Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:27

«Sovetski»də qalanlar: «Yatanda dua edirik ki, səhərə salamat çıxaq»


-

... Köhnə «Sovetski» məhəlləsinin yuxarı hissələri müharibə mövzusunda kino çəkmək istəyən rejissorlar üçün əsl tapıntıdır. Uçurulmuş həyətlər, dağıdılmış divarlar, şüşələri qırılmış pəncərələr gündüz vaxtı vahimə yaradır. Bu evlərin, həyətlərin dibindəki evlərdə isə adamlar yaşayır. Bu evlərdə yaşayanların sözlərincə, gecə yatanda dua edirlər ki, səhərə salamat çıxsınlar.

«BAKINI NƏ GÜNƏ QOYDULAR»...

75 yaşlı Rəfiqə Həsənova da belə evlərdən birində yaşayır. Hər an evinin uçacağından qorxur:

«Bu saat evdə tək yaşayıram. Neyləyək, bala? Burda evlər olanda əməlli-başlı küçə, məhəllə idi. İndi uçurdublar, ona görə məhəlləyə oxşamır. Bu ətrafdakı evləri də bir ucdan sökürlər, mən də qorxuram. Eh, Bakını nə günə qoydular»...

Yaşlı qadın deyir ki, öz evindən getmək istəmir. Ancaq bilir ki, köçməlidir. Günün birində onun da evi buldozerin ağzına veriləcək. Rəfiqə Həsənova deyir, hər kvadratmetrə görə təklif olunan 1500 manatı da hələ ona vermirlər:

«Deyirlər hələ bankda pul yoxdur. Neyləyə bilərik? Nə qədər mitinq oldu, yazıq uşaqları tutdular. Hə, indi köçürəm, ancaq pul yoxdur. Gərək verilən pula baxıb ev alasan. Heç bilirik ki, hara gedəcəyik? Şəhərdə o pula ev almaq olmaz. Burdan keçirdim, Dram Teatrının yanı idi. Düşürdüm parka, yaşlı, xəstə adamam, hava alırdım. Allah bilir, şəhərin hansı ucqar yerinə gedəcəyik».

1500 manatla razılaşmayıb söküntüdən imtina edənlər var.
1500 manatla razılaşmayıb söküntüdən imtina edənlər var.

ÇƏRŞƏNBƏ TƏDARÜKÜ

Köçənlər köçüb, pul gözləyənlər də gözləyir. Ancaq hələ də hökumətin təklif etdiyi 1500 manatla razılaşmayıb söküntüdən imtina edənlər var. Sakinlər deyir ki, manat ucuzlaşandan sonra 1500 manat gözlərində lap kiçilib:

- «Bizi hara köçürəcəklər? Köçürə bilirlər ki? Camaat getmir. Pul verirlər ki? Mən ata-baba yurdumdan hara köçməliyəm? Qiymət 1500 manatdır. Camaat danışır, guya Abid Şərifov deyib düzəliş olacaq, kiçik kvadratı olanlara artırılacaq. Allah bilir nə vaxt olacaq. Hər şey hökumətdən asılıdır, camaatı yola versə, camaat gedər».

- «Nəyə görə Sulutəpəyə getməliyik? Demir kvadratınız azdır, o boyda zirzəmi versin, şəhərdə versin. Gedənlər hamısı peşmandır».

İndiyədək 2000-dən çox ev sökülüb.
İndiyədək 2000-dən çox ev sökülüb.

- «1500 manata nə almaq olar? Getmək istəmirik. Tək mən yox, bu həndəvərdə yaşayanların heç biri getmək istəmir. Burdan yaxşı yerə hara gedəcəyik?».

Təkcə uşaqlar çərşənbələrdə ocaq qalamaq üçün yandırmağa çoxlu taxtalarının olmasına sevinir. 9 yaşlı Tural deyir ki, uçulmuş evlərin qapı-pəncərələrini yandırırlar. Sabaha tədarüklərini də görüblər:

«Nə qədər istəyirsən taxta var. İki-üç səbət götürürük, uçmuş evlərdən iki dəqiqəyə doldururuq. Sonra da qırıb yandırırıq».

PALTAR SANCAQLARI, OYUNCAQ İT, FİZİKA KİTABI

İndi «Sovetski»də Axundov döngəsi, Mirzağa Əliyev küçəsi, Dilarə Əliyeva, Süleyman Rəhimov küçələrinin bir hissəsi, Mustafa Sübhi, Zülfi Adıgözəlov, Abdulla Şaiq küçələri tamamilə sökülüb.

Düz yolla gedirsən, birdən yolun sağ tərəfində kiminsə uçmuş evini görürsən.
Düz yolla gedirsən, birdən yolun sağ tərəfində kiminsə uçmuş evini görürsən.

Düz yolla gedirsən, birdən yolun sağ tərəfində kiminsə uçmuş evini görürsən. Daşın, torpağın içindəki otaqda köhnə kreslonu sahibi aparmayıb. Yerə atılmış jurnaldan Parisin görməli yerləri boylanır. Bir həyətdə boş ipə paltar sancaqları taxılıb. Başqa bir evin yerində köhnə çamadan, oyuncaq it, fizika kitabı, köhnə qab-qaşıq, nimdaş ayaqqabılar var. Belə dağıntının mərkəzində birdən qarşına bir qapı çıxır. Qapıya vurulmuş elanda yazılıb ki, burdakı iki mənzillə dövlət arasında alqı-satqı olunmayıb, söküntüdən imtina edilib. Bu evlərdən birində yaşayan Nicat İmranlı deyir ki, imtinanın səbəbi köhnədir:

«Mən, ümumiyyətlə, alqı-satqıdan imtina eləmişəm. Çünki 37 kvadrat 50 min manat pul eləyir. O 50 minə harada ev alacağam?».

«Sovetski»dəsöküntü keçən ildən başlayıb. Hökumətin hər kvadratmetrə görə təklif etdiyi 1500 manatla razılaşmayan sakinlər bir neçə dəfə etiraz aksiyası da keçirmişdi. İndiyədək 2000-dən çox ev sökülüb. Keçın ilin yayında Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev AzadlıqRadiosuna demişdi ki, köçmək istəməyənlər öz evlərində qala biləcəklər. İcra başçısı sökülən evlərin yerində park, geniş yollar salınacağını da bildirmişdi. Söküntünün isə təxminən 3 il çəkəcəyini demişdi.

Baş nazirin müavini Abid Şərifov isə demişdi ki, sahəsi az olan evlərlə bağlı son qərar 2015-ci ilin əvvəlində veriləcək. «Sovetski»də sahəsi 25 kvadratmetrdən az olan 400 mənzil var və həmin evlər sökülməyib.

Sakinlər isə hələ də səs-sorağı çıxmayan qərarı gözləyirlər. Öz arzularını isə məhəllənin divarlarına yazıblar: «Allah hamını öz mənzilinə qovuşdursun». ​

XS
SM
MD
LG