Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:00

Yanan binanın sakini: «Bildim ki, düşsəm, öləcəyəm, qayıtdım evə»-[video]


Yanan binanın sakini: «Bildim ki, düşsəm, öləcəyəm, qayıtdım evə»
Gözlə

No media source currently available

0:00 0:02:19 0:00

Yanan binanın sakini: «Bildim ki, düşsəm, öləcəyəm, qayıtdım evə»

-

«Mən şəxsən o binaya qayıda bilmərəm, orada yaşaya bilmərəm. Ölənlər gözümün qabağındadır».

İki gün öncə yanan 16-mərtəbəli binada zəhərlənərək xəstəxanaya yerləşdirilən Bilal Rəsulovla elə xəstəxananın həyətində söhbət edirik. Hadisə zamanı xəsarət alan digər qonşuları ilə birlikdə rentgen müayinəsinə aparılırlar. 1 saylı Kliniki Tibbi Mərkəzdə yanan binadan 12 xəstə yatır. Bəzilərinin danışmağa belə halı yoxdur, nəfəsi çətin aldıqlarından pıçıltı ilə nəsə deməyə çalışırlar.

«BİLDİM Kİ, DÜŞSƏM, ÖLƏCƏYƏM, QAYITDIM EVƏ»

Bilal Rəsulov həmin günü xatırlamağa çalışır:

«Evdə tək idim. 14-cü mərtəbədə yaşayıram. Düşmək mümkün deyildi. Kim ki, düşmək istədi, elə pilləkənlərdə öldü. 3 mərtəbə qaçdım, bildim ki, düşsəm, öləcəyəm, qayıtdım evə, bir saat ərzində su içdim, başıma su tökdüm. Fövqəladənin işçiləri xilas etdilər məni. Zəhərlənmişəm, üzlüyün buraxdığı zəhərdən zəhərlənmişəm. Çoxu elə zəhərli tüstüdən boğulub».

Xəstəxananın toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun AzadlıqRadiosuna verdiyi məlumata görə, xəstələrə qoyulan diaqnoz dəm qazı və yanma məhsulları ilə boğulmadır. Xəstələrdən 3-ü azyaşlıdır, 9 nəfər böyüklər arasında isə 4-nün vəziyyəti nisbətən ağırdır:

– 9 nəfərdən 4-nün vəziyyəti diqqəti cəlb edir, digərləri orta ağırdır, heç birinin həyatı üçün təhlükə yoxdur. Müalicə davam edir.

- Diqqəti cəlb edir, yəni?

– Vəziyyətləri arada kəskinləşə də bilir, ona görə də diqqəti cəlb edir, qalanlarının həyatı üçün təhlükə yoxdur.

Yanan binadan qızı çıxarırlar - 19 may 2015
Yanan binadan qızı çıxarırlar - 19 may 2015

Binanın yanması zamanı xəsarət alıb digər xəstəxanalara yerləşdirilən xəstələr də var. Yerli mətbuatın yazdığına görə, onların da əksəriyyətinin vəziyyəti stabildir.

«HƏR ŞEY BAŞISOYUQLUQDAN OLDU»

Qırmızı lentin əhatəsində ucalan, yanıb qaralmış binanın dörd bir yanında isə gərginlik davam edir. Yerə düzülmüş qərənfillər, şamlar, ölənlərin fotoları, ölən körpələrə ithaf oyuncaqlar, gözyaşı axıdan insanlar və daşınan hisdən qaralmış, bozarmış əşyalar….

«Fikirləşirəm ki, hər şey başısoyuqluqdan oldu. Yuxarıda oturanlar bilirdilər ki, bunlar tez yanan materialdır. Mən adi sakinəm, heç ali savadım da yoxdur, amma mən də eşitmişdim ki, bu material tez yanandır. Belədirsə, bəs niyə vururdular? İndi ha söksünlər, ölənlər qayıdacaqmı?».

Göz yaşları içində danışan bu qadın qonşuluqda yaşayanlardandır. Onun kimi bura bir çoxları gəlib, azyaşlısından, məktəblisindən tutmuş, yaşlısınadək. Kimi gətirdikləri qərənfilləri yerə düzür, kimi sadəcə gözyaşı axıdır, kimi də günahkar axtarır, rəsmiləri qınayır…

Sakinlər arasında əşyalarını daşıyanlar da var.
Sakinlər arasında əşyalarını daşıyanlar da var.

