Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:53

Natiq Ədilov: «Əlimi, qolumu sallayıb çıxmamışam oralardan»


Natiq Ədilov
Natiq Ədilov

-

«Həbs, yoxsa mühacir həyatı?» – özünün dediyinə görə, belə bir seçim qarşısında AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov qalıb. İndi o, Fransadadır. Telelayihə olan «Azərbaycan saatı»nda jurnalist kimi fəaliyyətini davam etdirir, «Azadlıq» qəzetinə yazır. AzadlıqRadiosuna müsahibəsində AXCP fəalı xaricə getməyinin səbəblərindən, gələcək planlarından danışır.

- Fransaya getməyinizlə bağlı mətbuata açıqlamanızda deyirsiniz ki, iki yol var idi, ya getmək, ya da həbs olunmaq. Niyə düşünürsünüz ki, getməsəydiniz, həbs olunacaqdınız?

- Bəli, belə bir fikri yazmışam və o qüvvədə qalır. Amma bir əlavə də etmək lazımdır ki, Azərbaycanda mənim daha iki variantim var idi - ictimai-siyasi həyatdan çəkilmək, lal-kar olub adi paytaxt sakini kimi yaşamaq, yaxud silahı atıb o biri tərəfə keçib nemətlər gölündə üzmək. Bunların heç birini özümə məqbul görmədim.

- Həbs olunacağınızı düşünmək üçün əlinizdə hansı əsas var idi?

- Mənə qarşı ciddi bir plan vardı. Özü də bu, tək həbs deyildi.

- O plandan necə xəbər tutdunuz?

- Azərbaycanda müxaliffikirli insanları, çox təəssüf ki, hansısa ciddi, hüquqi əsasa görə həbsə atmırlar. Əlimizdə informasiya var idi. Bir neçə mənbədən alınan informasiya. Bu, hələ iyulun sonundan başlamışdı. Seymura da, mənə də belə xəbərlər çatırdı. Qardaşım Murad avqustun 11-də həbs edildi və ona açıqca demişdilər ki, bu, Natiqə görədir. Bu həbsə qədər də hökumət mətbuatında, xüsusən xüsusi xidmət orqanlarına bağlı nəşrlərdə mənə qarşı çirkin kampaniya başlamışdı. Seymuru (Seymur Həzi – red.) da həbs edəndə, artıq tam bəlli oldu ki, bunlar «Azərbaycan saatı»nı elə-belə buraxmaq istəmirlər. Avqustun sonu məlumatlar daha da sıxlaşdı. Bəlli oldu ki, hakimiyyət heç bir əsas olmadan mənim pasportumu dondurub. Mən izahat istədim. Bu günə qədər də onların izahatı yoxdur ki, bu, nə hoqqa idi. Mənim üstümdə heç bir istintaq hərəkəti yox, QHT yox, heç vaxt qrant almamışam, şahid deyiləm... Mən anladım ki, artıq mühasirə daralır. Həbsə düşməkdən, yenə deyirəm, əsla çəkinmirəm, qorxum yoxdur. Mən həbsi hələ sümüklərim tam bərkiməyən vaxt, 2003-cü ildə keçmiş adamam. Fikirləşdim ki, bir yerdə ki, hüquq işləmir, özümü qanunla müdafiə imkanım yox, üstəlik, bu həbs teleproqramımızın işini də xeyli axsadacaq, niyə bunlara əsir düşüm ki?!

- Gedəndə düşündünüz ki, Sizi qınayanlar da olacaq? Bu, Sizi narahat edirmi?

- Bəli, düşünürdüm və buna təbii baxıram. Ona görə də, bəlkə ilk ölkəni tərk edən adam oldum ki, heç bir sual gəlmədən özüm izahat yazdım. Bu, çox yaxşı bir şeydir ki, ictimai çəkisi olan insanlar üzərində nəzarət var. Amma müşahidələrim belədir ki, oxucular, bizi izləyənlər arayışımla qane oldu. Onlar mənim bu addımımı düzgün qiymətləndiriblər. Axı insafən götürsək, mən mühasirəni yarmışam, əlimi qolumu sallayıb çıxmamışam oralardan.

