Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:12

«McDonals»ın rəhbəri: «İcra başçısı məhkəməyə təzyiq göstərir»


Foto illüstrasiya
Foto illüstrasiya

-

«Mənim oğlum lotuluğun, avtoşluğun, azyaşlı uşağın sürücülük vəsiqəsi olmadan avtomobili idarə etməsinin qurbanı olub».

Bunu aprelin 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində «McDonalds» Azərbaycan nümayəndəliyinin sahibi Maqsud Mirzəyev deyib.

Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyevin ölüm faktına görə Səbayel rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovun oğlu 17 yaşlı İlham Əsgərli və bir «Howo» markalı yük maşınının sürücüsü mühakimə olunur. Hər iki şəxs zamindədir.

İttiham aktına görə, İlham Əsgərli sənədsiz və yüksək sürətlə idarə etdiyi «Mercedes S500» markalı avtomobili «Howo» yük maşınına çırpıb.

Hadisə ötən il sentyabrın 27-də Zığ-aeroport şosesində baş verib.

Həmin vaxt İlham Əsgərlinin sürücüsü Pərvin Fətullayev də maşında olub. Qəza nəticəsində İlham Əsgərli özü və Pərvin Fətullayev xəsarət alıb, Sənan Mirzəyev isə dünyasını dəyişib.

Məhkəmə prosesi azı 2 aydır davam edir və yekunlaşmaq üzrədir. Sonuncu məhkəmə iclasında hakim ekspertiza rəylərini elan etdi. Rəylərdən biri avtomobildəki qaz izləri, saç tükü və s. əsasında verilib. Rəydən belə anlaşılır ki, sağ ön oturacaqda aşkarlanan elementlər Sənan Mirzəyevə məxsusdur.

İlham Əsgərli, eləcə də xəsarət aldığı üçün zərərçəkmiş kimi tanınmış Pərvin Fətullayev məhkəmə iclaslarında iddia edirdilər ki, Sənan avtomobilin arxa oturacağında olub. Lakin məhkəmə prosesində dindirilən bir sıra şahidlər qəzadan sonra Sənan Mirzəyevi avtomobilin sağ ön oturacağından, Fətullayevi isə sağ arxa qapıdan çıxartdıqlarını bildiriblər.

SÜKAN ARXASINDA KİM OLUB?

Zərərçəkmiş Maqsud Mirzəyevin nümayəndəsi Afət Qazıyeva Pərvin Fətullayevdən hansı səbəbdən ziddiyyətli ifadələr verdiyini soruşdu:

- Sizin qəza zamanı harada əyləşdiyinizə dair ifadənizlə ekspert rəyi arasında ziddiyyət var. Bundan başqa, əvvəl də demişdiniz ki, guya, sükan arxasında siz olmusunuz. Niyə belə ifadələr verirsiniz?

- Bu qəzanın baş verməyində özümü günahkar saydığıma görə demişdim ki, sükan arxasında mən olmuşam.

- Ekspertizanın nəticəsindən belə məlum olur ki, sağ ön oturacaqda Sənan Mirzəyev olub...

- Yox, mən qabaqda oturmuşdum.

Zərərçəkmiş Maqsud Mirzəyev əsəbiləşdi. Məhkəmənin nəzərinə çatdırdı ki, Pərvin Fətullayev İlham Əsgərlinin əməlini ört-basdır etmək üçün yalan danışır:

«Sən İlhamı evdən götürəndə heç vaxt o, sükan arxasında oturmazdı. Ən azı, valideynləri buna icazə verməzdi. Yerdəyişmə Zığ şosesinə çıxandan sonra olub...».

İlham Əsgərlinin vəkili Bəylər Məmişov təkrar avtotexniki ekspertizanın keçirilməsi barədə vəsatət qaldırdı. Qeyd edək ki, bu iş üzrə hadisədən təxminən bir ay sonra avtotexniki ekspertiza keçirilib və verilən rəy icra başçısının oğlunun əleyhinə olub. Rəydən belə məlum olur ki, İlham Əsgərlinin idarə etdiyi avtomobil yüksək sürətlə gəlib, üstəlik, qanun yol vermədiyi halda, sağdan manevr etməklə ötməni həyata keçirmək istəyib.

SAATDA 200 KM...

