Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:25

«Olimpiya xərcləri qanunidir» açıqlaması və #shotverən haştaqı


Qazaxıstan komandası Yay Olimpiya Oyunlarında
Qazaxıstan komandası Yay Olimpiya Oyunlarında

-

Avropa Oyunlarında iştirakçıların maliyyələşdirilməsi təşkilatçının üzərinə qoyulan öhdəlikdir. Azərbaycan tərəfinin Bakı 2015 Avropa oyunlarında iştirak edəcək Milli Olimpiya Komitələrini maliyyələşdirməsinə dair rəsmi açıqlamada belə deyilir. Açıqlamanı Avropa Olimpiya Komitəsi (AOK) və Bakı 2015 Təşkilat Komitəsi birgə yayıb.

TƏŞKİLAT KOMİTƏSİNİN ÖHDƏLİYİ

“Olimpiya və Qış Olimpiya Oyunlarında və bu miqyaslı digər qlobal yarışlarda verilən oxşar dəstək (qrantlar), eyni zamanda Azərbaycanda ilk dəfə keçiriləcək ilk Avropa Oyunları ilə bağlı aparılan danışıqların ilkin mərhələsində əhəmiyyətli hissələrdən birini təşkil edib. Şübhəsiz ki, bu tələb təşkilatçı şəhərlə müqavilənin və AOK tərəfindən Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin üzərinə qoyulan öhdəliyin bir hissəsi olub”. Bakı 2015 Təşkilat Komitəsindən "Trend" informasiya agentliyinə verilən məlumatda belə deyilir.

Məlumatda deyilir ki, iştirakçı idmançılar və müşayiətçi rəsmi şəxslərin sayına əsasən hesablanan qrantlar yarışlarda iştirak edən 50 Avropa Milli Olimpiya Komitəsinin hamısına bərabər şəkildə şamil edilir.

2.5 MİLYON AVRO GƏLİR BÖLÜŞDÜRÜLƏCƏK

Avropa Oyunlarından sonra Avropa Olimpiya Komitəsi (AOK) rəhbər qurum olaraq Oyunların gəlirlərindən əldə edilən 2.5 milyon Avro məbləğində vəsaiti də bölüşdürəcək. Vəsait Oyunların proqramına daxil edilmiş bütün idman növləri üzrə Avropa Milli Olimpiya Komitələri və Avropa Federasiyaları arasında bölüşdürüləcək.

“İdmançılar istənilən böyük idman yarışının əsasını təşkil edirlər. Bu məqsədlə, yarışlarda iştirak edən idmançıların maliyyələşdirilməsinə görə məsuliyyət daşıyan qurumların müvafiq qaydada ödənişlə təmin edilməsi qanunidir və məqsədə uyğundur,” məlumatda deyilir.

İlk dəfə olaraq fevralın 26-də Böyük Britaniyanın “The Guardian” qəzeti yazıb ki, Britaniya atletlərinin Avropa Oyunlarında iştirakının xərcini təşkilatçılar ödəyir. Bu yazıdan sonra gün ərzində verilən açıqlamalardan bütün iştirakçıların xərcini Azərbaycan tərəfinin çəkdiyi bəlli olub.

#shotverən

Bu məsələ sosial şəbəkələrdə narazılıqla qarşılanıb. Sosial şəbəkə istifadəçiləri #shotverən haştaqı ilə statuslar paylaşıb, ölkənin bu miqyasda xərci üzərinə götürməkdənsə, vətəndaşlarının güzəranının qayğısına qalmasını daha məqsədəuyğun sayıblar.

İqtisadçı Rövşən Ağayev facebook səhifəsində yazıb:

"50 ölkənin idmançısının Olimpiada xərclərini Azərbaycan hökuməti ödəyəcək" xəbərini eşidən kimi ilk ağlıma gələn sual... Büdcə xərcləmələrinin ən pik həddində, neftin qiymətinin ən pik səviyyəsində Azərbaycan hökuməti müəllimə, həkimə, pensiyaçıya 150-200 manat məvacib, pensiya ödədi. Hər kəs bilir ki, bu acından ölməməyə, sürünə-sürünə həyatı sürməyə yetəcək bir məbləğ idi. Büdcə xərcləmələrinin ən pik həddində, neftin qiymətinin ən pik səviyyəsində bizə təklif edilən mümkün olan ən yaxşı həyat bu idisə, neftin qiymətinin 50-60 dollar qalacağı tədqirdə bu insanlara hansı həyatı, hansı maaş təkilf edəcəklər?”

XS
SM
MD
LG