Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:03

Qənimət Zahid: «Sahibkarların həbsini proqnozlaşdırıram»


Qənimət Zahid
Qənimət Zahid

-

«Bu ilin sonunadək iş adamlarının kütləvi həbsini gözləyirəm»

Qənimət Zahid

Qənimət Zahid kimdir?

Qənimət Zahid 1963-cü il fevralın 10-da Şamaxının Qurdtəpə kəndində anadan olub. Sumqayıt Kimya Texnologiya Texnikumu və Bakı Dövlət Universitetində təhsil alıb. 1990-cı ildən« Azadlıq» qəzetində fəaliyyətə başlayıb, bir il sonra qəzetin baş redaktoru olub.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zədə vurma ittihamları ilə 2007-ci il noyabrın 11-də həbs olunub. 4 il azadlıqdan məhrum edilib. Yerli və beynəlxalq qurumlar onu «vicdan məhbusu» hesab edib, həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirib.2010-cu il martın 17-də prezidentin əfv fərmanı ilə azadlığa çıxıb.

«Sərhədsiz Reportyorlar» beynəlxalq Juranalist təşkilatının köməyi ilə 2012-ci ildə Fransada siyasi sığınacaq alıb. Hazırda ailəsi ilə birlikdə Parisdə yaşayır. Baş redaktorluqla yanaşı həm də 2012-ci ildən efirdə olan «Azərbaycan saatı» adlı həftəlik televiziya proqramının müəllifi və aparıcısıdır.

2007-2010-cu illərin siyasi məhbusu, indi siyasi mühacir – söhbət «Azadlıq»​ qəzetinin və «​Azərbaycan saatı»​ telelayihəsinin baş redaktoru Qənimət Zahiddən gedir. Hazırda Fransada mühacir həyatı yaşayan jurnalistlə söhbəti diqqətinizə çatdırırıq:

«AZƏRBAYCANDA OLUB «​AZƏRBAYCAN SAATI»​NI ETMƏK MÜMKÜN DEYİL»​

- Jurnalist - siyasi məhbus - mühacir - bu 3 anlayışı Qənimət Zahidin timsalında təsvir edərdiz?

- Mən rəssam deyiləm axı. Bunların hamısı eyni və Azərbaycan gerçəkliyi ilə tam üst-üstə düşən rəsmdir. Belə olmalıdır. Qeyri-adi bir şey yoxdur. Üstəlik, nəzərə alsaq ki, mənim mühacirliyim - hərçənd, tam hüquqlu mühacir də deyiləm və indiki statusla sadəcə «köçkün» adlana bilərəm - zəruri bir proyektin icrası ilə bağlıdır.

- Söhbət «​Azərbaycan saatı»​ndan gedir?

- Bəli. Azərbaycanda yerləşib bunu etmək mümkün deyildi. Seymurun aqibəti də bunu göstərir.​

- İndi bu layihə ilə bağlı işlər nə yerdədir, istədiyiniz səviyyədə gedirmi?

- İstədiyim səviyyədə getmir, əlbəttə. Reallıqlar səviyyəsində gedir. İmkanlarımız olduqca məhduddur. Donor yoxdur. İanələr hesabına işləyirik. İşləyirik, deyəndə, əslində ianələrdən əmək haqqı filan yoxdur, sadəcə texniki xərclər var. Amma əsas olan budur ki, ən populyar mediya layihəsi olduğu qətidir. TV və internet üzərindən izləyənlərimizin sayı rekord göstəricidir. Biz bu layihə ilə yüz minlərlə insanı əhatə edirik. Bu istədiyimiz nəticə deyil, amma indi ən yuxarı həddir.​

«​ÖZÜMÜ AZƏRBAYCANDAN KƏNAR HİSS ETMƏYƏ İMKAN VERMİRLƏR»​

- Bəs «​Azadlıq»​ qəzetinin bugünkü durumu kənardan necə görünür? Çətinlikləri necə qarşılayırsız?

- «Azadlıq» çox ciddi çətinliklər içərisindədir və bunu hər kəs görür. Bu qəzet avtoritarizmin göz dağına çevrilib sanki. Açığı, «Azadlıq» indi sadəcə olaraq oxucuların və kollektivin fədakarlığı hesabına mövcuddur və başqa heç bir qaynaq yoxdur. Etiraf edirəm ki, oxucu fədakarlığı da istənilən bir redaksiya kollektivi üçün ən böyük motivdir. «Azadlıq» bütün çətinliklərə baxmayaraq yaşayacaq və mən buna əminəm ki, cəmiyyət onun məhv olmasına imkan verməyəcək.

- Bəs, ümumiyyətlə, Azərbaycan bu gün Fransadan necə görünür?

Gün ərzində onlarla, bəzən hətta yüzdən artıq şikayətçini dinləyirəm, yazışıram, reportajlar hazırlayıram...

