəb” isə Zvyagintsevin böyük pərəstişkar kütləsinin ortaya çıxmasıdır. Onu yada salaq ki, “Evə dönüş” və “Sürgün” tamam fərqli şərtlər altında çəkilsə də, Putinin dövründə belə adamlar onu gerçəklikdən uzaqlaşmaqda, abstraktlıqda, mifologiyaya qapılmaqda, pritçavari düşüncə tərzində günahlandırır, arasıkəsilmədən tənqidə məruz qoyurdular...

Zvyagintsev kimi çoxlu “pərəstişkarları” olan bir adamın durduğu yerdə kəskin siyasi, sosial mövzulu bir film ("Leviafan" məhz belədir) çəkməsi mənfi qarşılandı. Bu yeni film avtomatik olaraq dayaz adlandırılmağa başlandı. Özünüz də gördünüz ki, istər siyasi, istər estetik olsun, bütün düşərgələr, “Leviafan”da nə isə qüsur tapırlar, özü də ciddi qüsurlar. Bəziləri filmin estetikasından narazıdır, bəziləri süjeti pisləyir, bəziləri də süjeti bəyənsə də, rejissorun onu pritçalar, simvollar, metaforalar vasitəsilə ifadə etməsini uğursuzluq adlandırır.

Bu yerdə “Tövbə” filmi ilə bağlı “perestroyka” dövründəki diskussiyaları xatırlayıram. Hətta qatı Stalin əlehydarları da filmi bəyənməmişdilər ki, niyə dövrlər bir-birlərinə qarışdırılır, Stalinin adı birbaşa çəkilmir, polislər təbərzində gəzir, bir sözlə pritçavarilik filmin təsirini azaldır.

- Ancaq “Leviafana” qarşı ittihamlar siyasi deyil, vətənpərvərlik, daha doğru psevdovətənpərvərlik yönümlüdür...

- Bu da vacib faktordur. Mən son dövr Rusiya ilə Qərb, Avropa, Amerika arasındakı antoqonizmi nəzərdə tuturam. Bu gün hətta ağlı başında olan xeyli adam da ölkədən kənarda tanınmaq üçün Rusiyanı söyməyin lazım olduğunu deyirlər. Bu əlbəttə ki, əsassız fikirdir.

"Pussy Riot" qrupu kilsədə prezident Putini tənqid edən mahnı oxuyur, 21 fevral 2012
"Pussy Riot" qrupu kilsədə prezident Putini tənqid edən mahnı oxuyur, 21 fevral 2012

Qəribəsi orasındadır ki, Qərb tənqidçilərinin “Leviafan” haqda rəylərini oxuyarkən, onların rus gerçəkliyindən yerli-dibli xəbərsiz olduqlarını görürəm və ümumiyyətlə deyəsən bu aspekt onları elə də maraqlandırmır. Onlar üçün bədii fikrin bütövlüyü maraqlıdır. Hadisələrin Rusiyada, yaxud başqa ölkədə baş verməsi isə ikinci dərəcəli əhəmiyyət daşıyır.

Və nəhayət, sonuncu məqam: Zvyagintsev çox ciddi bir tabunu qırmağa çalışıb, bu, Rus pravoslav kilsəsidir. Hətta rejimin ən qatı tənqidçiləri də kilsəylə bağlı ehtiyatla danışırlar, çünki onun arxasında inanclılardan ibarət böyük xalq kütləsi dayanır. Hələ bir "Pussy Riot" nümunəsi də var. Bu indiki patriarxın və eyni zamanda Rusiyanın ruhani, kübar təbəqəsinin təmsilçisinin siyasətinə qarşı yeganə ciddi tənqid idi ki, onu gözə alanların iki illiyinə islah əmək düşərgəsində həbsiylə nəticələndiyinə şahid olduq. Açıq-aydın belə bir mövzunu filmə gətirmək, hələ bir o filmi dövlətin ayırdığı pulla çəkmək – bir növ çılğınlıqdır. O çılğınlığı özünə rəva bilən adam isə Zvyagintsev oldu.

Bax filmə baxmayan adamların, artıq yayılan söz-söhbətlərə əsaslanaraq ona mənfi münasibət göstərməsinin əsasında bu səbəblər dayanır. Beləliklə xeyli adam bu filmə baxmadığını, baxmayacağını ancaq indidən onun əleyhinə olduğunu deməkdədir.

- “Leviafan” haqda məqalələrinizin birində iddia edirsiniz ki, filmdə bir neçə əjdaha var, sizcə, onlardan hansı daha qorxuncdur?

- Bilirsiniz, bir yandan bütün Leviafanlar qorxuncdur. Digər tərəfdən "Leviafan" qorxu bilməyən adam üçün elə də təhlükəli deyil. Yəqin ki, bütün bu vəziyyətlərdən qorxusuz çıxan təkcə rejissorun özüdür, bir də film üzərində onunla işləyənlər - ssenarist, prodüser... Gördüyünüz kimi nə dövlət, nə filmi gözdən salmağa çalışan adamlar, nə tənqidçilər, nə kinoprokat əsas məsələnin, filmin publika ilə görüşməsinin qarşısını ala bilmədilər. Film publika tərəfindən böyük maraqla qarşılandı, filmə baxmadan və baxmaq fikri olmadan onu tənqid edənlər isə bu kütlənin içində azlıqda qalırlar. Rusiyada ümumiyyətlə kinoya getməyən, rus kinolarına baxmayan çoxlu adamlar var, amma onlar mütləq “Leviafan”a baxacaqlar.

Sualınızın cavabına gəlincə isə... Film bu günümüzdə, post-sekulyar dünyada, qismən Rusiyada, həm də təkcə Rusiyada yox, ondan kənarlarda da yaşayan insanların günahından danışır. Burda Leviafan dünya özü də ola bilər, tale də ola bilər.

Filmdə hər kəs özünə görə bədbəxtdir, hamı yanılır, diqqət təkcə özünü çürüdüb dağıtmaqda olan hakimiyyətə deyil, onun təbəəliyi altında yaşayan insanların günahına da yönəlib.

Söhbətləşdi: Yefim Şuman

Dw.de

XS
SM
MD
LG