Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

Zaur Baxşəliyev: müxalifətçi, ya aparıcı?


Zaur Baxşəliyev
Zaur Baxşəliyev

-

O, yardım istəyən insanın qarşısında gərəkirsə diz çökür, gözünün yaşını silir, bəzən özü belə göz yaşı tökür...

Bir sözlə Zaur tamaşaçısını ekrandan buraxmamaq üçün hər cür oynayır. Oynayır ki, reytinq və reklam gəlsin...

ŞAHNAZ

ZAUR BAXŞƏLİYEV HAQDA ÖTƏRİ QEYDLƏR

Müxalifətçi, ya aparıcı?

Düşünmək olar ki, ATV-nin aparıcısı Zaur Baxşəliyev müxalifətdən, müxalifyönlü mətbuatdan daha çox müxalifətçilik edir, daha çox iş görür, hökumətin, dövlət qurumlarının işləmədiyini, nə qədər yararsız hala düşdüyünü, vətəndaşa arxa, dəstək çıxmadığını ortaya qoymaq üçün.

Təhsilin, səhiyyənin nə qədər iflasa uğradığını, cəhalətin nə qədər irəlilədiyini, hüquqsuzluğun, qanunsuzluğun nə qədər dərinləşdiyini göstərmək üçün.

“Aramızda qalsın”a baxanda Azərbaycan insanının xırda problemlər qarşısnda nə qədər aciz qaldığını, hüquqlarından nə qədər xəbərsiz olduğunu, bəzən də bu hüquqlar uğrunda çarpışmadan məğlub olduğunu, yenildiyini açıq-aşkar görürsən.

Və bu köməksiz, kimsəsiz, ailənin, dövlətin sahib durmadığı uşaqlar, qadınlar, yaşlılar– bir sözlə yenilmişlər ordusu saman çöpündən yapışan kimi “Aramızda qalsın”a sarılır bəzən. Bir aparıcını, televiziyanı fövqəlgücə çevirməyə çalışaraq. Göz yaşı tökərək, dramlarını danışaraq yardım istəyrilər.

Normal məktəb olsa, normal təhsil verilsə 5 il, 3 il əvvəl parta arxasından duran, dar dünyagörüşlü, elementar haqq-hüquq haqqında bilgisi olmayan insanlar bir teleaparıcı qarşısında “mənə kömək edin” deyə başlanan cümlələr qurmaz, bu qədər sınmaz, əzilməz, əyilməz, haqqını-hüququnu başqa qapıda - rəsmi qurumların qapısında axtarardı.

Yaşlı qadın qocalar evinə yerləşdirilmək üçün Bilgəhə Qocalar Evinə gedərdi, Zaurun yanına gəlməzdi, evi, işi olmayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedərdi, sağalmaq istəyən pulsuz dövlət xəstəxanasının qapısını yağır edərdi, dövlətin milyonlar qoyduğu, regionlarda, paytaxtda açılan diaqnostika mərkəzləri, modern klinikalarda əlac axtarar, bəzi xəstəliklərlə bağlı pulsuz dəstək ala bilərdi, küçələrə düşən uşaqların taleyi Təhsil Nazirliyinin müəssiəsələrində həll olunardı.

Çarə tapmayanda vətəndaş polisə, məhkəməyə üz tutardı və s və ilaxır. Ancaq bu qurumların durumu da bəlli... Vətəndaş neyləsin axı? Kimə üz tutsun?

Bu qurumların normal işləməməsi Azərbaycan televiziyasını, xüsusən də Zaur Baxşəliyev kimi aparıcıları qəhrəmana, xilaskara çevirir.

O bu qədər sadə, cahil, haqqını bilməyən insanlar olmadan necə şou qura, xeyirxah, mərhəmətli, kövrək görüntüsü ilə tamaşaçının qəlbində taxt qurardı? Bəli, tamaşaçısı ona heyrandır. “Gör nə qədər adama kömək edib, nə qədər adamı müalicə etdirib, bunun nəyi pisdi? Vallah bu verilişə baxanda deyirəm sağ olsun Zaur, sağ olsun xalqımız, onun sözüylə köməksizə kömək edirlər...” Bunu Zaurun tamaşaçılarından biri deyir.

