Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:09

«Büdcə siçovulları» aradan çıxırlar


Foto illüstrasiya
Foto illüstrasiya

-

YÜZLƏRLƏ ŞİRKƏT NİYƏ LƏĞV OLUNUR?

Vergilər Nazirliyinin mətbu orqanı «Vergilər» qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elan dərc edilib. Dövlət satınalmalarında fəal iştirak etmiş həmin şirkətlərin sanki bir mərkəzdən idarə olunurmuş kimi bir barmağın işarəsilə ləğvinə qərar verilməsi çoxlu suallar doğurur.

Turan-ın əvvəlki araşdırmaları da göstərir ki, Azərbaycanda bu tipli şirkətlər böyük neft pulları dövlət büdcəsinə axmağa başladığı zaman yaranıblar, özü də «yağışdan sonra göbələk kimi» artıblar. Həmin şirkətlər əsasən xüsusi ixtisas tələb etməyən mal, iş və xidmətlərin təchizatı üçün istifadə olunur. Sifarişçi qismində isə demək olar ki, bütün dövlət qurumları, təhsil şöbələrindən tutmuş Baş Prokurorluğadək əksər büdcə təşkilatları çıxış edir. Təəccüblüdür ki, eyni bir şirkət həm təsərrüfat mallarının və avadanlığın təchizatçısı, həm də avtomobil yolunun təmirçisi kimi xidmətlər göstərir. Və heç kəs təminat verə bilməz ki, bu satınalma müqavilələri büdcə vəsaitlərinin ciblərə axıdılması üçün gözdən pərdə asmaq funksiyası daşımır.

Dövlət büdcəsinin istifadəsinə nəzarət edən Hesablama Palatası və Maliyyə Nazirliyi, eləcə də dövlət satınalmalarının həyata keçirilməsinə nəzarət edən Satınalmalar üzrə Dövlət Agentliyi indiyədək bir dəfə də olsun bu «təsadüfləri» sezə bilməyib. Söhbət on, bəlkə də yüz milyonlarla manat dövlət vəsaitlərinin yuxarı səviyyələrdə himayə olunan mütəşəkkil dəstələr tərəfindən talan edilməsindən gedir.

BİR ADAM 106 ŞİRKƏT YARADIR

Bu ilin fevralında Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti bir neçə nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin 2011-2013-cü illərdə 1 milyon 702 min 467 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına dair məlumat yaymışdı.

Həmin məlumatda İlkin Abbasovun qısa müddətdə 106 şirkət təsis etdiyi bildirilir. Nazirliyin cinayətin izinə neçə düşdüyü açıqlanmır. Amma deyilir ki, cinayətkar dəstənin üzvlərinə qarşı ümumi məbləği 6.6 milyon manat olan mülki iddia ittiham aktı ilə təsdiqlənməsi üçün Respublika Baş Prokurorluğuna göndərilib. Nazirliyin məlumatında müqavilə öhdəliklərinin yerinə yetirilib-yetirilməməsi barədə bir kəlmə də deyilmir.

BU ŞİRKƏTLƏR KİÇİK KƏNDLƏRDƏ QURULUR

Bu şirkətlər bir qayda olaraq regionlarda, kiçik kəndlərdə yaradılır. Hansısa bir şəxs hüquqi ünvanları müxtəlif olan yüzlərlə şirkətə direktor təyin olunur. Hüquqi şəxslərin dövlət reyestrinin təqdim etdiyi kasad məlumatların təhlili göstərir ki, bu ünvanlar bir-biri ilə hörümçək toru kimi bağlıdırlar. Bir ünvanda ayrı-ayrı şəxslərin direktoru olduqları müxtəlif şirkətlər qeydə alınır. Həmin şirkətlər bağlandıqdan sonra bu ünvanlar daha neçə-neçə şirkətlər üçün qeydiyyat yeri olur. Məsələn, Bakı şəhəri, Əlimərdan bəy Topçubaşov küçəsi, ev 64, mənzil 5/6 ünvanında indiyədək müxtəlif şəxslərin (Teymur Əliyev, Elxan Ağayev, Rəşadət Məmmədov, Ağarəhim Məmmədov) direktor olduqları bir neçə yüz şirkət qeydə alınıb və hələ də qeydə alınmaqdadır.

