Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 17:09

Manatın ucuzlaşması Milli Məclisdə müzakirə olunub


Milli Məclis
Milli Məclis

-

Milli Məclisin fevralın 24-də keçirilən toplantısında Mərkəzi Bankın manatla bağlı verdiyi son qərarı müzakirə mövzusu olub.

DEPUTATLAR KOMPENSASİYA, ANTİBÖHRAN PROQRAMI TƏLƏB ETDİLƏR

apa-nın məlumatına görə, deputat Fərəc Quliyev Mərkəzi Bankın manatla bağlı atdığı addımın narazılığa səbəb olduğunu bildirib. Vətəndaşların təlaş keçirdiyini deyən deputat «Hökumət antiböhran proqramını işə salmalıdır» tələbi ilə çıxış edib.

O, parlamentin müvafiq komitəsində müzakirələr aparmağın vacib olduğunu söyləyib.

Deputat İqbal Ağazadə Mərkəzi Bankın qərarının bahalaşmaya səbəb olduğunu, əhalinin bundan narahatlıq keçirdiyini bildirib. Deputatın qənaətincə, bahalaşmaya görə vətəndaşlara kompensasiya verilməlidir.

Zahid Oruc isə bu qərarın millətin mənafeyinə uyğun olduğunu bəyan edib: «Maksimum bir aya onlar da Mərkəzi Bankın qərarını bizim kimi müdafiə edəcəklər. Bunu tədricən etmək dollar milyonçularının xeyrinə idi. Mən bu qərarı açıq şəkildə müdafiə edirəm».

OQTAY ƏSƏDOV: «AJİOTAJ YARATMAĞA EHTİYAC YOXDUR»

Spiker Oqtay Əsədov əhalinin banklardakı vəsaitinə ziyan dəyməsi barədə deyilənləri yalan adlandırıb: «Son bir-iki ay ərzində banklar tərəfindən vətəndaşların həmin pulları dəyişdirilib. Mərkəzi Bank manatın devalvasiyasının qarşısının alınması üçün addımlar atıb, bundan sonra da atacaq. Dünyada ciddi proseslər gedir, bilmək olmur ki, sabah nə baş verəcək. Həmçinin nəzərə alsaq ki, Azərbaycan müharibə vəziyyətindədir, bu məsələdə xüsusi ajiotaj yaratmağa ehtiyac yoxdur. Amma o da doğrudur ki, bəzi mağaza, supermarket sahibləri süni qiymət artımı yaratmağa çalışır. Bu, yolverilməzdir. Çünki satılan məhsulların 70 faizi ölkədə istehsal olunur. Həm də mağazalarda satılan mallar manatın devalvasiyasından öncə gətirilib, qiymətləri niyə qaldırırlar?».

Deputat Siyavuş Novruzov həmkarlarını populizmdə qınayıb: «Bu məsələdə populizmə ehtiyac yoxdur. Hökumət özü martdakı hesabatında bu məsələyə bir daha aydınlıq gətirəcək».

VAHİD ƏHMƏDOV: «DOLLARLA KREDİT GÖTÜRƏN SAHİBKARLARIN PROBLEMLƏRİ OLA BİLƏR»

Deputat Vahid Əhmədov deyib ki, Azərbaycanda manatın devalvasiyası çoxdan lazım idi, amma bu devalvasiya yumşaq formada olmalıydı: «Devalvasiya tədricən olmalıydı, 2014-cü ilin əvvəlində başlamalıydı. Təəssüf ki, manat birdə-birə 33 faiz dəyərdən düşdü. Bu vəziyyətdə süni qiymət artımı halları baş verir və verəcək. Hökumət süni qiymət artımının qarşısını almalı, bununla əlaqədar proqram hazırlanmalıdır. Bundan başqa, əmanətlərin qorunması yollarından istifadə olunmalıdır. Dollarla kredit götürən sahibkarlar var, onların kreditləri qaytarmalarında problemlər ola bilər. Bu baxımdan da hökumət antiböhran tədbirlərini hazırlayıb, qısa müddətdə həyata keçirməlidir».

AZTƏMİNATLI AİLƏLƏRLƏ BAĞLI TƏKLİF

Deputat Qüdrət Həsənquliyev devalvasiya nəticəsində ərzaq məhsullarının qiymətinin qalxmasından daha çox aztəminatlı ailələrin zərər gördüyünü söyləyib. Deputat bunun nəzərə alınmasını, ünvanlı sosial yardımın artırılmasını təklif edib: «Eyni zamanda, sosial yardım alanların sayının azalması üçün tədbirlər görmək lazımdır. İnsanlar işlə təmin edilməli, halal zəhmətlə dolanmalıdırlar ki, bu xərclər büdcədə azaldılsın».

ZİYAD SƏMƏDZADƏ: «AZƏRBAYCAN BU VƏZİYYƏTDƏN UĞURLA ÇIXACAQ»

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, milli valyutanın məzənnəsi bütün hallarda dəyərdən düşməliydi: «Dünyada müəyyən proseslər baş verir, xüsusən də neftin qiyməti düşür. Mərkəzi Bank hər il 2 və 2.5 milyard dollar intervensiya edirdi. Ekspertlər haqlı olaraq deyirdilər ki, bu, uzun müddət davam edə bilməz, valyuta ehtiyatları tükənə bilər. Mərkəzi Bankın intervensiya etdiyi həcm Ermənistanın büdcəsinə bərabərdir».

Z. Səmədzadə deyib ki, manatın devalvasiyası səbəbindən qiymət artımı ilə bağlı məsələlər həll edilməlidir: «Amma bu, antiböhran tədbirləri deyil, sadəcə, qiymət artımının qarşısının alınmasına yönəlmiş addımlardır. Azərbaycanda 500-dək kiçik orta müəssisə yaradılacaq, manatın devalvasiyası isə ixrac potensialının artmasına kömək edəcək. Vaxt olub ki, Azərbaycan 4 rəqəmli inflyasiyadan 1 rəqəmli inflyasiyaya keçidi təmin edib. Ümid edirəm ki, Azərbaycan indi də bu vəziyyətdən uğurla çıxa biləcək».​

Fevralın 21-də Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə dolların məzənnəsi 1.05 manat müəyyən edilib. Bundan sonra valyutadəyişmə məntəqələri dollar alqı-satqısını dayandırıb.

XS
SM
MD
LG