Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:47

«Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz...»


Abdulla Abdullayev
Abdulla Abdullayev

-

«Azadlıq» qəzeti yazır ki, «A.M.A.Y.» Ticarət Mərkəzinin rəhbəri Abdulla Abdullayev fevralın 19-da keçirilən məhkəmədə belə deyib.

O, hakimiyyətə ünvanladığı mesajlarla diqqət çəkib:

«Mən vətəndaşam, hüquqlarım var, o cümlədən də danışmaq hüququm. Məni başqaları ilə qarışdırmayın. Heç «yuxarılarla» da müqayisə etməyin. Baxın, deyirəm, danışsam, sonu yaxşı olmaz. Mən Avropa Məhkəməsində də olsa, bəraət alacağam. Bunu hər kəs bilir ki, istəsəm, günü bu gün işimi Avropa səviyyəsinə çıxararam. Amma hələlik Azərbaycan dövlətçiliyinə hörmətlə yanaşıram. Sabah eləyəndə, heç kim deməsin ki, niyə belə elədin. Elə eləyin ki, sabah peşmançılıq çəkməyəsiniz. Prezidentdən tutmuş, hüquq-mühafizə orqanlarına qədər ən müxtəlif dövlət orqanlarına ünvanladığım müraciətlərdən arxiv düzəltmişəm. 25 il əziyyət çək, xidmət elə, axırda da adını dələduz qoysunlar... Kömək eləmişəm, ev tikilib, camaata evləri verilib. Prokurorluq üzündən beş il tikintini təhvil verə bilmədik. İndi həmin o prokurorluq mənə dələduzluq ittihamı verib. Deyin görək, mənim cinayətimin sübutu haradadır?»

Dünən məhkəmədə elan edilən ittiham aktına görə, Abdulla Abdullayev «Xudafərin» MMC-nin tikdiyi 262 mənzilli və 3146 kv. metr qeyri-yaşayış sahəsi olan bina üçün aldığı təxminən 12 milyon manata yaxın vəsaitin 3 milyon 505 min 762 manatını mənimsəyib. O, eyni zamanda Sahibkarlığa Yardım Fondundan aldığı vəsaitin bir qismini mənimsəməkdə də təqsirli bilinir.

YARADICI İTTİFAQLARI «SIRADAN QHT»LƏRLƏ MÜQAYİSƏ ETMƏK OLMAZ?

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov yap.org.az-a müsahibəsində mübahisələrı səbəb olan «Yaradıcı şəxslər və yaradıcı ittifaqlar haqqında» yeni qanun layihəsindən danışıb:

«Mübahisəli məqamlar nədir? Birinci oxunuşda belə bir irad tutuldu ki, prinsip etibarilə QHT-lər haqqında qanun var. Yaradıcılıq ittifaqlarının da fəaliyyəti bu qanunla tənzimlənməlidir.

Nizami Cəfərov
Nizami Cəfərov

Yaradıcılıq ittifaqları dedikdə, biz Yazıçılar Birliyini, Rəssamlar İttifaqını, Bəstəkarlar İttifaqını və bu kimi təşkilatları nəzərdə tuturuq. Müzakirələr zamanı bəzi millət vəkillərinin qənaəti belə oldu ki, yaradıcılıq təşkilatları heç də hər hansı QHT ilə eyniləşdirilə bilməz. Çünki bu ittifaqların böyük tarixi var və orada birləşən şəxslər xalqımızın mədəniyyətini, incəsənətini yaradırlar. Onlar öz sahələrində böyük əsərlər yaradırlar və bu fəaliyyətin müstəsna əhəmiyyəti var. Ona görə də, həmin təşkilatların fəaliyyəti sıradan bir QHT-nin oynadığı rol deyil. Bu səbəbdən də, yaradıcı şəxslərə və yaradıcılıq ittifaqlarına xüsusi diqqət olmalıdır».

Nizami Cəfərovun dediyinə görə, qanun layihəsində digər mübahisəli məqam yaradıcı şəxslərin və ittifaqların maliyyələşdirilməsi məsələsidir: «Bütün dünyada belədir ki, istənilən yaradıcı quruma və şəxsə müəyyən dəstək verilir. Amma o, daha çox özü özünü maliyyələşdirməlidir. Yəni müasir dünyanın tələbi budur. Hansısa yaradıcı qurum və şəxsi bütünlüklə dövlət maliyyələşdirə bilməz. Bu yöndəki iradlarla biz də razıyıq.

Digər bir məsələ də ortaya çıxır ki, yeni yaradıcı təşkilat yarana və dövlətdən onu maliyyələşdirməyi tələb edə bilər.Bu yanaşma doğru deyil. Ona görə də, biz bu məsələdə hələlik belə bir kompromis üzərində fikirləşirik ki, çoxdan yaranmış və böyük tarixi təcrübəsi olan yaradıcılıq birlikləri, onların strukturu maliyyələşdirilsin».

«TƏƏSSÜF Kİ, BİR DƏNƏ DƏ BROYLER FABRİKİ BU NİŞANA LAYİQ GÖRÜLMƏYİB»

Çəki artırmaq üçün broyler toyuqlara maye vurulmasını əks etdirən videogörüntülər mətbuatın müzakirə mövzusu olaraq qalmaqdadır.