200 ŞİRKƏTƏ BAŞÇILIQ EDƏN 30 YAŞLI AĞARƏHİM MƏMMƏDOV

Ləğv edilməsi haqda qərar verilən 200 şirkətə adı Sumqayıt şəhər Polis İdarəsi tərəfindən kriminal işlərdə hallandırılan 30 yaşlı Ağarəhim Məmmədov rəhbərlik edib. 2013-cü ilin avqustun 30-dan 2014-cü ilin aprelin 12-dək təsisçisi bizə məlum olmayan şəxs və ya şəxslər tərəfindən yaradılan bu şirkətlərin bir çoxu güman ki, tender və kotirovka sorğularında 3 iddiaçıdan ibarət süni yetərsay yaradılması üçün marionet rolunda çıxış ediblər. Ancaq aralarında «qalıblər» də az olmayıb. Satınalmalar üzrə Dövlət Agentliyinin məlumatlarına əsasən, bu şirkətlər 2013-2014-cü illərdə ölkənin bir çox şəhər və rayonlarında 124 satınalma müqaviləsi ilə 2 milyon manatdan yuxarı məbləğdə müxtəlif işlər görüblər. Maraqlıdır ki, həmin şirkətlərin bir çoxu təsis olunarkən direktorları başqa şəxslər (Rabil Sabir oğlu Əməşov və Elçin Murad oğlu Quliyev) olub. Sonradan vəzifələrini Ağarəhim Məmmədova təhvil veriblər.

İCRA BAŞÇISININ QARDAŞI 9 MİLYON MANATLIQ 564 SATINALMANIN QALİBİ OLUB

Ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu kommersiya qurumları da var. Bu şəxsin kimliyi barədə dəqiq məlumat yoxdur. Əvəzində onu bilirik ki, vaxtilə «Caspian Fish Co-Azərbaijan» MMC-yə rəhbərlik edən, indi isə Salyan rayonunun icra başçısı Tahir Kərimovun qardaşıdır. Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox - 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir.

Bu qədər tenderdə iştirak etmək və qalib gəlmək, satınalma müqavilələrini yerinə yetirmək, dövlət orqanları qarşısında mütəmadi hesabatlar vermək üçün nə qədər böyük inzibati potensiala sahib olmaq lazım gəldiyini demək artıqdır. Biz hələ ilkin maliyyə imkanları, texniki və kadr potensialını demirik.

2012-Cİ İLDƏN SONRA YARANANLAR

İşgüzar aləmdə tanınmayan Miskin İbrahim oğlu Hümbətov isə ləğv edilən daha 108 şirkətin direktorudur. Bu şirkətlərin 99%-i kommersiya qurumlarının təsisçiləri barədə məlumatların konfidensial elan edildiyi 2012-ci ildən sonra yaradılıb. Buna görə də, onun kimin maraqlarına xidmət etdiyi məlum deyil. Təkcə bir şirkətin («Olimp –SV» MMC) təsisçisinin Vüqar Qəzənfər oğlu Qəhrəmanov olduğu rəsmi sənədlərdə təsdiq olunur. Biznes bilikləri haqda məlumatımız olmasa da, rəhbərlik etdiyi şirkətlərin təxminən 2 milyon manatlıq 91 tenderdə qalib gəlməsi çox məqamlardan xəbər verir.

TENDERLƏRİN QALİBLƏRİ YOXA ÇIXIR

Tenderlərin yekunları barədə açıqlanan məlumatların təhlili göstərir ki, bir qayda olaraq dövlət satınalmalarında adı heç nə ifadə etməyən şirkətlər qalib elan olunur. Bu şirkətlərin bir çoxu növbəti illərdə iz buraxmadan itir, onların yerini isə yeniləri tutur.

Azərbaycanda tenderlərin formal xarakter daşıdığı barədə yerli KİV-lər illərdir yazırlar. O da iddia edilir ki, tender məbləğinin əhəmiyyətli hissəsi korrupsiyanın yeminə çevrilir. «Saxta şirkətlər» məhz bu münbit mühitdə əl-qol açırlar. / Turan İA /

XS
SM
MD
LG