Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:43

Asif Yusiflinin qızı: «Atam həbs olunmasaydı, xəstəliyə tutulmazdım»


Asif Yusifli
Asif Yusifli

-

«Atam ən həssas yerimdir. Mənə atamın həbsini demirdilər, gizlədirdilər, iki həftə sonra bilmişəm. Amma internetdən elə oğurlanması ilə bağlı ilk xəbərləri görən kimi halım pisləşdi. Üç gün koma vəziyyətinə düşdüm. Həbsini biləndə isə sanki havalandım».

17 yaşlı Esmira atası Asif Yusiflinin həbsindən danışır.

Asif Yusifli AXCP Ali Məclisi Rəyasət Heyətinin üzvüdür, ixtisasca hüquqşünasdır, həm də Qarabağ əlilidir. Ötən ilin noyabrında həbs olunub. Əvvəlcə mətbuatda onun oğurlanması xəbərləri yayılmışdı. Noyabrın 25-də maşında sürücünün mağazadan siqaret almasını gözləyib, sürücü qayıdanda görüb ki, o, maşında yoxdur. Telefonlarına zəng çatmayıb. Daha sonra bəlli olub ki, Asif Yusifli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindədir, dələduzluq və sənədlərin saxtalaşdırılmasında ittiham olunur. Fəridə Zülfüqarova adlı şəxsin şikayəti əsasında həbs edilib, guya onun vəsaitini mənimsəyib.

Həbsindən az öncə Asif Yusifli ayağından əməliyyat olunmuşdu, qoltuqağacında gəzirdi.

EPİLEPSİYA, ZOB AZMIŞ KİMİ BİR DƏ ŞƏKƏRLİ DİABET

İndi isə həbsxana şəraitində daha da pisləşən təkcə Asif Yusiflinin səhhəti deyil, olanlar qızı Esmiranın da sağlamlığında iz qoyub. Atasının həbsindən təxminən bir həftə sonra onun şəkərli diabet xəstəliyinə tutulduğu bəlli olub. Əvvəlki epilepsiya və zob xəstəliklərinə beləcə biri də əlavə olunub. Asif Yusiflinin həyat yoldaşı Aynurə Yusifli qızının səhhətinin günü-gündən pisləşdiyini deyir:

«Atasının saxlanması xəbərini eşidəndə, üç gün komada oldu, eləcə meyit kimi uzanıb qaldı. Bircə onu deyirdi ki, atam tutulsa, ürəyim partlayar. Aradan heç bir həftə keçmədi gördüm ki, dəhşət su içir, apardım həkimə, dedi, bir həftədir ki, şəkər tutub. Vəziyyəti indi də yaxşı deyil. Qanda şəkəri həddən artıq yüksəkdir. Artıq gözləri zəifləməyə başlayır, ayaqlarına təsir edir».

Aynurə Yusifli danışır ki, həkim qızının hər üç aydan bir qanının yuyulmasını və müalicə qəbul etməsini vacib bilir. Amma hər belə prosedur ailəyə 1000-1500 manata başa gəlir. Ailə isə bu xərcləri qarşılamaq gücündə deyil. Aynurə xanımın dediyinə görə, Asif həbs olunandan onun Qarabağ əlilliyinə görə aldıqları təqaüdü də əldə edə bilmirlər. Baxmayaraq ki, Asif Yusifli tibbi komissiyadan keçdiyini deyir, amma təqaüd aylardır ki, bank hesabına yönəldilmir.

Qan analizi
Qan analizi

«ASİF ÖZÜ DƏ HƏBSXANADA AC QALIR»

Problemlər, maddi sıxıntılar bununla da bitmir. Ailənin sonbeşiyi 11 yaşlı Toğrulun da gözləri zəif görür, təcili əməliyyata ehtiyac var. Bir yandan da həbsxana həyatı yaşayan Asif Yusiflinin xərcləri:

«İnanırsınız, Asif Yusifli özü həbsxanada acdır, yemək tapmır yeməyə. Telefon zəngləri məhdud olduğundan 3-5 dəqiqə ancaq anası ilə danışır, onda da ac olduğunu, yemək tapmadığını deyir. Anası təqaüdçü adamdır, çatdıra bilmir. Səhhəti də yaxşı deyil, təzyiq problemi var, ayağının sümüyü də əyilib, heç ayaqları üstə düz-əməlli dayana bilmir».

Aynurə Yusifli uşaqları, Asif Yusiflinin özü ilə də heç kəsin maraqlanmamasından, heç sözdə belə yardımçı olmamalarından şikayətçidir, istər partiya yoldaşlarının, istərsə də bir başqasının. O da hesab edir ki, Asif Yusifli siyasi baxışlarının qurbanı olub, ona qarşı qaldırılan ittihamlar absurddur:

«İttiham absurddur. Onu siyasi fəaliyyətinə görə həbs ediblər. Xuliqanlıq söhbəti ola bilməz, o sözü eşidəndə belə dəhşətə gəlirəm, Asifə o söz heç uyğun gəlmir, o, haqq, ədalət bilən adamdır. Ağır əməliyyat keçirib, vəziyyəti yaxşı deyildi, onu o formada tutub həbs etmək insanlığa sığmır. Heç olmasa, sağalmağını gözləyərdilər. Amma başına torba keçirib elə aparmaq dəhşətlidir».

«HEÇ OLMASA, QARABAĞ ƏLİLLİYİNƏ HÖRMƏT QOYARDILAR»

Aynurə Yusifli düşünür ki, Asif indi azadlıqda olsaydı, həm öz səhhəti, həm də qızının sağlamlığı bu həddə gəlib çıxmazdı:

Esmiranın qəbul etdiyi dərmanlar
Esmiranın qəbul etdiyi dərmanlar

«O, azadlıqda olsaydı, bunların heç biri baş verməzdi. Asif uşaqlarına çox bağlı adamdır. Asifi azadlıqda görmək və uşaqlarımın sağlamlığından başqa bir istəyim yoxdur. Heç olmasa, Asifin Qarabağ əlilliyinə hörmət edərdilər, canını Qarabağda qoyub».

«HÜQUQŞÜNAS OLACAM, AMMA ATAM KİMİ YOX»

«Atam azadlıqda olsa, bu qədər stress, əsəb keçirmərəm və səhhətim də yoluna düşər», – deyən Esmira sağlamlığı ilə bağlı problemlərə baxmayaraq, hazırda bütün enerjisini təhsilinə yönəldib. Məqsədi atası kimi hüquqşünas olmaqdır, amma:

«Mən də hüquqşünas olacağam, amma atam kimi yox. Mən məhz hüquq müstəvisində, qanunlara söykənərək fəaliyyət göstərmək istəyirəm. Siyasi baxışlarımız atamla fərqlidir. Ona görə onunla bu barədə danışmırıq. Adətən ədəbiyyatdan, tarixdən söhbət edirik».

Ailəsi may ayında gözlənən əfv siyahısında Asif Yusiflinin də adını görəcəyinə ümidlidir. Amma Asif Yusifli barədə hələ ki, məhkəmə hökmü yoxdur. Vəkili Fəxrəddin Mehtiyevin AzadlıqRadiosuna verdiyi məlumata görə, onun həbs müddəti mayın 24-dək uzadılıb, amma ortada istintaq hərəkətləri yoxdur. Zərər çəkdiyi iddia olunan şəxsə dəymiş maddi ziyan da ödənilib, Asif Yusiflinin həbsinin ev dustaqlığı ilə əvəzlənməsi barədə artıq üç dəfə vəsatət verilib. Fəxrəddin Mehtiyev deyir ki, bu günlərdə Apellyasiya Məhkəməsi dördüncü dəfə ev dustaqlığı ilə bağlı vəsatətin Nərimanov rayon Məhkəməsi tərəfindən təmin olunmamasından şikayətlərinə baxacaq.

XS
SM
MD
LG