- Sizcə, uzaq məsafədən də siyasi fəal olmaq, bir müxalifətçi kimi fəaliyyət göstərmək mümkündürmü?

- Bəli, mümkündür. Amma, əlbəttə, deyirlər ki, daş düşdüyü yerdə ağırdır.

- İndi siz uzaqdan necə «ağır» olmağı planlaşdırırsınız?

- Planlarıma gəldikdə, desəm ki, mən plansız yaşayan adamlar tipinə aidəm, çox gülməli çıxmaz ki?! Mənim üzərimə düşən vəzifələrim var, onları görmək elə plan kimi bir şeydir. Məsələn, indi əsas işim «Azərbaycan saatı»nın proqramlarına öz əməyimi daha yüksək keyfiyyətdə vermək, «Azadlıq» qəzeti üçün daha yaxşı məqalələr yazmaq, dil öyrənməkdir. Bacardıqca, Azərbaycanda şərlə barışmayan insanların gur səsi olacağam.

- Etiraz aksiyalarında həmişə üzdə olan simalardan olmusunuz. İndi bu aksiyaları kənardan izləmək necə bir təəssürat yaradır?

- Etiraz aksiyaları vaxtı mənim həmişə könlüm açılır, yenə də elədir. Etiraz aksiyalarını Azərbaycan üçün çox vacib sayıram. Ən çox ona görə ki, bu, kütləvi xof mühitini dağıdan ən başlıca faktordur. Dostlarımın, əqidədaşlarımın təşkil etdiyi aksiyaları ümumi uğur kimi qiymətləndirərək fərəhlənirəm. Bəli, indi o aksiyaların təşkilatçılığında əməyim az olacaq, amma çalışacağam ki, bunu jurnalist kimi kompensasiya edim.

- Fransada oturum icazəsi almısınız?

- Xeyr, elə bir icazəyə hələ ehtiyacım yoxdur. Mənim Şengen zonası üçün keçərli olan uzunmüddətli vizam var. Bu viza mənə bir çox üstünlüklər verir, mən də çalışıram onlardan bəhrələnim.

- Öyrəşə bilmisiniz Fransa həyatına? Fransa xalqı həqiqətən də kef edirmi?

- Yox, hələ tezdir. Əsl qəriblik havasındayam. Başlıcası odur ki, dil problemi var. Özümü skafandra salınmış adam kimi hiss edirəm. Görürəm, insanların nəsə danışdığını eşidirəm, amma kontakt zəifdir və ya yoxdur. Nəsə mənə belə gəlir ki, fransızlar ya ingiliscə bilmirlər, ya da bu dildə danışmağı sevmirlər. Bu, mənə çətinlik yaradır. Ona görə də, amansızlıqla çalışıram ki, dili maksimum tez öyrənim. Nəzərə alsaq ki, Fransa dünyanın inkişaf etmiş 5-ci ölkəsidir, yəqin ki, kef edirlər. Amma həmsöhbətlərimdən öyrəndiyimə görə, onların kefinə soğan doğrayan faktlar da var. Məsələn, millətçi təmayülün burda dirçəlməyə başlaması, işsizliyin 10 faizə yaxınlaşması, xüsusən ərəb ölkələrindən, Şimali Afrikadan gələn mühacirlərin özlərini, yumsaq desəm, çox ərköyün aparması və s.

- Qayıtmaq fikriniz varmı?

- Bəli, əlbəttə.

- Qeyri-müəyyən bir vaxtda, yoxsa....

- Çalışacağam, bu mövzunu «anekdota» döndərməyim. Hələ ki burdayam. Dönəndə? özüm hamını xəbərdar edəcəyəm.

XS
SM
MD
LG