Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 08:42

Ən azı 4 milyarda başa gələn Avropa Oyunları


2012-ci il London Olimpiyada Oyunlarında iştirak edən Azərbaycan idmançılar
2012-ci il London Olimpiyada Oyunlarında iştirak edən Azərbaycan idmançılar

-

Bu il ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları Azərbaycana milyardlara başa gəlir. Hərçənd hökumət bunu etiraf etmək istəmir. Avropa Əməliyyat Komitəsinin baş icraçı direktoru, gənclər və idman naziri Azad Rəhimov bu ilin yanvarında «Apasport»a deyib ki, Avropa və digər yarışlar üçün büdcə xərcləri 2 hissəyə bölünür:

«Dövlətin 2018-ci ilə kimi təsdiq olunan investisiya proqramı var. Bura bütün sahələrlə yanaşı, idman da daxildir. İkinci büdcə Bakı-2015-in əməliyyat büdcəsidir ki, bu oyunlar üçün işləyənlərin maaşı, qurğular, hesablama sistemləri, həmçinin müvəqqəti qurğular, kommunikasiya-PR işləri nəzərdə tutulur. Bütün bunlara 950 milyon manat ayrılıb, hazırda bu vəsaitin 300 milyondan çoxu xərclənib. İnvestisiyanın digər hissəsi 68 min nəfərlik stadion, su hovuz kompleksi, atıcılıq stendinin yenidən qurulması işləridir, 300 metrlik optika məsafədən atış kompleksi olacaq. Tiflis prospektində və bulvarda əl oyunları kompleksi də təmir edilir».

Ancaq iqtisadi təhlilçi Zöhrab İsmayılın təqdim etdiyi rəqəmlər fərqli mənzərə yaradır. 68 minlik stadiona, su hovuzu kompleksinə, atıcılıq stendinin qurulmasına, bəzi idman komplekslərinin təmirinə və təşkilati hazırlıq xərclərinə və sairə üst-üstə 4 milyard manata yaxın vəsait ayrılıb. Özü də söhbət məhz Avropa Oyunlarının keçirilməsi üçün idman infrastrukturuna qoyulan birbaşa xərclərdən və əməliyyat büdcəsindən gedir. İqtisadi təhlilçi bu zaman rəsmi rəqəmlərə əsaslandığını deyir.

Zöhrab İsmayıl (Foto: Azad Fikir Universiteti)
Zöhrab İsmayıl (Foto: Azad Fikir Universiteti)

Onun sözlərinə görə, təkcə 2013-cü ilin dövlət büdcəsindən 345.9 milyon manat Avropa Oyunları üçün tələb olunan infrastruktura xərclənib. Və bu da Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasna dair hesabatda öz əksini tapıb. (Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrasna dair Hesabat).

Növbəti ildəsə bu məqsədlə ayrılmış vəsaitlərin 872 milyon manatı Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 398s saylı sərəncamı ilə yarışların keçirilməsi üçün tikilən və təmir olunan obyektlər üzrə bölüşdürülüb.

İqtisadi təhlilçi bugünlərdə istismara verilən, açılış və bağlanış tədbirlərinin keçirləcəyi Bakı Olimpiya Stadionunun tikintisinə Azərbaycan büdcəsindən 2014-cü ildə 280 milyon manat ayrıldığını bildirir. Ancaq Olimpiya Stadionunun dəyərinin 640 milyon dollar (vəya 500 milyon manat) elan edildiyini nəzərə alsaq, deməli, qalan vəsait də dövlət büdcəsindən ayrılıb. Əslində isə layihə reallaşdırılmağa başlayanda stadionun tamamilə ARDNŞ-in vəsaitləri hesabına tikiləcəyi bildirilirdi. Ancaq sonra ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev layihənin dövlət büdcəsindən maliyyələşəcəyini bildirib.

Azərbaycan prezidentinin 19 dekabr 2013-ü il tarixli “2014-cü il dövlət büdcəsi haqqında” Qanunun tətbiqi barədə fərmanında deyilir:

Arxiv fotosu
Arxiv fotosu

«2.11.2.2. Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi üçün idman infrastruktrlarıın yaradılması, hazırlıq və digər təşkilatı işlərlə bağlı xərclərə 1 milyard manat ayrılsın».

Bəs həmin 1 milyard manat nələrə xərclənib? Qeyd etdiyimiz kimi, bu məbləğin 872 milyon manatı 2014-cü ilin dövlət büdcəsində dövlət investisiyalarının sifarişçi təşkilatlar və obyektlər üzrə dövlət sifarişi kimi bölgüsündə öz əksini tapıb. (Mənbə: Nazirlər Kabinetinin 30 dekabr 2014-cü il tarixli 398s saylı sərəncamı).

