Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:59

«The New York Times» Bakıdan hədiyyələrlə dönən konqresmenlərdən yazır


Bakıya səfər etmiş konqresmenlər.
Bakıya səfər etmiş konqresmenlər.

-

Mayın 25-də ABŞ-ın «The New York Times» qəzetində redaksiya heyəti adından «Bakıya səfər və havayı hədiyyələr» başlıqlı yazı dərc olunub.

SƏFƏR NƏ VAXT UTANCVERİCİ HADİSƏYƏ ÇEVRİLİR

Məqalədə Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) sponsorluğu ilə tədbirdə iştirak etmiş və bahalı hədiyyələrlə geri dönmüş konqresmenlərdən bəhs olunur. Bu faktı «The Washington Post» qəzeti Konqresin Etika Ofisinin hesabatına əsasən üzrə çıxarmışdı.

Qanunvericiliklə konqresmenlərin başqa dövlətin maliyyəsini qəbul etməsi qadağandır.

«Konqresin fakt-araşdırıcı missiyası nə vaxt utancverici hadisəyə çevrilir? Nümayəndələr Palatasının 10 üzvü və onların 32 işçisi bu sualı özlərinə verməlidirlər. Etika Ofisinin təhqiqatçıları onların iki il öncə Bakıya etdikləri səfərin bütün xərclərini gizlicə şəkildə Azərbaycanın Dövlət Neft Şirkətinin ödədiyini üzə çıxarıb. Bu, Nümayəndələr Palatasının etika qaydalarının, eləcə də federal qanunun pozulmasıdır. Qanun xarici hökumətlərin Birləşmiş Ştatların siyasətinə müdaxiləsini qadağan edir».

Konqresin Etika Ofisi üzə çıxarıb ki, konqresmenlərə Bakıda çay servizləri, ipək şərflər, xalçalar hədiyyə olunub, minlərlə dollara başa gələn otel və uçuş xərclərini SOCAR üzərinə götürüb. Texasda mənzillənən iki qeyri-kommersiya qurumu vasitəçi kimi iştirak edib, SOCAR onların hesabına 750 min dollar köçürüb ki, dövlətin rolu ört-basdır olunsun.

ETİKA KOMİTƏSİ TƏSDİQLƏDİ, ETİKA OFİSİ İFŞA ETDİ

«Səfər və onun ifşası Nümayəndələr Palatasının etika prosesinin necə işlədiyini, yaxud işləmədiyini üzə çıxarır. Konqresmenlər bildirir ki, ehtiyatlı davranıblar, Bakının dəvətnaməsini palatanın Etika Komitəsində təsdiqlədiblər».

Yazıda qeyd olunur ki, Konqresin Etika Ofisi yeddi il öncə lobbiçi Jack Abramoff-la bağlı Konqresdə qalmaqal peyda olanda yaranıb.

«Bu ofisin yaradılmasının bir səbəbi elə Etika Komitəsinin ayıq-sayıqlıqda zəif olmasıdır. Oxşar qurumun peyda olması bəzi konqresmenləri cırnatsa da, Azərbaycana xərcləri ödənən bu səfər məsələsi Etika Ofisinin dəyərini göstərdi. Etika Komitəsi səfəri təsdiqləsə də, Etika Ofisi etika qaydalarının və qanunun pozulmasını üzə çıxardı. Ofis onu da üzə çıxarıb ki, bir mərhələdə etika komitəsi bu təhqiqatı dayandırıb özü aparmaq istəyib, ancaq ofis bu xahişi rədd edib».

NÜMAYƏNDƏLƏR PALATASI ÜZƏRİNDƏ GÖZ OLMAQ

«Təhqiqatın necə bitəcəyini gözləyək. İndiliksə aydın olan odur ki, etika komitəsi konqresmenlərin səfərlərini təsdiqləməmişdən əsl sponsorları daha diqqətlə nəzərdən keçirməlidir. Eyni zamanda, Konqresin Etika Ofisi nəzarəti həyata keçirməkdə davam etməli, gözü Nümayəndələr Palatasının üzərində olmalıdır».

Həmin araşdırmada adı çəkilən konqresmenlər tədbiri SOCAR-ın maliyyələşdirməsindən, aldıqları hədiyyələrin isə bahalığından bixəbər olduqlarını söyləyiblər. ABŞ Nümayəndələr Palatasının üzvü Danny Davis deyib ki, Bakıda ona hədiyyə olunan xalça hələ də evinin anbarında qatı açılmamış qalıb və onun üçün «heç bir şəxsi dəyəri yoxdur».

SOCAR isə həmin konfransa sponsorluğunun sirr olmadığını bildirib. Şirkət qeyri-kommersiya qurumlarını iştirakçılara bu maliyyələşmə barədə məlumat verməməkdə günahlandırıb.

XS
SM
MD
LG