Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:31

Yanmış 9-mərtəbənin qara üzü


Yanan bina
Yanan bina

-

Evlərinin yanmasından 4 gün keçsə də, bina sakinləri yanıb qaralmış əşyalarının arasından salamat qalanları axtarır. Bəxti gətirənlər divan, çarpayı, islanmış yorğan-döşəklərini yük maşınlarına daşıyır. Külə dönən əşyaların çoxu isə mənzillərin içindədir, yığışdırılıb atılmağını gözləyir.

«HEÇ 15 DƏQİQƏ ÇƏKMƏDİ ALOV BİNANI BÜRÜDÜ»

Zığ yolundakı 16 saylı binanın sakinləri əllərini keçəni 9-mərtəbənin dar pilləkənləri ilə üzüaşağı daşıyır. Aşağıda polis əməkdaşları dayanıb. Fəhlələr binanın yanmış hissələrini təmizləyir. Külə dönmüş üzlükləri qaşıyırlar. Buna sakinləri deyir ki, bu üzlüklər 3-4 aydır binaya çəkilmişdi.

«Baxın, həmin material budur. Yanğına heç bir davamlılığı yoxdur. Neft qalıqlarından hazırlanan materialdır. Özü də benzin kimi yanır. Güclü küləyin də təsiri çox oldu».

Özü də yanğınsöndürən olan bina sakini Qurban İsmayılov yanmış balkonunun kənarındakı üzlüyün qalığını əlində ovur:

«Çox tez alışan materialdır. Heç 15 dəqiqə çəkmədi, alov binanı bürüdü. Özü də divarla o materialın arasında 20 sm-lik məsafə var. Altdan yuxarı üfürür. Həyətdə bu materialın çoxlu qalıqları vardı. Yanğın həmin qalıqlardan başlayıb bütün binanı bürüyüb. Bu üzlüklər vurulan binalarda yanğın Buzovnada da, bir neçə yerdə də olub. Kimdir bizi eşidən? Deyirdilər «yaxşı olacaq». Ancaq heç bir təhlükəsizliyə riayət etmədilər. Təhlükəsizliyə riayət olunsaydı, bu hadisə olmazdı».

Sakinlər yanıb qaralmış əşyalarının arasından salamat qalanları axtarır.
Sakinlər yanıb qaralmış əşyalarının arasından salamat qalanları axtarır.

QONŞU BİNALAR DA ÜZLƏNİR

Binanın həyətində üzlüklər qalaq-qalaqdır. Qonşu binalarda isə həmin materialla binaların üzlənməsi davam edir.

Yolboyu bütün binalar bu materialla üzlənir. Yanğından sonra digər bina sakinlərinin də gözü qorxub. Hazırda yaşadığı bina bu materialla üzlənən Əmirulla Paşayev deyir ki, sakinlər etiraz etsələr də, onlara qulaq asan yoxdur:

«Bunun hər dəqiqəsi yanğındır. Ən tez yanan materialdır. Hacıbala Abutalıbovun müavini gəlmişdi. Dedi «vurulacaq». Hər şey özlərinindir. Yəqin satılmalıdır, işlənməlidir, yeyilməlidir».

Burada işləyən fəhlələrdən biri deyir ki, onlar tapşırığı yerinə yetirirlər:

«Təhlükəli olduğunu özləri bilir. Ancaq deyirlər «vurun»».

UCUZ, YANĞINA DAVAMSIZ...

Memar Ürfan Məmmədov deyir ki, Bakıdakı binalara vurulan üzlüklər yüngül, ucuz və tez başa gələn materialdır. Adətən televizor alanda küncləri qoruyucu ağ baloncuqlardan ibarət olan materialla bərkidilmiş olur. Artıq tikinti sektoruna girən bu material həm fasad örtükləri, həm mərtəbəarası örtüklər, həm də dam örtüyü kimi istifadə olunur.

Memar deyir ki, bu üzlüklərin yaşayış binalarında istifadəsi ziyanlıdır, çünki ilk növbədə fasad materialı yanğına qarşı davamlı olmalıdır:

Heç 15 dəqiqə çəkmədi, alov binanı bürüdü.
Heç 15 dəqiqə çəkmədi, alov binanı bürüdü.