Avropa Oyunlarının təşkili üçün 2014-cü ildə dövlət büdcəsindən idman infrastrukturuna ayrılmış vəsaitləri təqdim edirik:

Avropa oyunları parkının tikintisi (Su polosu, çimərlik voleybolu, çimərlik futbolu, 3x3 basketbol meydançaları) - 150 milyon manat

Stend atıcılığı üzrə kompleks sökülərək yenidən qurulması – 70 milyon

Bakıda Su İdman sarayının layihələndirilməsi və tikintisi - 190 milyon manat

Gimnastika kompleksinin tikintisi - 79,739 milyon manat

Kamandan oxatma üzrə yarışların təşkili üçün T.Bəhramov adına stationda müvəqqəti qurğuların tikintisi - 7,6 milyon manat

Boks, qılıncoynatma, taekvando, karate və voleybol yarışlarının təşkili üçün Bakı Cristall Hallda arakəsmələrin və müvəqqəti qurğularla təchizatı - 9,5 milyon manat

Mingəçevirdə kanoe idman yarışları üçün "Kür" olimpiya idman tədris mərkəzində əlavə işlərin yerinə yetirilməsi - 9.5 milyon manat

BMX - Velosipedi və dağ velosipedi yarışları üçün veloparkların tikintisi - 4.75 milyon manat

Heydər Əliyev adına idman-konsert kompleksinin yenidən əsaslı təmiri - 36,7 milyon manat

Əl Oyunları Sarayınınəsaslı təmiri - 27 milyon manat

Bakı Olimpiya Stadionu – 280 milyon manat

Yeri gəlmişkən, yarışların keçiriləcəyi ünvanlardan biri Heydər Əliyev adına idman-konsert salonu «Avrovizion» Mahnı Müsabiqəsi ərəfəsində əsaslı təmir edilmişdi. Ancaq cədvəldən göründüyü kimi kompleks Avropa Oyunlarına görə bir daha əsaslı təmirə bağlanıb. Bu təmirə isə 2014-cü ildə 36 milyon manat ayrılıb.

BU İL AVROPA OYUNLARINA 2,3 MİLYARD MANAT XƏRCLƏNƏCƏK

Zöhrab İsmayıl Avropa Oyunlarına 2015-ci ilin büdcəsindən 1,336 milyard manat investisiya xərcləri ayrıldığını bildirir: «Bu vəsait büdcədə əsaslı vəsait qoyuluşları (investisiya xərcləri) bölməsi üzrə idman infrastrukturunun qurulması, təşkilati və hazırlıq işləri adı altında ayrılıb və bu da 2015-ci ili dövlət büdcəsinin təqdimatında öz əksini tapıb».

Azad Rəhimov
Azad Rəhimov

Daha bir rəqəm: Avropa Oyunlarının əməliyyat büdcəsi 950 milyon manat nəzərdə tutulub. Həmin vəsaitə Avropa Oyunlarının açılışı, bağlanması, medallar, qarşılama, idmançıların xərcləri və başqa şeylər daxildir. Bu məlumatı isə nazir Azad Rəhimov müsahibələrində dəfələrlə səsləndirib.

Avropa Oyunlarının Təşkilat Komitəsinin üzvü Simon Cleqq isə yaxınlarda deyib: “Biz məsrəf və xərcləri rasionallaşdırmalı idik. Ona görə də layihənin büdcəsində dəyişikliklər etmək lazım gəldi. Azərbaycan tarixdə ilk dəfə olaraq bu ilin iyun ayında Bakıda keçiriləcək I Avropa Oyunlarının keçirilməsinə təxminən 1 milyard avro vəsait xərcləməyi nəzərdə tutmuşdu. Bu möhtəşəm idman yarışının başlanmasına 100 gün qalmış isə təşkilatçılar xəbər veriblər ki, onlar neft böhranı ucbatından bəzi “maliyyə düzəlişləri” eləməli olacaqlar. İndi bu yarışa yalnız 975 milyon avro ayıra biləcəklər”.

Yeri gəlmişkən, Azərbaycan Avropa Oyunlarına 49 ölkədən qatılacaq bütün idmançıların xərcini də boynuna götürüb. Bunu Təşkilat Komitəsi rəsmi şəkildə bəyan edib.

DOLAYI XƏRCLƏR NƏ QƏDƏRDİR?

Azərbaycan hökuməti Avropa Oyunları ərəfəsində təkcə idmançılara və ya idman infrastrukuruna pul xərcləmir. Büdcədən həm də paytaxt yollarının, bəzi obyektlərin abadlaşdırılmasına və işıqlandırılmasına, Bakı Olimpiya Stadionunun tikintisi zamanı ətrafdakı evlərin sökülməsinə, sakinlərin köçürülməsinə, ora əlavə yolların və mühəndis xəttlərinin çəkilməsinə də yetərincə vəsait xərcləyib. Bütün bunları hesablayanda Avropa Oyunlarının Azərbaycan büdcədinə çox baha başa gəldiyi üzə çıxır.

Bəs bu qədər vəsaitə nələr etmək olardı? İqtisadi təhlilçi Zöhrab İsmayıl deyir: «Mən düşünürəm ki, bu vəsaitə Azərbaycanın Gəncə, Lənkaran, Mingəçevir, Şəki və Şirvan kimi əsas şəhərlərinin bir çox infrastruktur problemlərini tam həll etmək olardı...»

Və ya başqa bir misal. Zöhrab İamayıl yada salır ki, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin1768 kilometrlik tikintisi 10 il öncə 3.7 mlrd dollara başa gəlmişdi.

Sizcə, 4 milyarda manata nələri həll etmək mümkün idi?

XS
SM
MD
LG