Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:38

Neft ucuzlaşır, tələbələr yataqxanasız qalır


BDU yataqxanası - 2007
BDU yataqxanası - 2007

-

Tələbələr pulsuzluqdan, rektorlar reytinq sırasında aşağı yer tutmalarından, valideynlər əlavə pul xərcləmələrindən şikayətlənir. Universitetlərin yataqxanaları olsaydı, tələbə kirayəyə əlavə pul ödəməzdi, Azərbaycanın ali məktəbləri də reytinq sırasında daha irəlidə olardı.

Hələ 4 il əvvəl – 2011-ci ildə maliyyə naziri Samir Şərifov parlamentdə bildirmişdi ki, dövlət başçısının göstərişi ilə yataqxanaların inşasına vəsait ayrılıb və ayrılacaq. Di gəl ki, yataqxana tikməyə yer ayrılmalıdır:

«Amma mən tam əminəm ki, yaxın gə­lə­cəkdə çox güman ki, 2012-ci ildə ilk yataqxana kompleks­ləri və yaxud binaları istifadəyə verilə bilər».

YATAQXANALARIN TİKİNTİSİ YUBANIR?

Maliyyə naziri əlavə etmişdi ki, tələbə yataqxanalarında məcburi köçkünlər məskunlaşıb, onların hara və necə köçürülməsi məsələsi həll olunandan sonra tikintiyə başlanıla bilər.

2013-cü ildən Bakı Dövlət Universitetinin 3 yataqxanası sökülüb, orda məskunlaşan məcburi köçkün ailələri Masazırda yeni inşa olunan binada yerləşdirilib.

Amma azı bir ildir söküntü işləri başa çatsa da, tikintiyə başlanılmayıb. Niyəsi bəlli deyil.

4 YATAQXANA DA SÖKÜLMƏLİDİR?

BDU-nun 9 yataqxanası var. Onlardan 7-si 5 mərtəbəli, 2-si 9 mərtəbəlidir. BDU-nun Tələbə Şəhərciyinin direktoru Rza Cabbarov deyir ki, bu yataqxanalardan 3-ü sökülüb, 4-ü də sökülməlidir. 9-mərtəbəli yataqxana isə, ümumiyyətlə, sökülməyəcək.

İndi bu yataqxanalarda universitetin 30 nəfər əməkdaşı, 180 tələbə, 20 məcburi köçkün ailələri qalır. Plana görə, digər 4 yataqxana da sökülüb, yerində yeni tələbə şəhərciyinin inşasına başlanılmalı idi. Bəs, işlər niyə yubanır?

BDU-nun tələbə şəhərciyi layihəsi
BDU-nun tələbə şəhərciyi layihəsi

Rza Cabbarov bu suala cavab verə bilməyəcəyini, BDU-nun təsərrüfat işləri üzrə prorektoru ilə danışmağı tövsiyə etdi. Prorektorla gün ərzində iş telefonuna edilən zənglər cavabsız qaldı.

NEFT UCUZLAŞANDAN SONRA…

Aytən Əliyeva iki ildir Bakıda kirayədə qalır. 3 nəfər tələbə yoldaşı ilə birgə ayda 350 manat kirayə haqqı ödəyir. Aytən deyir ki, tələbələr, eləcə də müəllimlər yataqxananın tezliklə tikiləcəyindən əllərini üzüblər. Onlar neft ucuzlaşandan bəri yataqxanaların inşasının təxiri salındığını eşidiblər.

BDU-nun sökülən yataqxanalarının yerində ümumi sahəsi 32 min 450 kvadratmetr olacaq müasir tələbə şəhərciyi salınması planlaşdırılırdı. 2 min 282 otaqdan ibarət olacaq şəhərcikdə 4 min 470 tələbənin qala bilməsi üçün 17, 14 və 13-mərtəbəli binalar, kitabxana, mağaza, tibb məntəqəsi, bərbərxana, hətta fitnes zallarının da inşası gözlənilirdi.

Abel Məhərrəmov
Abel Məhərrəmov

BDU-nun rektoru Abel Məhərrəmov jurnalistlərə müsahibəsində demişdi ki, tələbə şəhərciyi 2019-cu ildə hazır olacaq. Rektor əlavə etmişdi ki, yataqxana problemi həll olunsa, universitet dünyanın ən yaxşı 300 ali təhsil müəssisəsi sırasına daxil ola bilər.

Abel Məhərrəmov yataqxana problemini dəfələrlə Milli Məclisdə də qaldırıb:

«Məni ən çox narahat edən yataqxana məsələsidir. Deyirsiniz, universitet qabağa getsin. Soruşursunuz ki, niyə bu universitet 100-ün içinə daxil olmur. Mən cavab verirəm. Bu gün dünyada 150 min universitet var. 20 min top universitet var. Onların sırasında bizim yerimiz 602-cidir. Yataqxanaya görə yüz bal ala bilmirik. Ancaq yataqxanaya görə. Deyirlər ki, universitetlər pul gətirsin. Biz buna hazırıq, ancaq bizə yataqxana verin. 15–20 min adam bizdə oxumaq istəyir, amma bir yataqxanamız yoxdur. Sokrat Proqramı, Mövlana Mübadilə Proqramı var, tələbənin mobilliyi gəlməlidir, universitetin reytinqi qalxmalıdır. Əfsuslar olsun, edə bilmirik».

Rövşən Ağayev
Rövşən Ağayev

NEFT PULLARI ÖLKƏYƏ AXAN VAXT…

İqtisadçı Rövşən Ağayevin fikrincə, Azərbaycanda ötən 10 ildə ölkəyə gələn neft gəlirləri sanki havaya sovruldu. Tələbə yataqxanaları da, əsas vəsait ayrılmalı digər sahələr kimi, yaddan çıxdı:

«10 il nəhəng neft pulları axdı ölkəmizə, yataqxanasız, kirayə künclərdə yaşamağa məhkum, aztəminatlı tələbələrimizə 3-5 tələbə kampusu tikmək məmurların yadına da düşmədi. Amma yoxsul Gürcüstanda biri 900 min dollara olmaqla 3 dənə 4-mərtəbəli tələbə yataqxanası tikilir və tezliklə istifadəyə veriləcək. Böyük neft pulları dövründə maksimum 500 milyon dollara hər dövlət universiteti üçün 3-4 belə yataqxana binası tikmək olardı».

Universitet rəhbərliyi də, tələbələr də, rəsmilər də tələbə yataqxanalarının tikilməsini zəruri sayır. Hələlik, görünən odur ki, yeganə ümid yenidən neftin bahalaşmasınadır…

XS
SM
MD
LG