Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

Bakıdakı bəzi mağazalarda ərazaq qıtlığı var- [fotolar]


Bakıdakı marketlərdən birisi
Bakıdakı marketlərdən birisi

-
Bakıda kiçik marketlərə girən kimi bomboş vitrinlər diqqət çəkir, gündəlik tələbat mallarından bir çörək var, bir də meyvə-tərəvəz. Qalan məhsulların da ya vaxtı çıxmaqdadır, ya da alıcının bəyənmədiyi şirkətin məhsuludur. Elə supermarketlərdə də bəzi bölmələrdə «qıtlıq» gözə girir, çeşidlər azalıb.

«ŞİRKƏTLƏR MAL GƏTİRMİR​»​

Düşünmək olar ki, bayramqabağı hamı yaxşıca alış-veriş edib, ya da çoxu bölgədə, xaricdə istirahətdədir deyə, marketlərə gedib-gələn yoxdur. Bu üzdən də marketlər bayram günlərində mal vurmağa tələsmirlər. Ancaq satıcılar elə demirlər. Onların sözlərinə görə, alıcı var, sadəcə, şirkətlər bayram günlərində marketlərə mal gətirmirlər. Səbəb? «Onlar bayramdan sonra qiyməti artırmağa hazırlaşırlar» söyləyir satıcılar.

Əhmədli qəsəbəsində balaca bir dükana giririk. Dükanın sahibi deyir: «Bazarda malvuran əsas iki şirkətdir: «Azərsun» və «Veysəloğlu». «Veysəloğlu» bir həftədir mal gətirmir. «Azərsun» da çox zəif mal gətirir, necə deyərlər «xala xətrin qalmasın». Ona görə də kasadlıqdır. Biz də gözləyirik. Biz də alverdən qalmışıq».

Bu dəfə supermarketə giririk. Malların üzərində qiymət artımı göstərilməsə də, kassada müştəri sürprizlə qarşılaşır. Mağaza artıq «Westgold» kərə yağlarının, bəzi duru yağının, çayların, şirniyyatların qiymətini artırıb. Hətta «Kinder» şokoladının qiyməti də fərqlidir. Alıcılar malın üstündəki qiymətlə kassadakı qiymət arasındakı fərqi sual edəndə, onlara konkret cavab verilmir:

«Bayramdan sonra yeni qiymətləri yazacağıq», «Yadımızdan çıxıb» ya da sadəcə susaraq çiyinlərini çəkirlər.

Alıcıların «filan məhsul niyə yoxdur?» sualına da elə «bayramdan sonra olacaq» cavabı verilir.

«VEYSƏLOĞLU»​: «QİYMƏT ARTIRILMAYACAQ»​

Bazarı diş məcunundan, konservləşdirilmiş tərəvəzlərə, ağartı məhsullarına, uşaq qidasına, şirniyyata qədər çeşidli malla təmin edən «Veysəloğlu» şirkətlər qrupunun maliyyə meneceri İlqar Nuri AzadlıqRadiosuna deyir ki, bazarda gedən söhbətin, yəni onların marketlərə mal verməməsi haqda deyilənlərin əsası yoxdur:

«Biz ilk gündən demişik ki, qiymət artırılmayacaq. İki cür qiymət artımı var. Bir var təbiidir, istehsalçı ya da daşıma şirkəti qiyməti artırır və biz də malın maya dəyəri artdığı üçün məcburən qiyməti qaldırırıq. Ancaq bir də var süni şəkildə...»

İlqar Nuridən soruşuruq ki, yerli istehsalçı «Azərsun» belə qiymətləri yavaş-yavaş artıracağını, buna məcbur olduğunu deyir. Bəs 100-dən artıq fabrikin malını Azərbaycana çatdıran «Veysəloğlu», özlərinin dediyi kimi, «təbii qiymət artımına gedəcəkmi?» sualına İlqar Nuri eyni cavabı verir:

«Qiymət artımı gözlənilmir! Düzdür, bizim ticarətimiz xarici valyuta ilə gerçəkləşir. Bu da bəzi çətinliklər yaradır. Amma biz də ölkədəki durumu nəzərə alırıq. Şirkət var gücü ilə çalışır».

«Azərsun» Holding-in Müşahidə Şurasının sədri Əbdülbari Gözəl martın 24-də jurnalistlərə demişdi ki, istehsal etdikləri yerli məhsulların qiyməti 15-17 faiz bahalaşacaq: «Əgər, devalvasiya 35 faiz olubsa, bu bizə təxminən 20 faiz təsir göstərir. Bu da qiymətlərin bahalaşmasına təsirsiz qalmayacaq. Əlimizdə hələlik xammal var. Buna görə də qiymətləri qaldırmırıq hələlik. Onları əridəndən sonra yavaş-yavaş qiymətləri qaldıracağıq».

Bu günlərdə monitorinqlər aparan, qiymət artımına görə marketləri cəzalandıran İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə danışa bilmədik. Qeyri-iş günüdür. 195-2 çağrı mərkəzi də iş günlərində müraciət etməyi tövsiyə edir.

İQTİSADÇI: «QITLIQ AJİOTAJINDANSA...»​

İqtisadçı Natiq Cəfərli yaranmış bu mənzərə haqqında deyir ki, hökumət də inzibati yolla uzun müddət qiymət artımını nəzarətdə saxlaya bilməyəcəyini anlayır. Onun qənaətincə, bayramdan sonra qiymətlər tədricən artmağa başlayacaq, hökumət də buna göz yummağa məcbur qalacaq:

«Şirkətlər qiyməti artırmasalar, qıtlıq yaranacaq. Qıtlıq ajiotajı yaratmaqdansa, qiymət artımına gediləcək» deyir Natiq Cəfərli.

XS
SM
MD
LG