Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:37

«Azərbaycan: Avropa Oyunları qabağı repressiya artır»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Bakı Avropa Oyunları yaxınlaşdıqca, vətəndaş cəmiyyəti, QHT və jurnalistlərə repressiya güclənib».

Bunu İnsan Haqları Müdafiəçilərini Müdafiə Rəsədxanası (OMCT) aprelin 21-də yaydığı hesabatda deyir. Hesabatda simvolik olaraq qanunsuz saxlanmış səkkiz insan haqları müdafiəçisinin işi götürülüb, eləcə də müstəqil səslərin susdurulmasına yönəlik bir sıra qanunvericilik dəyişiklikləri barədə detallı məlumat verilir.

Bu hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov, Leyla və Arif Yunuslar, Hilal Məmmədov, Anar Məmmədli, jurnalistlər Xədicə İsmayılova və Rauf Mirqədirovdur. Hesabatda İsveçrə səfirliyində gizləndiyi bildirilən Emin Hüseynov barəsində də ayrıca bilgi yer alıb.

«Müstəqil QHT-lərin liderlərindən çoxu həbs olunub. Onların saxlanma şəraiti yaxşı deyil, Leyla Yunus və İntiqam Əliyev kimilərinin səhhətinin pisləşməsi ciddi narahatlıq yaradır», - OMCT baş katibi Gerald Staberock deyib.

AŞIRI REPRESSİV SİYASƏT

Bu ilin yanvarında Rəsədxananın fakt-araşdırıcı missiyası Bakıda vətəndaş cəmiyyəti təşkilatları ilə görüşüb. Hakimiyyətə dəfələrlə müraciət olunsa da, nümayəndə heyətinin həbsdə olan hüquq müdafiəçiləri ilə görüşünə icazə verilməyib.

«Son iki ildə keçmiş sovet respublikalarının çoxunda aşırı repressiv siyasət qəbul olunmaqla vətəndaş cəmiyyətinə hücumlar sərtləşib. Bu siyasətə Rusiyada qəbul olunmuş qanunlar rəvac verib. Paradoksal olaraq, bu siyasətlə yanaşı, həmin ölkələr böyük tədbirlər keçirməklə beynəlxalq imiclərini yaxşılaşdırmağa çalışırlar. 2014-cü ildə Belarus Dünya Xokkey Çempionatına, Rusiya isə Soçi Qış Olimpiadasına ev sahibliyi edib. İndi eyni hal Azərbaycanda baş verir, 2015-ci ilin iyununda Avropa Oyunları keçiriləcək. Dünya ictimaiyyəti bu fürsətdən istifadə edib insan haqları pozuntuları və Azərbaycanda bu hüquqları qoruyan insanlar və təşkilatlarla bağlı narahatlığı hakimiyyətə çatdırmalıdır», - qurumun yaydığı press-relizdə deyilir.

İŞTİRAK ÜÇÜN ŞƏRT QOYULSUN

«Ümid edirik ki, Avropa Oyunlarına qatılan ölkələrin liderləri bu fürsətdən yararlanıb Azərbaycanda insan haqlarının durumunu pisləməlidir. Bu səbəbdən onlardan rəsmi şəkildə xahiş edirik ki, açılışıq mərasimində iştirakları üçün şərt qoysunlar – həbsdə olan bütün hüquq müdafiəçiləri azadlığa buraxılsın», - FIDH-in (Beynəlxalq İnsan Haqları Federasiyası) fəxri prezidenti və bu ilin yanvarında Bakıda olmuş nümayəndə heyətinin rəhbəri Souhayr Belhassen deyib.

«Rusiya ilə münasibətlər soyuduqca, Azərbaycan alternativ enerji yol xəritəsində məhəkdaşına çevrilir, ancaq bu, heç nəyi dəyişməməlidir. Beynəlxalq ictimaiyyət, özəlliklə, Avropa ölkələri möhkəm olmalıdır», - Belhassen sözlərinə əlavə edib.

REPRESSİV KURS NƏYİ GÖSTƏRİR

Qurum daha sonra bildirir ki, Azərbaycanda getdikcə daha repressiv kursun qəbulu beynəlxalq səhnədə və ölkə sərhədlərində baş verənlərin təzahürüdür. Hökumət «Ərəb baharı»nı, Rusiya və Türkiyədə böyük nümayişləri, Ukrayna hadisələrini və Dağlıq Qarabağ münaqişəsini ölkənin sabitliyinə «təhlükə» sayır. Qanunvericiliyə dəyişikliklər qeydiyyata alınmamış QHT-lərin qanuni şəkildə qrant alıb istifadəsini de-fakto mümkünsüz edir. Hakimiyyət bu dəyişikliklərdən yararlanaraq QHT rəhbərlərini təqib edib, onları maliyyə nöqsanlarında ittiham edib.

İnsan Haqları Müdafiəçilərini Müdafiə Rəsədxanası (OMCT) 1997-ci ildə FIDH və Ümumdünya İşgəncələr Əleyhinə Təşkilat tərəfindən yaradılıb. Proqramın məqsədi insan haqları müdafiəçilərinə repressiyalara müdaxilə etmək, önləmək və problemlərin həllinə çalışmaqdır.

Hakimiyyət təmsilçilər isə beynəlxalq qurumların tənqidlərini ölkəyə qarşı «qara-piar kampaniyası» sayır. «Bu gün Azərbaycanda insan hüquqlarının, demokratiyanın, söz, məlumat, sərbəst toplaşmaq azadlığının durumu heç bir dünya ölkəsindən geri qalmır». Bunu bu yaxınlarda prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyirdi. Cənab Həsənovun fikrincə, Azərbaycanda bütün hüquqlar, bütün azadlıqlar təmin olunub: «Bu cür qarayaxma kampaniyaları heç bir effekt verməyəcək».

XS
SM
MD
LG