- Məncə fövqəladə bir şey yoxdur. Daha doğrusu, fövqəladə bir təəssürat yoxdur. Görünən budur ki, Azərbaycanda insan haqları gündən günə daha artıq boğulur, azadlıqlar məhdudlaşdırılır, avtoritarizm korrupsiyanın fonunda daha dərinliklərə işləyir. «Gözəlağa çox gözəl idi, vurdu çiçək də çıxartdı» misalında olduğu kimi, indi manatla bağlı xəyal qırıqlığı daha da bədbin vəziyyət yaradıb. Əslində, mən özümü Azərbaycandan kənarda hiss edə bilmirəm. Buna imkan vermirlər. Gün ərzində onlarla, bəzən hətta yüzdən artıq şikayətçini dinləyirəm, yazışıram, reportajlar hazırlayıram... Mənim skype ünvanımda bilirsiz nə qədər adam var? 500 nəfərdən artıq və bunlar hər gün artır! Adamlar üzbəüz danışmaq istəyirlər və mən bundan imtina edə bilmirəm.​

- Sizcə nəyə görə hələ də insanların ümid yeri olaraq qalırsız? Uzaqda olmağınıza baxmayaraq indi də onlara yardım edə bilirsizmi?

- İnsanlar alternativ tribuna axtarırlar. Dövlət idarələri onlara yalnız problemlər yaradır. Mənimlə əlaqə saxlayanların yüzdə doxsanı dəqiq bilir ki, biz onların problemlərini həll edə bilmərik, sadəcə olaraq, işıqlandıra bilərik. Söhbət yalnız «Azərbaycan Saatı»ndan deyil, həm də «Azadlıq»dan gedir. Adamlar bunu bilirlər və problemlərinin ictimai rəyə təqdim edilməsini istəyirlər. Bu, pis deyil əslində. Cəmiyyətdə olduqca çoxsaylı ümidsiz insanlar var və onların mütləq əksəriyyəti ictimai qınaq mexanizminin hələ də işlədiyini güman edirlər. Buna da ümid etməyənlər intihar edirlər və ya intihara cəhd edirlər. Belələri isə əsasən, Fövqəladə Hallar Nazirliyinin təlimatçıları ilə söhbət edirlər.​

- Seymur Həzinin həbsi xəbərini necə qarşıladız?

- Sakit qarşıladım. Bunu mən də gözləyirdim, Seymur da gözləyirdi. Biz bilirdik ki, onu həbs edəcəklər. O buna hazır idi.​

«İŞ ADAMLARININ GENİŞMİQYASLI HƏBSİ BAŞLAYACAQ»​

- Həbslərin bu qədər geniş vüsət alması, beynəlxalq qurumlardan maliyyələşən təşkilatların qapadılması - bunların hamısı sizcə gözlənən idi? Bu sırada baş verənlərdən nəsə sizin üçün gözlənilməz oldumu?

Avropa Oyunlarından sonra iş adamlarının geniş miqyaslı həbsi başlanacaq. İndi böhrandır. Böhran sahibkarları vurmaqdadır. Amma onlar bununla razılaşmır və inzibati tələblərə müqavimət göstərirlər.

- Mənim üçün gözlənilməz heç nə yoxdur. Hətta bir qədər artığını da proqnozlaşdırıram. Avropa Oyunlarından sonra iş adamlarının geniş miqyaslı həbsi başlanacaq. İndi böhrandır. Böhran sahibkarları vurmaqdadır. Amma onlar bununla razılaşmır və inzibati tələblərə müqavimət göstərirlər. Buna görə də iş adamlarının kütləvi həbsini gözləyirəm. Yüzlərlə həbs olacaq. Əsasən orta təbəqədən olan iş adamlarının həbsi. Minlərlə sahibkarı isə qalan əmlakından məhrum edəcəklər. Bütün bunlar ilin sonan qədər baş verməlidir.

- Bəs bütün bunların olacağı təqdirdə etirazların da mümkünlüyünü proqnozlaşdırırsızmı? Bu gün qonşu Gürcüstandakı on minlərin mitinqi Azərbaycan üçün də realdırmı?

- Əgər cəmiyyət öz etiraz potensialını səfərbər etməsə, bu proseslər çox pis şəkil alacaq. Hakimiyyət, xüsusilə də neftin ucuzlaşmasından sonra böyük gəlir qaynaqlarından məhrum olmaqdadır. Doğrudur, oliqarxların qazanmaq üçün başqa mənbələri də var, amma neft böhranı, hər halda bu gəlirləri azaldır. Bunun əvəzini çıxmaq üçün «töycü yığımı» kimi bir proses başlanıb artıq. Fikir versəniz, indi idarə rəhbərləri və sahibkarlar arasında Avropa Oyunları üçün pul toplanışına başlanıb. Bu, sadəcə töycü yığımıdır və ciddi etirazlar olmasa, davam edəcək. Mən qətiyyən tərəfkeşlik etmirəm, amma hesab edirəm ki, cəmiyyət Milli Şuranın etiraz aksiyalarına çox ciddi yanaşmalıdır. Bu etiraz aksiyaları siyasi dirəniş deyil, cəmiyyətin müqavimət potensialının güzgüsüdür. Əgər etirazlar iri miqyaslı olsa, o halda cəmiyyətin istismar dozasını aşağı salmaq mümkün olacaq. Əgər belə olmasa, o halda biz böyük sosial repressiyaları yeməyə məcbur olacağıq. Milli Şuranı isə ona görə qeyd edirəm ki, indi sadəcə başqa təşəbbüs görmürəm. Başqa təşəbbüslər olsa, onları da dəstəkləmək olar və lazımdır.