Zaur ona üz tutan, dara düşənin yaşantıları, əzabları, ağrıları üzərində bəzən günlərlə sürən anonslar verir, köpürdə-köpürdə, şişirdə-şişirdə təqdimata başlayır, onların acınacaqlı hallarını bir qədər də faciəviləşdirməklə tamaşaçısının hissləri ilə oynayır. Bəzən diqqətə, sevgiyə möhtac insanların zəif nöqtələri ilə manipulyasiya edir. O, yardım istəyən insanın qarşısında gərəkirsə diz çökür, gözünün yaşını silir, bəzən özü belə göz yaşı tökür, kimisə qınayır, məhkəmə qurur, məzəmmət edir, mühakimə edir. Sözlər kara gəlməyəndə musiqi sədaları altında susur..

Bir sözlə Zaur tamaşaçısını ekrandan buraxmamaq üçün hər cür oynayır. Oynayır ki, reytinq və reklam gəlsin. İlk baxışda bu da normaldır. Teleaparıcı reytinq və gəlir haqda düşünməsə uzun müddət televiziyada duruş gətirə bilməz. Ancaq aparıcı barı bir dəfə gerçəyin gözünə baxmazmı “sosial analitik” adlandırdığı verilişdə? Problemlərin kökünə qədər gedib irinin mənbəyini tapmağa cəhd etməzmi? “Nədən, niyə” sualları ilə cavabdehləri silkələməzmi? Onsuz da tamaşaçısı olan bir verilişdə plankanı bir qədər qaldırmağın zamanı çatmayıbmı? Bu qədər bayağılaşmağa, dayaz görünməyə nə hacət?

Deyəcəksiz, Azərbaycan teleməkanında bu mümkün deyil. O zaman bu proqramda nəyi analiz edirlər? Nə haqla proqramı analitik adlandırırlar? Analiz nə zamandan ailələri, valideynləri, övladları qınamaqdır, mühakimə etməkdir?

SUSDURULDU

Bu günlərdə “Öz aramızda”da 11-12 yaşlı bir qızdan danışılırdı. Çəlimsiz qızcığaz ailəsinə kömək etmək üçün məktəbi atıb, işləməyə başlayıb... Ekspert qismində cəlb olunanlar arasında “Təmiz dünya” Birliyinin sədri Mehriban Zeynalova da vardı. Yalnız o bu cür uşaqlarla bağlı dövlət proqramlarının olmasını önə çəkdi. O da bir cümlə deyə bildi. Vəssalam, mövzu tələsik dəyişdirildi. Sonradan nə qonaqlar, nə də aparıcı mövzuya qayıtdı. Bu verilişdə heç zaman hökumətin, bircə rəsmi qurumun ünvanına tənqidi fikir eşitməzsən. Yüngülcə, ötəri də olsa... Mümkün deyil.

QƏHRƏMAN ÖLDÜ. YAŞASINMI, ÖLSÜNMÜ YENİ QƏHRƏMAN?

Əlil doğulan bir gəncə kömək lazımdır. Əməliyyat olunmasa öləcək. Şou başlayır. Günlərlə, həftələrlə reklam gedir və lazımı məbləğ toplanıb. Zaur burda da əyləncəsindən qalmır. Həmin pulun yığılması haqda məlumatı gəncin ürəyini üzə-üzə, intizarda saxlaya-saxlaya deyir. Tamam, bu, şoudur, ancaq qarşındakı da əngəlli insandır, zatən həyəcandan ürəyi yerindən qopur, bunu televiziya qarşısındakı tamaşaçı belə duyur, iki addımlıqda sən duymursanmı?.. O, əziyyətlərdən qurtulmağa gəlib, sən ona daha iki dəqiqə artıq əziyyət yaşatmaqda israrlısan?..

Zatən bu əməliyyatdan az sonra gənc həyata vida deyir. Verilişboyu - iki saat Vüsaldan danışırlar, həkimlər də, aparıcı da bunun riskli əməliyyat olduğunu, 90 faiz şansın ondan yana olmadığını əvvəlcədən söylədiklərini dönə-dönə vurğulayırlar. Bu zalda Vüsal kimi əlil gənc qızlar da əyləşib, Zaurdan kömək istəməyə gəliblər.

