Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:41

Samur postunda gömrük çiləsi... [video]


Samur postunda gömrük çiləsi...
Gözlə

No media source currently available

0:00 0:03:05 0:00

Samur postunda gömrük çiləsi...

.

- Qapıda şəkil vardı – ata-oğul şəkli, gördün də... Həə, baax, o kişi deyirdi ki, hər yerdən daşıyın gətirin, bir Azərbaycandan daşımayın...
- Həmişə gedib gəlirsiniz bu yolu?
- Demək olar günaşırı...
- Həmişə belədir?
- Hələ bundan da betərdi...
- Səbəb nədir?
- Səbəb – heç nə. Pul söhbəti...
- Niyə yığırlar pulu?
- Kişilər zəhmət çəkib işləyirlər, adam buraxırlar... İndi irəlilə özün görəcəksən...

“Orda bir otaq var”

Dərbənddən Azərbaycana keçib Samur keçid məntəqəsinə sarı irəlilədikcə hələ çox şeylər görəcəkdik. Darısqal, uzun yolu bir-birini tapdaya-tapdaya posta tərəf irəlilədikcə bəzən donanan, hərdən hərəkətlənən izdihamın arasında şimal bölgəsindən olan Həsənlə çiyin-çiyinə addımlayırıq. Rusiyadan şəxsi istifadə üçün gətirdiyi ərzağa görə ödədiyi məbləğdən danışır:

- Şəxsən mən gətirdiyimin hər kilosuna 2 dollardan ödəmişəm. Orda bir otaq var. Gedirsən, orda qəşəngcə sayırsan, pulunu verirsən, neçə kilodursa, tərəzidə çəkir... İstər 2 kilo olsun, istərsə 100 kilo... Pulunu ver, götür-get. Bax, o kişinin əlindəki yağ var haa, buraxmayacaq onu. Çünki yağ baha çıxır...

Azərbaycanda bir həftəlik bazarlıq...

Rusiyada rublun dəyərdən düşməsi ərzaq məhsullarını su qiymətinə endirib. İndi şimal bölgəsində yaşayan azərbaycanlılar evlərinə bazarlıq üçün ən yaxın şəhər olan Dərbəndə gedirlər. Kimi həftəlik, kimi də aylıq bazarlığını edib geri qayıdır.

Arxiv fotosu: Samur keçidə məntəqəsi yaxınlığında Rusiyadan gələn Azərbaycan vətəndaşları
Arxiv fotosu: Samur keçidə məntəqəsi yaxınlığında Rusiyadan gələn Azərbaycan vətəndaşları

​Rus bazarlarında ət, yağ, qənd, kolbasa, pendir və digər gündəlik tələbat malları çox ucuzdur. Tutalım, Azərbaycanda bir həftəlik bazarlıq 40-50 manatdırsa, daha çox qida almaqla bu xərci 20-25 manata endirmək olur. O üzdən azərbaycanlıların Rusiya bazarlarına kütləvi axını gözə çarpır. Di gəl, Azərbaycan tərəfi başlayıb məhdudiyyətlər qoymağa. Bundan narazı qalanlardan biri də Həsəndir:

Nə olar, nə olmaz?

- Deyir, kolbasa olmaz. Bəs nə olar?.. Hər ayın 18-də 120 manat pensiya alıram. Dolanışıq çətindir. İstəyirəm ki, heç olmasa, ayda 3 dəfə gedim-gəlim, uşaqlarımı dolandırım...

Növbədəki hərəkət dayandıqca kütlədən səslənən narazılıqlar da ərşə qalxır: “Bu nədi əəə, hələ bir addım atmamışıq...”

Əlimdə kameranı görüb ürəklənənlər də olur:

- Qardaş günümüzü çəkir ee, olan günümüzü... Hələ bu harasıdır, qardaş, bundan da pis olur. Səbəb də odur ki, camaatı dolanmağa qoymurlar. Camaatı heyvan vəziyyətinə salıblar. Bu da millətin günü...

“Cibində pulun varsa...”

Məntəqədə gömrükçülər ölkəyə gətirilən yükləri çəkir, 10 kiloqramdan çox yükü buraxmırlar.

Həsən deyir, rüşvət verəcəksənsə, yükün tərəziyə çıxmayacaq:

- Deyir, 10 kilodan çox olmaz. Ancaq boş söhbətdir, cibində pulun varsa, lap 50 kilo da gətirə bilərsən.

Adamların hövsələsi bir tikə olub, məntəqəyə yaxınlaşdıqca dəmir barmaqlıqlı qapının arxasındakı əsgərlərə səslənirlər:

- Heeeyyy, əsgəəəəərrrr...

- Adə, burda hamilə qadın var, burax camaatı...

- Əsgəəəərrrr!..

Gömrükçülərin məqsədi nədir?

Gömrükçülərin məqsədi odur ki, kimsə satış məqsədi ilə ərzaq keçirə bilməsin. Məntəqədə tərəzi qoyub bir-bir yükləri çəkirlər.

Bunun da xeyrini Azərbaycandakı inhisarçılar görür. Başqa sözlə, yük sahibləri deyirlər ki, gömrükçülər istədi-istəmədi, bu durum birbaşa inhisarçıların xeyrinədir. Onu da deyirlər ki, 10 kq.ı aşan yükün rüsum qiyməti kəllə-çarxa qalxır. Gömrükçülər elə rüsumlar tələb edirlər ki, yük sahibləri aldıqları ərzağı elə sərhəddəcə atıb gedirlər, çünki başqa çarələri qalmır.

O da narazılıq doğurur ki...

Ancaq Azərbaycandan Rusiyaya ərzaq aparanda, qonşu ölkənin gömrüyü hər hansı problem yaratmır.

Ən çox o da narazılıq doğurur ki, Rusiyadan yüksüz gələnlər də eyni əziyyəti çəkirlər. Yüksüz piyadalar üçün nəzərdə tutulmuş yolu bağlayıb onları da yüklü piyadaların sırasına qatırlar. Bu da darısqal yolda tıxac yaradır...

Gömrük əməkdaşları adətən belə rəyləri ciddi qarşılamadıqlarını və ərzağa qoyulan çəki məhdudiyyətinin möhtəkirliyə qarşı mübarizəni və yerli istehsalçıların qorunmasını hədəflədiyini bildirilər.

Gömrük məntəqəsindəki durum iddialara aydınlıq gətirilməsi üçün problemin qarşılıqlı müzakirəsinə ehtiyac doğurur... Çünki hər iki tərəfin mövqeyində haqlı məqamlar var...

XS
SM
MD
LG