«​AVROPADA AKSİYA KEÇİRMƏK NƏ HÜNƏRDİR, NƏ DƏ CƏSARƏT»​

Almaniyada Azərbaycanlı fəalların iştirak etdiyi etiraz aksiyası
Almaniyada Azərbaycanlı fəalların iştirak etdiyi etiraz aksiyası

- Bəzən burda olan ictimai fəallar mühacirətdəki bir vaxtların fəallarını qınayırlar ki, uzaqdan mübarizəyə çağırmaq asandır, çətini burda olmaqdır. Bu cür fikirlərlə yəqin sizdə qarşılaşırsız. Münasibətiniz necədir?

- Məncə o qınaqda bir ədalət var. Mühacirətimiz çox zəifdir. Pərakəndədir. Partiyalı təəssüb üzərində bölünmə dərinləşərək o həddə atıb ki, indi heç bunu partiyalı bölünmə də adlandırmaq mümkün deyil. Kimin kimdən xoşu gəlmirsə, dərhal dəhşətli qisas haqqında düşünməyə başlayır. Bizim buradakı fəalların bir çoxu həmin qisasa və küfr çağırışları ilə özlərini gündəmdə saxlayırlar. Bir də boş reklam. Ardıcıl fəaliyyət yoxdur. Ardıcıl fəaliyyət mərkəzləri də yoxdur. Bütün bunlar üzücüdür. Avropada piket keçirmək, aksiyalar təşkil etmək nə hünərdir, nə də cəsarət, nə də bir diqqəti cəlb edəcək fəaliyyət. Buralarda belə şeylərə görə təqib etmirlər. Azad coğrafiyadır. 5-10 adamın bir araya gəlib etiraz aksiyaları keçirdikdən dərhal sonra Azərbaycandakı müxalifətçiləri ittiham etməsi ironiya doğurur. Orada, Azərbaycanda olmaq, mübarizəyə davam etmək, oradakı siyasi təşkilatlanma prosesinin içində olmaq, hətta ola bilsin nisbətən daha passiv sıra nəfəri kimi olmaq buradakı qeyri-ardıcıl fəaliyyət çığırtıları ilə müqayisəyəgəlməz dərəcədə önəmlidir.

«​MƏNİM HƏBSXANADA OLMAĞIMIN KİMƏSƏ XEYRİ OLARMI?»​

- Siz Azərbaycana qayıtmağı, burda fəaliyyət göstərməyi düşünürsüzmü?

Qənimət Zahid etiraz əlaməti olaraq aclıq aksiyası edərkən (22.11.2006)
Qənimət Zahid etiraz əlaməti olaraq aclıq aksiyası edərkən (22.11.2006)

- Açığı, ora gəlmək həmişə planımda var. Bir-iki il əvvəl hətta lap yaxında təsəvvür edirdim. Cari məsələ kimi yanaşırdım ki, bu ay və ya gələn ay gedim. Amma proseslər məni bu barədə düşünməyə məcbur etdi. Azərbaycana gələn kimi orada həbs ediləcəyim şübhəsizdir. Mən həbsdən qorxmuram və səmimi danışsam, həbsxana mənim üçün bir növ, məzuniyyət yeridir. Yəni bomboş zaman, avaraçılıq həddinə qədər asudə zaman.. Bilmirəm, mənim həbsxanada olmağımın mənə və ya ümumiyyətlə kiməsə bir xeyri olarmı? Yəqin ki, olmaz. Əgər «Azərbaycan Saatı»nı məndən asılı olmayan şərtlərə bağlayıb davamiyyətini təmin edə bilsəm, əlbəttə gələrəm. Amma indiki halda, mənim həbsim bu layihənin dayanması deməkdir. Birmənalı olaraq, belədir. Buna görə də öz həbsimə qərar verə biləcəyim qədər “Azərbaycan Saatı”nın dayanmasına qərar verə bilmirəm.

- Son olaraq Azərbaycandakı həmkarlarınıza, ictimai fəallara, elə həbsdəkilərə də bir deyəcəyiniz varmı?

- Xüsusi bir sözüm yoxdur. Amma sizin yaratdığınız fürsətdən istifadə edərək, bildirmək istəyirəm ki, «Azərbaycan Saatı»nda tərəf olaraq iştirak edin. Azadlıq oturuşmuş bir sistemdir, orada hər şey daha mükəmməldir. Amma «Azərbaycan Saatı»na indi ciddi ictimai dəstək lazımdır. Bunu xahiş edərdim...

XS
SM
MD
LG