Yük maşınının sürücüsü Əhliman Süleymanov da məhkəmədə ifadəsində İlham Əsgərovun manevr etməsi nəticəsində qəza baş verdiyini bildirmişdi:

«Həmin gün şirkətə məxsus üç yük maşını bir-birinin ardınca hərəkət edirdi. Mənim arxamca Nurlanın, onun arxasınca isə Ayazın sürdüyü maşın gəlirdi. Mənim qarşımda da bir «ZİL» gedirdi. Mən yolun sağı ilə 50-60 km sürətlə gedirdim. Qarşımdakı «ZİL»i keçmək üçün işıqları yandırıb, sola çıxırdım. Bu vaxt arxadan sürətlə gələn «Mercedes»in «marqat» eləyib, yol istədiyini gördüm. O qədər sürətlə gəlirdi ki, fikirləşdim ötməni çatdırmaram, ona görə yenidən «povorotnik»i sağa yandırıb sağ tərəfə keçirdim ki, ona yol verim. Həmin vaxt bu da gəlib çatıb sağımdan keçmək istəyəndə mənim maşınımın arxa sağ təkərinə çırpıldı».

Əhliman Süleymanov onu da qeyd edib ki, «Mercedes» saatda təxminən 180-200-lə hərəkət edirmiş:

«O qədər böyük sürət vardı ki, zərbədən mənim sürdüyüm 15 tonluq yük maşınını qaldırıb, yol kənarındakı dəmirləri sındırmaqla qumsallığa tulladı. «Mercedes» özü də firlandı, arxası yolun kənarındakı dirəklərin üstünə çıxıb dayandı...».

Elə İlham Əsgərli özü də ibtidai istintaq zamanı ifadəsində sağdan manevr etdiyini bildirib. Amma məhkəmədə başqa cür danışıb. Deyib ki, qarşıda yoldakı dəmirlərin kustar üsulla kəsilməsilə açılan bir torpaq yol var. «Howo» yolun solu ilə hərəkət etdiyi halda, qarşıdan sağdakı o yola dönmək istədiyinə görə bu qəza baş verib.

Lakin Əhliman Süleymanov bu haqda deyilənlərin yalan olduğunu bildirib. Qeyd edib ki, o, öz yolu ilə gedirdi və heç yerə də dönmək fikri yox idi.

Dövlət ittihamçısı da vəkilin təkrar ekspertiza rəyinin alınmasına dair vəsatəti ilə razılaşdı.

«TƏQSİRİ YÜK MAŞINININ ÜZƏRİNƏ YIXMAQ İSTƏYİRLƏR»

Lakin zərərçəkmiş Maqsud Mirzəyev və nümayəndəsi Afət Qazıyeva, eləcə də Əhliman Süleymanov və vəkili İlqar Musayev vəsatətə qəti şəkildə etiraz etdi.

«Əvvəlki rəyi şübhə altına almaq üçün heç bir əsas yoxdur. Təsəvvür edin, toqquşmadan sonra «Mercedes» havada fırlanıb, dəmir dirəyin üstündə oturub dayanırsa, deməli, burada mütləq yüksək sürət olduğunu göstərir. Onsuz da sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən İlham Əsgərli elə sürətlə getməliydi ki, hər hansı hadisə olsa, qarşısını ala bilsin. Qarşı tərəf vəsatətini əsaslandırarkən dünən burada dindirilən iki yol polisinin ifadəsinə əsaslanır. Halbuki, onlar heç özləri hadisəni görməyiblər. Suallarıma cavab olaraq, biri dedi ki, «Mercedes» qəzadan sonra üzü şəhərə tərəf dayanmışdı, o biri dedi ki, Türkan qəsəbəsinə tərəf. Belə şahidlərin ifadəsi ilə əlavə ekspertiza keçirməzlər. Biz qəti etiraz edirik», - Afət Qazıyeva bildirib.

Maqsud Mirzəyev özü də vəsatətə etiraz edib və təqsirləndirilən şəxsin atası, Səbayel rayon İcra Hakimiyyətinin başçısı Asif Ələsgərlinin məhkəməyə təzyiq göstərdiyini bildirib.

Maqsud Mirzəyev məhkəmədə deyib ki, qəzadan dərhal sonra icra başçısı öz oğlunu Türkiyəyə müalicəyə yollayıb. Ancaq o, Amerikada olduğuna görə övladı xəstəxanada baxımsız qalıb və həyatı xilas edilməyib. Oğlunun nəşini Mərdəkan xəstəxanasındakı ölüxanadan tapıblar.

Maqsud Mirzəyev oğlunun ölümündə icra başçısının oğlunu təqsirli bilir və onun sərt cəzalandırılmasını tələb edir. Hesab edir ki, məhkəmə icra başçısının oğlunun məsuliyyətini azaltmaq üçün təqsiri yük maşını sürücüsünün üzərinə yıxmaq istəyir.

XS
SM
MD
LG