Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:47

Azərbaycan 3 milyard dolları necə itirir


Dollar
Dollar

-

«Azadlıq» qəzeti yazır ki, ötən il azərbaycanlılar xaricdə 3 milyard dollar xərcləyiblər.

«Azərbaycanlılar ötən il xaricdə 3, əcnəbi turistlər isə Azərbaycanda 2.4 milyard dollar xərcləyiblər. Rəsmi statistik rəqəmlərə görə, son altı ayda azərbaycanlıların xarici ölkələrdəki turizm xərcləri 8 dəfə artıb. Mərkəzi Bankın məlumatına görə, ötən il xaricdəki Azərbaycan rezidentlərinə 3 milyard dollar məbləğində turizm xidməti göstərilib. Bu, 2013-cü ilin göstəricisindən 4 faiz çoxdur».

Qəzet yazır ki, ölkədə turizm xidmətləri çox baha olduğundan vətəndaşlar çox vaxt dincəlməyə başqa ölkələrə gedirlər.

İqtisadçı Məhəmməd Talıblının dediyinə görə, turizm sahəsində yaranan hazırkı durumun bir neçə səbəbi var:

«Xüsusilə yerli icra hakimiyyəti orqanlarının regionlarda turizm obyektləri üzərində sərt nəzarəti, xidmət biznesi ilə məşğul olanları ögeylərə və doğmalara bölməsi, yüksək qiymət səviyyəsi və s. çoxsaylı səbəblər yerli turizm axınlarının daxilə yox, xaricə axmasına səbəb olur».

Ekspert hesab edir ki, xüsusilə devalvasiya prosesindən sonra xarici ölkəyə gedən turistlərin axınında xeyli azalmalar olacaq.

ARİF HACILI: «YAXIN AYLARDA CƏMİYYƏTDƏ FƏALLIQ ARTACAQ»

«Azərbaycan cəmiyyəti həm siyasi, həm sosial-iqtisadi, həm əmlak toxunulmazlığı baxımından güvənli ölkə deyil. Hər kəs hətta yaxın gələcəyinə görə narahatdır».

Bunu «Yeni Müsavat» qəzetinə müsahibəsində Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. Başqan Azərbaycanda, regionda gedən proseslər, siyasi qüvvələrin seçkilərə hazırlığı, Müsavatdaxili narazılıqlar və s. aktual məsələlərlə bağlı sualları cavablandırıb:

Arif Hacılı
Arif Hacılı

- Dünya güc mərkəzlərinin maraqlarının Azərbaycanda toqquşmasının əleyhinəyik. Belə toqquşmanın ön xəttinin Azərbaycandan keçməsi Azərbaycanın maraqlarına uyğun deyil. Biz qanlı toqquşmalardan yayınaraq ciddi dəyişikliklərə nail olmalıyıq. Azərbaycan cəmiyyəti toqquşmalarsız inqilabi dəyişikliklərə nail olmaq qüdrətindədir. Cəmiyyətimiz bunun üçün kifayət qədər inkişaf səviyyəsindədir. Həlledici dəyişikliklər isə qaçılmazdır.

- Bu vəziyyət parlament seçkilərinə diqqəti artıra və seçkiyə münasibətə təsir göstərə bilərmi?

- Şübhəsiz ki, həm Rusiyada, həm Ukraynada, həm də Yaxın Şərqdə baş verən hadisələr, bu hadisələrin neftin qiymətinə olan təsiri, bu hadisələrin nəticəsində dünya birliyinin Azərbaycandakı proseslərə olan maraqlarının istiqaməti seçkilər dövründə Azərbaycana olan münasibətin müəyyənləşməsində mühüm rol oynayacaq. Şübhəsiz, proseslər əgər Rusiya hakimiyyətinin zəifləməsi istiqamətində gedəcəksə, bu, Azərbaycanda demokratik proseslərin inkişafına müsbət təsir göstərəcək. Beynəlxalq birliyin keçiriləcək parlament seçkilərinə diqqəti artacaq. Ancaq seçkilərin nəticələri, Azərbaycanda gedən siyasi proseslər yalnız beynəlxalq hadisələrdən, dünyada və regionda gedən proseslərdən deyil, ilk növbədə və daha çox, cəmiyyətin öz gələcəyinə münasibətindən, dəyişiklik uğrunda mübarizəsinin miqyasından asılı olacaq.

ÖLKƏNİN DƏRMAN DƏRDİ

ANS yazır ki, paytaxtda, regionlarda, eləcə də sosial şəbəkələrdə vətəndaşlar dərman bazarında çox ciddi problemlər yaşandığını və həblər vahid qiymətə satılmadığından, ayrı-ayrı apteklərin hərəsi bir qiymət qoymasından gileylidir:

«Dərman gətirən bir neçə şirkət tabeçiliyində olan apteklərə çox ucuz həblər verir. Digər apteklər isə o dərmanları həmin şirkətlərdən, nisbətən, baha qiymətə alırlar. Nəticədə, rəqabət zamanı müstəqil apteklər sıradan çıxır. Bu isə dərman bazarındakı vəziyyəti pisləşdirir».

Siyavuş Novruzov
Siyavuş Novruzov

Qeyd olunur ki, Azərbaycanın dərman bazarında xeyli keyfiyyət parametrləri aşağı olan, istehsal yeri müəmmalı həblər mövcuddur. Tənzimlənmə mexanizmi olmasa, dərman bazarında vəziyyət daha da çətinləşəcək.

SİYAVUŞ NOVRUZOVDAN NATO PA-YA İRAD

Milli Məclisin deputatı Siyavuş Novruzov NATO Parlament Assambleyasının bəzi ölkələrə münasibətdə ikili standartdan çıxış etməsini yolverilməz hal kimi qiymətləndirib.

Siyavuş Novruzov Serbiyanın paytaxtı Belqradda NATO Parlament Assambleyasının 88-ci «Rouz-Rout» seminarında çıxış edib.

Bu barədə yap.org.az yazır.

Ukraynanın daxili işlərinə qarışması ittihamı ilə Rusiyanın NATO-nun Parlament Assambleyasının assosiativ üzvlüyündən çıxarılmasını nümunə gətirən Siyavuş Novruzov bu cür sanksiyaların Ermənistana qarşı tətbiq olunmamasını ikili standartın bariz təzahürü kimi qiymətləndirib. Azərbaycanlı deputat qeyd edib ki, NATO və bu kimi digər nüfuzlu beynəlxalq təşkilatlar ayrı-ayrı ölkələrə qarşı münasibətdə bu cür ikili standartdan imtina etməsə və qarşıduran tərəflərə fərqli münasibət göstərəcəksə, o halda münaqişələrin həlli mümkün olmayacaq.

XS
SM
MD
LG