Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:53

Ərzaq məhsulları qəpik-qəpik bahalaşır


Bakıda bazar
Bakıda bazar

-

«Yeni Müsavat» qəzeti yazır ki, ərzaq məhsullarının qiyməti «qəpik-qəpik artır». Qəzetin əməkdaşları Bakının ««Yaşıl bazar»ında olub alış-verişi müşahidə ediblər: «Bazar od tutub yanır. Heç nə almamışam, artıq 14 manat pul xərcləmişəm. Mənim ətim, toyuğum rayondan gəlir. Onları da buradan alsaydım, düşünürəm ki, Bakıda təhsil alıb yaşamaq mümkünsüz olardı».

Bu sözləri «Yaşıl bazar»da alış-veriş edən tələbə Gülnar Səmədova deyir. Tələbə olduğu üçün yaxşı qidalanmalı olduğunu, lakin bu qiymətlərlə bunun mümkünsüz olduğunu deyən G.Səmədova daha çox meyvələrin bahalığından gileyləndi.

Bu tələbə qızcığaz kimi bazarda «od tutub yanan» qiymətlərdən narazılıq edən çox sayda alıcı vardı. Hamıya məlumdur ki, manatın devalvasiyasından sonra ərzaq məhsullarının qiyməti birdən-birə 30 faiz bahalaşdı. Bahalaşma isə gün keçdikcə daha da artır. Belə ki, «Yaşıl bazar»da ərzaq səbətimizin əsas tərkib hissəsini təşkil edən kartof 1 həftə əvvəl 1 manat 20 qəpik idisə, indi 1 manat 30 qəpiyə, təzə kartof isə 1 manat 50 qəpiyə satılır. 1 manata satılan soğan 20 qəpik bahalaşaraq 1 manat 20 qəpik, bəzi yerlərdə isə 1 manat 30 qəpik olub».

ƏLİYEVİN ARQUMENTİ FAKTLARLA VURULDU

«Azadlıq» qəzeti dövlət başçısı Ilham Əliyevin Azərbaycanın xarici ərzaq bazarından o qədər də asılı olmadığı ilə bağlı dediyi məqamlara ekspertlərdən rəy öyrənib.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov

Aqrar məsələlər üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, İlham Əliyevin kənd təsərrüfatı sahəsi ilə bağlı konkret rəqəmlər səsləndirməməsi onun söylədiklərinə qiymət verməyi çətinləşdirir. Vahid Məhərrəmovun dediyinə görə, dövlət başçısı ümumi olaraq kənd təsərrüfatında əvvəlki ilə nisbətən 3 faizdən çox artımın olduğunu bəyan edib. Amma aparılan araşdırmalar tam fərqli reallığı ortaya qoyur: «Kənd təsərrüfatında 3 faiz artımı olan ölkəyə əsas qida, yeyinti məhsulları idxalı bu səviyyədə artmaz. 2015-ci ilin ilk iki ayı (yanvar-fevral) ərzində əvvəlki ilin eyni dövrünə nisbətən ət idxalı 145 faiz, əsasən kəsim üçün nəzərdə tutulan diri heyvan idxalı 70 faiz, süd məhsulları 17.7 %, kərə yağı 65.5%, meyvə- tərəvəz 118.7%, buğda 111 faiz artıb».

Ekspert deyir ki, ötən il yem qıtlığı süd, ət istehsalını azaldıb: «İndi əkinçilik məhsulları da ciddi azalıb. İstixana məhsullarında da azalma müşahidə olunur. Emal üçün ölkəyə idxal olunan bitki yağı xammalı 56%, qamışdan alınan xam şəkər 40%, çay 32% azalıb. Bütün bunlar ölkədə kənd təsərrüfatında çox ciddi geriləmələrin olduğunu deməyə əsas verir».

Foto illüstrasiya
Foto illüstrasiya

MASAZIRDA 100-Ə YAXIN EV SÖKÜLƏ BİLƏR

Abşeron rayonu Masazır qəsəbəsində 100-ə yaxın ev söküləcək. Səbəb isə həmin ərazidə yeraltı qazların mövcudluğudur. Qafqazinfo saytı belə yazır: «Yerli sakinlərin verdiyi xəbərə görə, aprelin 9-da Sarı Aşıqküçəsində Elxan Aslanova məxsus fərdi yaşayış evində qaz sızması nəticəsində partlayış baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Araşdırmalar nəticəsində bəlli olub ki, partlayışa səbəb yeraltı qazdır. FHN əməkdaşları partlayan evə yaxın ərazilərdə də yoxlamalar aparıb və məlumat təsdiqlənib. Bu səbəbdən aprel ayının 11-dən qəsəbəyə qaz verilişi dayandırılıb. Həmin ərazidə yaşayan insanlara bildirilib ki, ərazi yaşayış üçün təhlükəlidir.

Sakinlər deyir ki, qazsız qalan qəsəbədə acınacaqlı durum yaranıb. Heç bir instansiyadan vətəndaşlara təbii qazın nə zaman veriləcəyi bildirilmir».

«GENERAL-MAYOR ŞƏRİF ƏSƏDULLAYEV OĞLUNU ÖZÜ POLİSƏ TƏHVİL VERİB»

«General-mayor Şərif Əsədullayev oğlunun törətdiyi hadisədən xəbər tutaraq, dərhal onu polisə gətirərək təhvil verib. Bu, düz hərəkətdir. Buna başqa nəsə əlavə etmək lazım deyil».

Tamerlan Əsədullayev
Tamerlan Əsədullayev

Bunu modern.az saytına açıqlamasında deputat Cavanşir Paşazadə bacısı oğlu Tamerlan Əsədullayevin törətdiyi olayla əlaqədar həbs olunmasına münasibət bildirərkən deyib:

«Bacımın oğlu ilə bağlı məsələ mətbuatda necə işıqlandırılıbsa,fakt odur. Mən də o qədər bilirəm, ondan artıq heç nə deyə bilmərəm. Şərif Əsədullayev oğlunu götürüb özü polis bölməsinə təhvil verib. Əlavə heç nə demək istəmirəm».

Bir neçə gün öncə Bakının Yasamal rayonundakı «Senator» restoranında DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəisi, general-mayor Şərif Əsədullayevin oğlu Tamerlan Əsədullayevin iştirakı ilə dava düşüb, bir nəfər bıçaqlanıb.

Faktla bağlı Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərərvurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Yasamal rayon Məhkəməsinin qərarı ilə adam bıçaqlamaqda təqsirli bilinən Tamerlan Əsədullayev barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Tamerlan Əsədullayev Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Milli Məclisin deputatı Cavanşır Paşazadənin bacısı oğludur.

XS
SM
MD
LG