Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 13:52

Ekspert: «Bazarda dollar bolluğu yarana bilər»


Arxiv fotosu
Arxiv fotosu

-
«Ötən həftəsonu Əkrəm Həsənov adlı Facebook istifadəçisinin sosial şəbəkədə yaydığı məktub manatın devalvasiyasından sonra həssaslaşan cəmiyyətdə ciddi rezonans doğurub».

Əkrəm Həsənov məktubun Mərkəzi Banka məxsus olduğunu iddia edir, bildirir ki, bu məktubla Mərkəzi Bank banklara bu ilin sonunadək açıq valyuta mövqeyi limitləri tətbiq etməyəcək.

«Başqa sözlə, bundan sonra Mərkəzi Bank bankların valyuta risklərini tənzimləməyəcək və onlara nəzarət etməyəcək. Başqa cür də demək olar: Mərkəzi Bank artıq buna qadir deyil».

Bu, Əkrəm Həsənov adlı Facebook istifadəçinin şərhidir. Hərçənd qeyri-iş günü olduğu üçün bu məktubun Mərkəzi Banka məxsus olub-olmadığını dəqiqləşdirmək mümkün olmasa da, bir çox tanınmış ekspertlər məktubun şərhini verirlər.

Hətta əgər həqiqətən Mərkəzi Bank banklara tətbiq etdiyi valyuta limitini aradan qaldırsa, ölkənin maliyyə bazarında nə dəyişə bilər?

Samir Əliyev
Samir Əliyev

Bank məsələləri üzrə ekspert Samir Əliyev AzadlıqRadiosunun bu və digər suallarını cavablandırır:

- Samir bəy, qeyri-iş günü olduğundan AzadlıqRadiosu sözügedən məktubun Mərkəzi Banka məxsus olub-olmadığını dəqiqləşdirə bilmir, amma əgər məktubda göstərildiyi kimidirsə, banklara valyuta sərbəstliyi verilməsi nələrə təsir edə bilər?

- Mən bank sektorunda çalışan tanışlarımla əlaqə saxladım, həqiqətən də onlar belə bir məktub alıblar. Orda göstərilir ki, Mərkəzi Bank «açıq valyuta mövqeyi üzrə limitin tətbiqini 1 yanvar 2016-cı il tarixinə qədər dondurur». Təbii ki, devalvasiya şokuna düşmüş əhali üçün terminlərlə zəngin bir məktubun ortaya çıxması təşviş yaratmaya bilməzdi. Üstəlik, bank krediti olan vətəndaşlar xarici valyutada olan kreditlərə güzəşt məktubu gözləyirdilər. «Açıq valyuta mövqeyi üzrə limitin tətbiqi» isə o deməkdir ki, ortaya valyuta risklərinin idarə edilməsi məsələsi çıxıb. Manatın ucuzlaşmağa başlamasından sonra kütləvi dollar alışı başladı. Bu, bankların dollar tələbatını artırdı və öz ehtiyatlarını çıxarıb satmağa başladı. Əslində, müvafiq qanunvericiliyə görə, bankların xarici valyuta limiti var. Yəni bankların kapitalına nisbətdə valyuta mövqeyi ola bilər. Mərkəzi Bankın təyin etdiyi nisbət isə hazırda 10 faizdir. Yəni bank məcmu kapitalının 10%-i həcmində valyuta mövqeyi aça bilər. Məsələn, 100 milyon manatlıq məcmu kapitala malik bankın açıq valyuta mövqeyi də 10 milyon manat ola bilər. Bəzi banklar bu limitə riayət etsə də, bəziləri həddi keçməklə özlərini risk altına qoyublar.

- Məntiqlə Mərkəz Bank limiti sərtləşdirməli idi, çünki bazarda dollara tələbat artıb…

- Mərkəzi Bank limiti keçənlərə cəza vermək hüququndadır, amma düşünürəm ki, indiki məqamda belə bir cəza üsulu nəinki bankların fəaliyyətinə, o cümlədən ölkə iqtisadiyyatına zərər vura bilər. Bu isə heç kimin, xüsusən də Mərkəzi Bankın planına daxil deyil. Limiti pozan banka qarşı Mərkəzi Bankın sərt addım atacağı da real görünmür. Ona görə Mərkəzi Bank sərt tədbirləri bir qədər ertələmək siyasətini yürüdür. Limitin aradan qaldırılması Mərkəzi Bankı valyuta riski yüksək olan banklarla bağlı sərt tədbir görmək vəzifəsini aradan qaldırır, banklara vəziyyətlərini düzəltmək üçün vaxt verir. Beləliklə də əsas tənzimləyici qurum açıq valyuta mövqeyi limitini aradan qaldırmaqla riskləri bankların öz öhdəsinə buraxır. Mərkəzi Bank anlayır ki, banklar devalvasiyadan böyük zərərə düşüblər. Dollara tələbatın artdığı dövrdə bankların bir çoxu valyuta mövqelərini qoruya bilməyiblər və bununla da limiti keçməklə özlərini çətinə salıblar. İndiki vəziyyətdə onlardan sərt qayda-qanun tələb etmək çətindir. Belə vəziyyətdə Mərkəzi Bank məsuliyyəti bankların üstünə atmaqla öz missiyasını bitmiş hesab edir.

