Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 22:53

«Azərbaycanın gənc rəhbəri demokratiyaya doğru getmir»


Marta Brill Olkott «O, hələ də, qərarından dönə bilər»
Marta Brill Olkott «O, hələ də, qərarından dönə bilər»
Ekspertlər hesab edirlər ki, Azərbaycan və Qazaxıstan kimi neft ölkələrinin seçim imkanları getdikcə artır. Nə qədər ki, neftin qiyməti yüksəkdir, gəlirlər də artacaq. Varlandıqca, bu ölkələr beynəlxalq qaydalara etinasız yanaşmağa başlayırlar.

Lakin Vaşinqtondakı «Karneqi» Fondunun əməkdaşı, Cənubi Qafqaz və Orta Asiya məsələləri üzrə amerikalı ekspert Marta Brill Olkott deyir ki, dünya o qədər də dəyişməyib. Əgər bu neft ölkələri qlobal dünyada daha böyük təsir imkanlarına malik olmaq istəyirlərsə, onda onlar oyun qaydalarına əməl etməlidirlər. Yox, əgər onlar beynəlxalq ictimaiyyətdən heç nə istəmirlərsə, onda beynəlxalq öhdəliklərə məhəl qoymamaq da olar.


« İndilik isə, Azərbaycanın demokratik ölkə olmayacağına dair xeyli əlamətlər var. Ölkənin gənc rəhbəri var və o, demokratiyaya doğru getmir. Lakin bu o demək deyil ki, heç nə dəyişməyəcək. O, hələ də, qərarından dönə bilər»
Konkret Azərbaycana gəldikdə, Marta Olkottun fikrincə, bu ölkədə hakimiyyət bir neçə qrupun əlində cəmləşib. Bununla da perspektivdə ölkədə aparılan siyasət dövlətin beynəlxalq aləmdəki təsirini zəiflədəcək. Lakin neft amili hakimiyyətin işini asanlaşdırır. İndi çox şey Azərbaycan hökumətinin istəyindən asılıdır. Bakı rəhbərliyi özü özünə yol seçir. Əgər Azərbaycan özü üçün beynəlxalq arenada daha böyük rol oynamaq istəmirsə, bu da artıq onun öz işidir: «Azərbaycan rəhbərliyi Qərbə deyə bilər ki, siz nə istəyirdinizsə, biz onu etdik, sizə Rusiyadan yan keçən kəmər verdik, buna görə nə qədər əziyyət çəkdik. İndi isə öz istədiyimizi edəcəyik».


Birləşmiş Ştatların Azərbaycandakı siyasətindən danışan ekpert bildirir ki, Vaşinqtonun bu ölkədə ən çox önəm verdiyi sahə enerjidir. Onun sözlərinə görə, «2001-ci ilin sentyabr hadisələrindən sonra Ağ Ev dünya üzrə demokratiya məsələlərinə önəmi artırıb. Lakin Azərbaycan nümunəsində demək olar ki, Vaşinqtonun siyasəti davamlı olmadı. Vaşinqton demokratiya məsələsində Azərbaycana heç Qazaxıstan qədər təsir göstərmədi».


Marta Olkott bildirir ki, son 13 ildə Azərbaycanda hakimiyyət dəyişikliyi olmayıb: «Hakimiyyətin atadan oğula keçməsini isə keçid adlandırmaq çətindir. Bu mənada bu gün Azərbaycanda hələ də hakimiyyət böhranı yaşanır. Azərbaycanın 20 ildən sonra necə ölkə olacağını söyləmək çətindir. Bu suala ölkə liderlərinin yaxın 2-3 ildə atacağı addımlar cavab verəcək. İndilik isə, Azərbaycanın demokratik ölkə olmayacağına dair xeyli əlamətlər var. Ölkənin gənc rəhbəri var və o, demokratiyaya doğru getmir. Lakin bu o demək deyil ki, heç nə dəyişməyəcək. O, hələ də, qərarından dönə bilər».


Ekspert hesab edir ki, Azərbaycanda dəyişiklik ölkənin içindən gəlməlidir. Ölkənin açıq və demokratik cəmiyyətə doğru gedib-getməyəcəyi, bir sözlə, gələcəyi gənc nəslin və vətəndaşların seçəcəyi dəyərlərdən asılı olacaq. «Gənclərin Qərblə əlaqəsi artdıqca, Qərbdə təhsil alanların sayı çoxaldıqca, onların hökumətə təsir etmək istəyəcəyini də gözləmək olar. Cəmiyyət təpki göstərməlidir. Bu olmasa, vəziyyət dəyişməyəcək»-, deyə o, vurğulayır.


XS
SM
MD
LG