Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:42

Freedom House: «Azərbaycanda mətbuat qeyri-azaddır» [infoqrafika]


Londonda Azərbaycan mətbuatına dəstək aksiyası - 2009
Londonda Azərbaycan mətbuatına dəstək aksiyası - 2009

-
Azərbaycan mətbuat azadlığına görə "qeyri-azad" ölkə hesab olunub.

Aprelin 29-da ABŞ-da mənzillənən Freedom House hüquq-müdafiə təşkilatı Mətbuat Azadlığı 2015 adlı hesabat yayıb.

AZƏRBAYCAN 188 – GÜRCÜSTAN 93-CÜ YERDƏ

199 ölkəni və ərazini əhatələyən illik hesabatda qeyd olunur ki, 2014-cü ildə dünyada mətbuat azadlığı son 10 ildə ən aşağı həddə düşüb. 2014-cü il hesabatına Krım və Somaliland əraziləri də əlavə olunub. 199 ölkə və ərazidən 63-ü (32%) "Azad", 71-i (36%) "Qismən Azad", 65-i (32%) "Qeyri-Azad" hesab olunub.

Balkanlarda, özəlliklə Qərbi Balkanda bir sıra ölkələrdə 2014-cü ildə mətbuat azadlığı pozuntularının narahatedici tendensiyası özünü göstərib.

Azərbaycan 199 ölkə içində 188-ci yerdədir. Ermənistan da "qeyri-azad"dır, 136-cı yerdə qərarlaşıb. Gürcüstan isə mətbuat azadlığına görə "qismən azad"dır, 93-cü yeri tutub.

Ukrayna "qeyri-azad" ölkədən "qismən azad"a çevrilib.

Dünyanın mətbuat azadlığına görə ən pis durumda olan 10 ölkəsi və ərazisi isə Belarus, Krım, Kuba, Ekvatorial Qvineya, Eritrea, İran, Şimali Koreya, Suriya, Türkmənistan və Özbəkistandır. Onlar 90-100 bal arası toplayıblar.

MEDİA TƏŞKİLATLARI BAĞLANIB

“Azərbaycan mətbuat azadlığını ən çox pozan ölkələr sırasındadır. Dekabrın 1-dək həbsdə 9 jurnalist var. Həmin ay ərzində hakimiyyət tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılovanı saxlayıb, ABŞ-ın maliyyələşdirdiyi Azad Avropa/AzadlıqRadiosunun Bakı bürosunda axtarış aparıb və büronu bağlayıb, radio əməkdaşlarını dindirib. Ötən il bir neçə tanınmış media təşkilatı da bağlanmağa məcbur olub”.

Hesabatda vurğulanır ki, hökumət Azərbaycanda müstəqil mediaya böyük təzyiq göstərib, hədələr, basqınlar, məhdudlaşdırıcı qanunlar və təqiblərdən istifadə edib. Jurnalistlər və bloqqerlər saxta ittihamlarla üzləşib, qanunsuz olaraq saxlanıb, ilin sonunadək azı 8 jurnalist həbsdə qalıb və Azərbaycan Avrasiyada jurnalistlərin ən çox həbsə atıldığı ölkəyə çevrilib. İqtisadi və siyasi təzyiqlər – bank hesablarının dondurulması və qorxudulma jurnalistlərin hüquqlarını dəstəkləyən çoxsaylı təşkilatların bağlanmasına gətirib. Onların içində Media Hüquqları İnstitutu və ABŞ-ın İREX təşkilatı da var.

BAL 84 İDİ, 87 OLUB

Bütün bu təzyiqlər nəticəsində Azərbaycanın balı 84-dən 87-yə düşüb, yəni geriləyib. Hesabatda vurğulanır ki, hökumət müstəqil jurnalistləri cəzalandırmaq üçün saxlama, həbs, fiziki qorxutma və şifahi qısnamadan istifadə edib. Basqınlar, özbaşına cinayət təhqiqatları isə çoxsaylı media təşkilatlarının fəaliyyətini əngəlləmək və ya bağlamaq məqsədi güdüb.

Hələlik Azərbaycan rəsmilərindən bu hesabata hər hansı reaksiya yoxdur. Amma adətən hakimiyyət təmsilçiləri ölkədə mətbuat azadlığına heç bir təzyiq göstərilmədiyini, heç kəsin yazısına görə həbsə atılmadığını, fərdlərin konkret cinayətlərə görə saxlandığını bildirirlər. Onlar Freedom House kimi beynəlxalq hüquq-müdafiə təşkilatlarının hazırladığı hesabatları, reytinqləri bir qayda olaraq rədd edir, həmin qurumları ölkəyə qarşı çirkin, qərəzli kampaniya aparmaqda günahlandırırlar.

XS
SM
MD
LG