Arxiv fotosu
Arxiv fotosu

- Belə bir qərarın əmanətçilərə və kredit götürənlərə nə təsiri ola bilər? Onlar itirirmi, qazanırmı?

- Bu qərarın onlara birbaşa təsiri yoxdur. Düzdür, bu, dolayısı ilə valyuta bazarının idarə olunması deməkdir. Elə bunun əsas məqsədi də bazarda valyuta qıtlığının aradan qaldırılmasına yardım göstərməkdir. Çünki banklara valyuta satışına limit qoyması onların daha çox valyuta satmasına mane olurdu. Bu isə süni ajiotaj yaradırdı, sanki, banklar özləri dolları satmaq istəmirlər. Bu limitin götürülməsi bankların manevr imkanlarını artıracaq.

- Bazarda dolların artması manatın daha da ucuzlaşmasına səbəb ola bilərmi?

- Bu, bazarda dolları artırmayacaq, ancaq qıtlığın qarşısını alacaq. İkinci tərəfdən, bazarda dollar bolluğu manatın möhkəmlənməsinə stimul ola bilər. Ancaq manatın dollara nisbətən məzənnəsinə təsir etməyəcək. Manatın məzənnəsinə neftin dünya bazarındakı qiyməti və ölkədəki makro iqtisadiyyatın vəziyyəti tənzimləyir.

- Valyuta limitinin aradan qaldırılması bankların işini möhkəmləndirəcəkmi?

- Bu, valyuta limitinə ciddi əməl edən məsuliyyətli bankların işini daha da asanlaşdıracaq. Onlar daha məsuliyyətli yanaşacaqlar. İndiyə kimi limitə məhəl qoymayan bankların isə belə qərardan sonra bütün valyuta imkanlarını satışa çıxarmaları sonradan onların fəaliyyətinə ciddi zərər vura bilər. Mətbuatda manatın devalvasiya prosesinin davam edəcəyi fikirləri səslənir. Fikrimcə, belə bir qərar bankları manatın ucuzlaşmasından sığortalamağa yox, əksinə, devalvasiyadan sonra bankların üzləşdiyi zərəri qarşılamağa yönələ bilər. İkincisi, hesab edirəm ki, manatın devalvasiyası gedərsə, vətəndaşların xarici valyuta almaq imkanı olsun deyə belə bir addım atıla bilər.

- Samir bəy, Sovet İttifaqı dağılandan sonra banklara qoyulan əmanətlər batdı. Düzdü, 20 il sonra həmin vəsaitlər ödənilsə də, əvvəlki dəyərindən qat-qat ucuz hesablandı. Hər halda banklara inam və etibarın yaranması üçün uzun müddət lazım oldu. Indi baş verən proseslər banklara olan inamı sarsıda, ikinci “əmanət itkisi” yaşana bilərmi?

- Təbii ki, banklara əmanət qoyulması ilə bağlı əhalinin çox acı təcrübəsi var. Bank sektorunda azacıq gərginlik yaranan kimi keçmişi xatırlayırlar, ehtiyatlı davranmağa çalışırlar. Bir sözlə, bank sektoruna həssaslıq qalır. Ancaq hesab etmirəm ki, ötən əsrin 90-cı illərindəki kritik vəziyyət təkrarlanacaq. Diqqət yetirsək, görərik ki, manatın devalvasiyasından sonra əmanətçilər manatla olan depozitlərini dollara çevirdilər, nəinki bankdan geri çəkdilər. Bank sektoruna etibarı həm də əmanətlərin sığortalanması möhkəmləndirib. Bu inamı daha da möhkəmləndirmək üçün, fikrimcə, hökumət əmanətin sığortalanan hissəsini 30 min manatdan 50 min manata qaldırmalıdır ki, adamlar banklara daha çox vəsait yatırsınlar. ​

XS
SM
MD
LG