«Yaşam, fasad üçün istifadə olunan bütün materiallar ilk növbədə laboratoriyadan keçməlidir. Ona görə laboratoriyalardan keçirilir ki, görək sabah hər hansı bir fəlakət baş verərsə, xəsarət yetirə, can ala bilərmi? Görünür ki, materiallar laboratoriya şəraitində testlərdən keçirilməyib, ona görə də belə bir hadisə baş verib. Bu, bir fəlakət idi. Belə bir hadisənin olacağı da gözlənilən idi. Çünki görülən işlər göz qabağında idi. Yüzlərlə insan xəsarət ala bilərdi. Bu, bizi sövq edir ki, bundan sonrakı addımlar barədə fikirləşək. Bu, bir işarə idi. Hansısa quruculuq işləri görülürsə, ona müəyyən məbləğ ayrılırsa, düzgün istifadəsi tələb olunur. Bundan sonra bu üzlüklərin vurulmasının qarşısı alınmalıdır. Davam edə bilməz. Davam edərsə, başqa materialla əvəz olunmalıdır. Eləsələr, inanmıram ki, oradakı sakinlər buna imkan versinlər».

«BÜTÜN RESPUBLIKANI HƏMİN ÜZLÜKLƏ ÜZLƏYİRLƏR»

Yanmış binaya vurulan üzlüyün adı poliuretandır. Maddə Türkiyədən alınır. Bakıda qəliblərdə formalar çıxarılır. Bunu həmin üzlük buraxan zavodun təsisçilərindən biri İlham Əliyev deyir. İlham Əliyev bildirir ki, bu material laboratoriyadan keçib. Özünün də keyfiyyət sertifikatları var. Yanan isə həmin material yox, taxtalar olub:

Yanmış binaya vurulan üzlüyün adı poliuretandır. Kibriti tutan kimi yanır.
Yanmış binaya vurulan üzlüyün adı poliuretandır. Kibriti tutan kimi yanır.

«Necə keyfiyyətsiz üzlük ola bilər ki, bütün respublikanı həmin üzlüklə üzləyirlər? Ona görə yandı ki, yandırıblar. Orada binanın təmiri üçün «les»lər vurulmuşdu. «Les»i yüksək mərtəbəli binalara vururlar ki, fəhlələr, mühəndislər onun üstü ilə gedib-gəlsin. Ora taxtadan döşəmə qoyublar ki, onun üstü ilə gedib-gəlsinlər. Həmin taxtanı da yandırıblar. O material özü-özünə yana bilməzdi, çünki binanın ətrafı hasara alınmışdı, orda məişət tullantısı da yox idi. Həmin gün çox güclü külək olduğu üçün iş dayandırılıb. Onu yandırıblar, istintaq orqanları bu işlə məşğuldur. Orada kameralar var. Görüntülər çıxarılıb, müstəntiqlər bu işin üzərində işləyirlər. Yanğın zamanı daş da, dəmir də yanır. Yanmayan material yoxdur. Bəlkə almaz, brilyant yanmır. Bundan başqa o malın sertifikatları var. Özü də bizim respublikanın sertifikatı deyil».

Zavod təmsilçisi deyir ki, bu işlə bağlı Türkiyədən Bakıya böyük nümayəndə heyəti gəlir. Bundan başqa, sertifikat verən müstəqil qurum nümayəndələri də məsələni araşdıracaqlar.

İlham Əliyev onu da bildirdi ki, Bakıda həmin üzlüyü «Qlobal» şirkəti və onun da təsisçisi olduğu zavod buraxır. Deyir ki, bir ilə yaxındır fəaliyyət göstərirlər. Zavodun isə adı yoxdur, hər halda təsisçi ad açıqlamaqdan imtina edir və istintaqın sonunda hər şeyin ortaya çıxacağına ümid edir.​

Bir ay üçün sakinlərə 500 manat kirayəpulu verilib.
Bir ay üçün sakinlərə 500 manat kirayəpulu verilib.

RƏSMİ QURUMLAR HEÇ NƏ BİLMƏDİKLƏRİNİ DEYİR

Bundan sonra binaların həmin üzlüklərlə üzlənməsi davam edəcəkmi?

Bakı şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfat şöbəsinin müdiri Xalid Ələkbərov dedi ki, həmin materialın bundan sonra vurulub-vurulmayacağı haqqında heç nə bilmir:

«Onu mən bilmirəm, mən onunla məşğul deyiləm».

İcra hakimiyyətinin əsaslı tikinti və təmir şöbəsinin müdiri Faiq Əliyev də bu işlərdən məlumatsız olduğunu deyir: «Onu mən bilmərəm».

Xətai rayon İcra Hakimiyyətindən isə gün ərzində AzadlıqRadiosunun telefon zənglərinə cavab verən tapılmadı. İcra hakimiyyətinin hadisə yerində olan, özünü təqdim etməyən əməkdaşı isə dedi ki, bir ay üçün sakinlərə 500 manat kirayəpulu verilib. Bina da dövlət hesabına təmir olunacaq.

XS
SM
MD
LG