Broyler
Broyler

Respublika Quşçular Cəmiyyətinin rəhbəri Aydın Vəliyev fevralın 18-də mətbuat konfransında bildirib ki, toyuqlara belə bir maye vurulmur, sosial şəbəkələrdə, TV kanallarda yayılan bu video isə quşçuluq təsərrüfatlarına qarşı fitnəkarlıqdır. Onun dediyinə görə, son günlər broyler toyuğun satışı 20-30% azalıb. «Bizim yol»un məqaləsi də bu haqdadır: «Bir videodan çökən quşçuluq sənayesi».

İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qəzetə deyib: «Çox təəssüf edirəm ki, keçirilən mətbuat konfransına Aydın Vəliyev məni dəvət etməyib. Həmişəki kimi ancaq öz tərəfdaşlarını ətrafına toplamaqla müxtəlif açıqlamalar verib».

Onun bildirdiyinə görə, broylerin keyfiyyətindən narazı qalan istehlakçılardan təşkilata tez-tez şikayətlər daxil olur: «Sosial şəbəkələrdə yayılan videonu mən də həqiqət hesab edirəm. Ola bilər, rəqabət aparan bir qrup bunu etsin. Lakin broyler fabriklərində həqiqətən belə bir problemlər yaşanır. 2012-ci ildən biz ABŞ İnkişaf Agentliyinin köməyi ilə təhlükəsiz ərzaq istehsal edən müəssisələrə Azərbaycan istehlakçılarının təhlükəsizlik nişanını təqdim edirik. Bu, Ümumdünya Ticarət Təşkilatına Azərbaycanın da daxil olunmasına stimul verən bir layihədir. Təəssüf ki, bir dənə də broyler fabriki bu nişana layiq görülməyib».

E.Hüseynov hesab edir ki, broyler fabrikləri tam açıq olmalıdır, eləcə də müstəqil laboratoriya yaradılmalıdır, baytarlıq dərmanlarının qalıqları, antibiotiklər yoxlanılmalıdır.

Professor Adil Qeybulla qəzetə bildirib ki, broyler toyuqların süni şəkildə şişirdilməsi insan orqanizminə zərərlidir: «Burada Ərzaq Təhlükəsizliyi Konsepsiyasının pozulması faktı var, araşdırma aparılmalıdır. Bu, dünyanın hər yerində milli təhlükəsizliyin tərkib hissəsidir, millətin genofondunun sağlamlığının vacib məsələsidir».

Flora Kərimova
Flora Kərimova

ELNUR NİYƏ GETMƏLİYDİ BAŞQA ÖLKƏYƏ?

Yerli mətbuat həm də «O səs Türkiyə»də birinci olan Elnur Hüseynovdan yazır. Bununla bağlı «Yeni Müsavat»a danışan xalq artisti Flora Kərimova göz yaşlarını saxlaya bilməyib: «Elnur bizə bəxş olunan istedadlı dəyərimizdir. Bu cür gəncləri dəyərləndirməyi bacarmalıyıq. Zamanında möhtəşəm səslər olan Elnurla Samiri unutduq. Niyə bu cür gənclərin itib-batmasına göz yumuruq? Niyə o cür performans, o aktyorluq yaddan çıxdı? Elnur niyə getməliydi başqa ölkəyə, başqa səhnədə nədən çıxış etməli idi? Ayıb olsun ki, biz bunu öz Azərbaycanımızda etmədik. Təsəvvür edirəm ki, Elnur o səhnədə uğur qazanmaq üçün hansı maddi və mənəvi əziyyətlər çəkib. Bəyəm asandır o cür səhnədə qalib gəlmək? Elnurun o səhnədən səsi gələndə, meydan oxuyanda təəccüb etdilər ki, bıy, bu bizimkidir və başladılar onu tərifləməyə. Utanmırıq biz? Səviyyəsi, daxili, mədəniyyəti olmayan bir kəsi qaldırıb dağ başına çıxardırlar və zorla da olsa onu tamaşaçılara qəbul etdirirlər. Biz axı niyə belə koruq?!».

«Azərbaycan» qəzeti də bu mövzudan yan keçməyib: «O səs Türkiyə»ni Azərbaycan qazandı» deyə yazır:

«Elnur Türkiyə tamaşaçılarının sevgisini qazana bilmişdi. O, təkcə televiziya tamaşaçılarının yox, həm də mütəxəssislərin favoriti sayılırdı. Mütəxəssislər dəfələrlə qeyd edirdilər ki, Elnur Hüseynovun səsi Türkiyə yox, dünya səviyyəli səsdir. Azərbaycan təmsilçisinin «O səs Türkiyə»nin qalibi olacağına heç kim şübhə etmirdi.

... Bu qələbə eyni zamanda Azərbaycan mədəniyyətinin, ən əsası Azərbaycan-Türkiyə birliyinin, Azərbaycan-türk xalqlarının qardaşlığının qələbəsi idi.

Təbriklər, Elnur!..

Təbriklər, Azərbaycan!..».

XS
SM
MD
LG