Aparıcı onlardan qorxub-qorxmadıqlarını soruşur. Yarpaq kimi titrəyən qızın halı pisləşir. Ağlayır, yan otağa keçir, tərəddüdlər içində əsməcəyə düşdüyünü görürsən. Yenə həzin musiqi, yenə hıçqırtılar, göz yaşları, qucaqlaşmalar, vədvermələr... Ekran qarşısındakılar da iki göz iki çeşmədilər... Şou alındı! Bəs bu cür xəstələrə hansı mesaj verildi??? “Öləcəksizmi!” hökmü? Axı onlar bunu zatən bilirdilər. Onların ümidə, möcüzəyə ehtiyacları varıydı, ekrandan gələn mesajsa onların öləziyən ümidlərinin üstündən də xətt çəkdi...

Yaxud başqa misal. Yenə həmin gəncin – Vüsalın ailəsi efirdədir. İsrarla əməliyyat üçün yığılan pulu ailəyə vermək istəyirlər ki, ev alsın. Ailə uzun illərdir yataqxanada yaşayır, səhv etmirəmsə qaçqındırlar. Övladini itirən ana qətiyyətlə puldan imtina edir. İsrarlar, təkidlər, az qala “mən ölüm, sən ölümlər” davam edir. Yəni bir ananı başa düşmək bu qədər çətindir?..

ZAUR BAXŞƏLİYEVİN EKSPERTLƏRİ

Bir də ekspert məsələsi. Verilişə çağrılan qonaqların hamısı ucdantutma eklspert kimi təqdim olunur. Bütün sayğına və sevginə rəğmən həmin adama studiyadakı mövzu ilə bağlı ekspert demək mümkünsüz olsa belə. Bu “ekspertlər” müğənnilər, aktyorlar olur adətən. Ekspert kimdir? Bir sahə üzrə təhsil alan, informasiyası, təhsili olan, həmin sahədə püxtələşən, müəyyən təcürbə sahibidir ekspert.

Ancaq efiri zəbt edən “sənətkarlar” həm də burdadırlar. Anlaya bilmirsən, tibbi və ya ailədaxili münaqişələrlə bağlı aktyor necə ekspert ola bilər?..

GÖYDƏN YAĞAN DAŞ

Məsələn, bu qış verilişlərin birində belə anons getdi ki, filan bölgədə filankəsin evində müəyyən vaxtlarda daş tökülür. Əlbəttə, ağlıbaşında adam buna inanmazdı. O studiyada oturan hər kəsə sayğılarla deyirəm bunu. Amma axı bu absurddur, evdə daş töklüməsi...

Yaxşı, biz haqsızıq. Axı, ortada bunu sübut edəcək bircə videogörüntü də olmadı. Sadəcə kimsə daş göstərdi. Hardan götürüblər bu daşı? İndi az qala hamının evində iki-üç mobil telefon olduğu və bu mobil telefonla həm də video-foto çəkmək mümkün olduğu halda hanı sübut? Ev sahibləri gah halallılqdan danışdılar, gah evin həyətindən “meyit çıxardılar”.

İki-üç gün mövzu efirdə saqqız kimi çeynəndi. Ancaq studiyaya bircə sanballı mütəxəssis, alim dəvət edilmədi ki, durumu izah etsin, şərh versin, fikir söyləsin. Yalnız psixoloq Elnur Rüstəmov etiraz etdi, o bunun cəhalət olduğunu söylədi, buna inanmadığını bildirdi. Aparıcı dərhal müdaxilə etdi, dərhal baş verənləri müzakirə etməyin gərəkliliyi, ona şəxsən maraqlı gəlməsi haqda çıxış etdi. Ona görə də bu yöndə müzakirəni mümkün saydı. Amma kimlərlə??? Studiyada ekspert adı ilə oturdulmuş aktyor, müğənni, hüquqşünasla birgə...

Yekunlaşdırmalı olsaq. Yazıya belə başladıq. Düşünmək olar ki, ATV-nin aparıcısı Zaur Baxşəliyev müxalifətdən, müxalifyönlü mətbuatdan daha çox müxalifətçilik edir, daha çox iş görür, hökumətin, dövlət qurumlarının işləmədiyini, nə qədər yararsız hala düşdüyünü, vətəndaşa arxa, dəstək çıxmadığını ortaya qoymaq üçün. Ancaq Zaur Baxşəliyev indiki durumda evdar qadınların toyda-yasda müzakirə mövzusu olan xeyirxahdır. O xeyirxah ki, “sənə gələn mənə gəlsin” deyən yaşlı anaya elə efirdəcə “Mənə çox şey gəlir, niyə sənə gəlsin” deyə ironiya ilə gülmüşdü də...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG