Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 18:06

Azərbaycan-Tony Adams- «Aston Villa» üçbucağı


Tony Adams
Tony Adams

-

«Arsenal» futbol klubunun «The short fuse» saytı klubun canlı əfsanəsi Tony Adams-ın «Aston Villa» futbol klubunu alması barədə şayiələrlə Azərbaycanın bağlılığını araşdırıb. Müəllif Travis King yazır ki, Tony Adams futbol meydançasını tərk edəndən sonra da qeyri-adi və maraqlı karyera sürdürür.

TALE HEYDƏROV – TONY ADAMS İŞBİRLİYİ

«O, bir çox keçmiş oyunçular kimi istefaya çıxandan sonra üzərinə səfir rolunu götürmədi, menecmentdə əlini sınamağa qərar verdi... Bir neçə ildən sonra Azərbaycanda «Qəbələ» futbol klubunda peyda oldu. Adams cəmi beş yaşı olan bu klubu Çempionlar Liqasına aparmaq istəyirdi. O vaxt çoxları gülürdü, ancaq Adams çoxlarının bilmədiyini bilirdi. Bilirdi ki, bu klubu idarə edənin həmin ideyanı həyata keçirməyə resursu və baxışı var. O, London İqtisadiyyat Məktəbinin 25 yaşlı məzunu idi. Ailəsi ölkənin neft sərvətlərinin yarısını idarə edirdi. Tale Heydərov adlı həmin gənc «Qəbələ» üçün təkcə planlar qurmurdu, əlində neft ehtiyatlarını biznes, idman və digər iqtisadi imkanlara çevirmək fürsəti də vardı. Oxşar planlar daha öncə Qətər və Birləşmiş Ərəb Əmirliklərində həyata keçirilmişdi. Tony Adams-ın timsalında Heydərov idmana məşhur ad gətirdi», - müəllif yazır.

«O vaxt şayiələr dolaşdı ki, Heydərov Adams-a İngiltərə Premyer Liqasının meneceri qədər maaş verir, ancaq bunu təsdiqləmək mümkün olmadı, çünki Heydərov nəinki Adams-ın təyinatı, kluba investisiya və digər məsələlər barədə mediaya heç bir müsahibə vermirdi».

Müəllif daha sonra Tony Adams-ın 2011-2012-ci il mövsümü bitməmişdən «Qəbələ»ni tərk etdiyini xatırladır: «Kimsə düşünə bilərdi ki, Tony Adams-la Tale Heydərov və Azərbaycanın münasibəti burada bitdi. Ancaq bu cür düşünənlər yanılırdı».

«ASTON VİLLA» PLANI

Adams 2012-ci ilin payızında «Qəbələ»yə konsultant kimi qayıtdı. Onun konsultant işinin mahiyyəti açıqlanmırdı, ancaq deyəsən, onun məqsədi «Qəbələ FK»nı Çempionlar Liqasına çıxarmaqdan çox, Heydərovla daha böyük, möhtəşəm planlar üzərində işləməkdir.

Mayın 7-də yayılan xəbərlərə görə, Adams «Chelsea» klubunun keçmiş rəhbəri Paul Smith ilə birləşərək İngiltərənin «Aston Villa» klubunu hazırkı rəhbəri Randy Lerner-dən almaq üçün konsorsium formalaşdırmaq istəyir. Belə ki, onlar son həftələr ərzində bir neçə investisiya şirkətinə müraciət edərək 75 milyon funt-sterlinq toplamağa və «Aston Villa»ya təklif irəli sürməyə çalışırlar. Vəsaitin qalanı borc şəklində əldə olunacaq. Adams və Smith «Halo» adlı şirkət yaradaraq «Aston Villa»nı və digər aparıcı futbol klublarında kiçik səhmlər almağı planlayırlar.

Tale Heydərov
Tale Heydərov

«İndiyədək Tony Adams-ın hansısa kluba sahiblik istəməsi barədə məlumat yayılmayıb. İndi bu maraq haradan yarandı? Gəlin indi də bəzi nöqtələri birləşdirək. Tale Heydərov məsələsində olduğu kimi», - yazan müəllif Heydərovun Londonda Avropa Azərbaycanlıları Cəmiyyəti (TEAS) yaratmasından bəhs edir. Məqsəd Azərbaycanın biznes və siyasi maraqlarını Avropa icmasında möhkəmləndirmək idi. TEAS-ın Azərbaycanda «Eurovision», ilk Avropa Oyunlarının keçirilməsində rolu olub. Yazıda Heydərovun daha bir neçə tədbirlə bağlı xidmətlərindən bəhs olunur və bütün bunların da Adams, Heydərov, «Aston Villa» bağlantısına gətirib çıxardığı qeyd olunur.

GILAN HOLDING

«Bu ilin əvvəlində «Birmingham Mail» «Aston Villa»nın keçmiş ulduzu və hazırda şərhçi işləyən Andy Gray-lə klubun indiki durumu barədə müsahibə dərc edib. O, ağzından bir söz buraxıb ki, Azərbaycandan bir qrupdan kluba təklif gələ bilər. Gray həmin qrupun adını da çəkir – «Gilan Holding». «Gilan Holding»in rəhbəri də elə Tale Heydərovun atası, azərbaycanlı siyasətçi (və musiqiçi!) Kəmaləddin Heydərovdur. «Gilan Holding»in hazırda 235 biznes strukturunda payı var, onlardan biri də «Qəbələ FK»dır, bu klubun hazırda məsləhətçisi də Tony Adams-dır».

«Bütün bu bağlantılar qurulandan sonra bir neçə sualım var. Adams və Smith 150 milyon funt-sterlinqin yarısını toplamağa çalışır. Ancaq onlar həqiqətən də özəl investorlar axtarırlar, yoxsa «Gilan Holding»dəki səhmdar artıq bunu təmin edib? Tony Adams «Qəbələ FK»nı Çempionlar Liqasında irəlilətmək üçün konsultant işində nə qədər səmimidir? Yoxsa 2012-ci ildə Azərbaycana qayıtmaqda məqsədi daha uzağa gedən planlar üçün ictimai fiqur rolunu oynamaq idi?».

Müəllif yazır ki, bütün bunlar bir neçə həftəyə və ya aya aydınlaşacaq, ancaq Tony Adams-ın «Qəbələ FK»dakı vəzifəsi, «Aston Villa» ətrafındakı informasiyalarda rolu barədə daha böyük şəffaflığın təmin olunması gərəkir.

XS
SM
MD
LG