Sakinlər arasında əşyalarını daşıyanlar da var, bir kənarda oturub «daşınası heç nəyim yoxdur» deyənlər də. Bəziləri artıq dövlətin ayırdığı koteclərdə yerləşib, həmin koteclərdə yerləşmək istəməyənlər isə kirayə ev axtarırlar:

– Hələ yerləşməmişik, bu gün yerləşdirəcəklər. Pansionatda yer verilib bizə. Amma mən kirayə gedəcəyəm, çünki işim şəhərdədir.

- Kirayə pulunu ala bilmisizmi?

– Yox hələ. Deyiblər ödəyəcəklər.

«Mən pansionatda qalıram. Orda vəziyyət çox əladır. Evimsə küldür, heç nəyim yoxdur, bir yadigarım belə yoxdur evimdən».

«İKİ GÜNDÜR GƏLİN GƏTİRDİYİM EVİM KÜLDÜR»

Söhbətə göz yaşlarını saxlaya bilməyən başqa bir ortayaşlı qadın da qoşulur. Yanğından iki gün öncə evinə gəlin gətiribmiş. Dediyinə görə, evində qırmışı lentləri belə hələ açılmamış mebellərdən, cer-cehizdən bircə çöp belə qalmayıb:

Qonşuluqdakı 16-mərtəbəli binalarda üzlüklər sökülür.
Qonşuluqdakı 16-mərtəbəli binalarda üzlüklər sökülür.

«Mənim də evim küldür. Səhər oğlum dedi ki, «ana, tüstülənir bina», su tökdük, sönmədi. Alışdı yandı. Binaya bitişik aptekin damında başladı. İki gündür gəlin gətirmişdim, bütün mebelləri əriyib, hamısı. Heç nəyimiz yoxdur. İndi qızımın evindəyəm. 6 nəfərlik ailəyəm, hələ heç kim heç nə deməyib mənə, heç siyahıya da yazılmamışam. Dünən ölürdüm, təzyiqim qalxmışdı deyə, gələ bilmədim bura, təcili yardım gəlib üstümə».

EKSPERTİZA RƏYİ: YANĞINA DAVAMLI DEYİL!

Qonşuluqdakı 16-mərtəbəli eyniüzlüklü digər binalarda isə söküntü işləri başlayıb. Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun jurnalistlərə verdiyi açıqlamaya görə, həmin binaların üzlükləri ilə bağlı ekspertiza rəyi artıq hazırdır. Həmin rəydə göstərilib ki, binaların üzlükləri yanğına davamlı deyil, keyfiyyətsizdirlər.

Ətrafda eyni üzlüklə üzlənmiş onlarla bina var.
Ətrafda eyni üzlüklə üzlənmiş onlarla bina var.

Amma elə təkcə həmin ətrafda eyni üzlüklə üzlənmiş onlarla digər binalar da var. Həmin binalarda söküntünün aparıldığını müşahidə etmədik. İcra başçısı bunun səbəbini onlarla bağlı rəyin hələ hazır olmaması ilə izah etdi.

Ölkə başçısının hadisə ilə bağlı yaradılmış komissiyaya verdiyi ikigünlük vaxt isə bu gün – mayın 21-i axşam tamam olur. Bu müddət ərzində ölkədəki bütün oxşar üzlüklü binalarla bağlı araşdırılma aparılmalı, tələb olunduğu halda hamısında söküntü işləri başlanmalıdır.

O ki, qaldı faciəyə səbəb olan səbəbkarlar, bununla bağlı çoxsaylı suallar hələ ki, açıq qalır. Dövlət başçısının komissiyanın iclasında verdiyi tapşırıqlarda biri də məhz səbəbkarın tapılıb cəzalandırılmasıdır.

Binəqədidə 16-mərtəbəli bina mayın 19-da yanıb. Hadisə 15 nəfərin ölümünə, 50-dən çoxunun yaralanmasına səbəb olub. Ilkin ehtimala görə, yanğına səbəb binaya vurulmuş poliuretan üzlükdür.

XS
SM
MD
LG