Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:53

İqtidarın «talana son» planı


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

«Yeni Müsavat» qəzeti yazır ki, iqtidar Avropa Oyunlarından sonra ölkədə irimiqyaslı antikorrupsiya planını gerçəkləşdirməyə başlayacaq:

«Bu planın yekunu olaraq isə dövlət xərclərinin azaldılması və optimallaşdırılması üçün bir neçə nazirlik və dövlət komitəsinin ləğvi, birləşdirilməsi və yenidən təşkili barədə qərarlar qəbul ediləcək. Bu prosesdə bir neçə yüksəkranqlı məmurun işdən çıxarılması və cəzalandırılması gözlənilir. Ciddi yoxlamalar və struktur islahatları korrupsiya riskinin yüksək olduğu sahələri əhatə edəcək».

Qəzetin iddiasına görə, bu sırada Nəqliyyat Nazirliyi ilə «Azərsu» ilk sırada gəlir:

«Çünki «Azərsu» ASC Nəqliyyat Nazirliyindən sonra büdcəsindən ən böyük vəsait alan qurumlardan biri, bəlkə də birincisidir. Üstəlik, bu dövlət qurumları hər il beynəlxalq maliyyə təşkilatlarından da ya kreditlər alır, ya da dəyəri milyonlarla ölçülən birgə layihələr həyata keçirirlər. Hökuməti narahat edən isə budur ki, həm yollara, həm su və kanalizasiya təchizatına ayrılan milyonlara baxmayaraq, hər iki qurumun məsul olduğu sahələrdə hələ də ciddi problemlər qalmaqdadır. Məhz bu səbəblərdən də ölkənin ən çox yeyinti olan sahələrindən birinə rəhbərlik edən Z.Məmmədovla «Azərsu» rəhbəri Qorxmaz Hüseynovun iyundan sonra postlarından kənarlaşdırılacağı gözlənilir».

Foto illüstrasiya
Foto illüstrasiya

«İŞADAMLARININ KÜTLƏVİ HƏBSİ DAVAM EDƏCƏK»

«Azadlıq» qəzeti «Beynəlxalq Bank işi»nin böyüməsindən, hökumət daxilində ciddi qarşıdurmanın yarana bilmə ehtimalından yazır:

«Beynəlxalq Bankla bağlı həbslər davam edəcək. Redaksiyamıza daxil olan məlumata görə, həbslər əsasən bankın keçmiş rəhbəri Cahangir Hacıyevə yaxın işadamlarını əhatə edəcək. Qeyd edək ki, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi artıq 70-ə yaxın iş adamını saxlayıb. Onlardan bir neçəsi barədə həbs-qətimkan tədbiri seçilib. Həbs edilənlər arasında «Azərinşaat» MMC-nin Direktorlar Şurasının rəhbəri Mehdi Əliyev, «PNN Group» şirkətinin təsisçisi Nizami Piriyev, Şəkinin keçmiş icra başçısı Murad Cabbarlı və 2000-ci illərdə məşhur olan biznesmen Əli Ansuxskinin oğlu Abdul Ansuxski də var».

Ziyafət Əsgərov
Ziyafət Əsgərov

ZİYAFƏT ƏSGƏROV: «OYUNLARI YÜKSƏK SƏVİYYƏDƏ KEÇİRMƏYİMİZ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI APARANLARA TUTARLI CAVABDIR»

«Çox təəssüflər olsun ki, ilk Avropa Oyunları ərəfəsində bəzi beynəlxalq təşkilatlar və Azərbaycanda olan bəzi qeyri-hökumət təşkilatları qarayaxma kampaniyasına qoşulublar. Təəssüf edirəm ki, bu qarayaxma kampaniyasına qoşulanlar Azərbaycanı gözdən salmaq istəyirlər. Biz bu Oyunları, bu məsuliyyəti öz üzərimizə götürmüşüksə, əslində buna görə bizə sağ ol deməlidirlər».

Bu fikirləri Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.

yap.org.az-ın yazdığına görə, Z.Əsgərov bildirib ki, Azərbaycana qarşı kampaniyalar heç vaxt öz məqsədinə çatmayacaq:

«Azərbaycan öz iqtisadi inkişafı, siyasi nüfuzu ilədünyada özünəməxsus olan yerini tutub və inanırıq ki, bu oyunlar yüksək səviyyədə keçiriləcək. Əslində, bizim bu Oyunları yüksək səviyyədə təşkil etməyimiz və onu həyata keçirməyimiz elə onlara-anti-Azərbaycan kampaniyasını başlayanlara tutarlı, layiqli cavab olacaq. Bu Oyunların Azərbaycana verəcəyi ən mühüm göstəricilərdən biri Azərbaycan xalqının öz dövlətinə inamının daha da möhkəmləndirilməsidir, Azərbaycan xalqının özünə güvənməsidir».

XS
SM
MD
LG