Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:40

Niyə burada durursan, əəəəəəəəə!


Nəcəf Talıbov
Nəcəf Talıbov

-

Bu hekayə "Ədəbi Azadlıq-2015" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə düşmək üçün yetərli olmayıb.

Nəcəf Talıbov

SINAQ

Səhər-səhər qonşunun zibil qabına təpik vurmayanda hiss etdim ki, xəstələnmişəm!

Xəstələnəndə ürəyimdə mərhəmət hissi baş qaldırır.

Ürəyiyumşaq oluram.

Qəlbimdə bərabərlik, qardaşlıq, beynəlmiləl həmrəylik, bəşəriyyətə – insanata, heyvanata, ekologiyaya, göydəki ozon qatına, qarışqalara, JEK mudirinin katibəsinin kaktusuna və onun (kaktusun) dibçəyinə, polis işçilərinə, proletariata və talassemiya xəstələrinə dərin bir məhəbbət hissi baş qaldırmışdı...

Genetik olaraq millətimizə xas olan tolerantlıq hissi isə, qonşum gicbəsərin ləhcəsi ilə desək -«aşıf-daşerdı».

Bunu, o biri blokda yaşayan qeyri-millət qadına «Dobri utro» deyəndə qandım.

Bu azmış kimi, o qadın qorxu qarışıq təəccüblə «Poumnel, çto li?» deyəndə, əsəbiləşməməyimdən, hirslənməməyimdən, qəzəblənməməyimdən və nəticədə növbəti dəfə polisə aparılmamağımdən da anladım.

Yox, bu soyuqdəymə-zad deyil: binanın qarşısındakı dükanın satıcısına baxıb irişdim: «Bazar olsun!»

Biçarə heç içəri soxulub qapını bağlamağa da macal tapmadı.

Yəqin o qəribə viruslardan tutmuşam... adını da bilmirəm... o amerikanlar qayırandan...

Süpürgəçi qadın məni görüb binanın o biri başına tərəf götürüldü. Arxasınca gülümsədim...

Ay Allah, görəsən müalicə edən həkim və sanitarlar məni belə görsələr nə hala düşərlər? Ruhi xəstəxanadakıları deyirəm.

Dayanacağa çatıram. Anasına sığındı. Dərsə gedən bir uşaq... «Çıxdı buz üstə qoçaq, Sürüşdü birdən-birə, Dəydi g..ü üstə yerə..»

Ə, bu haradan yadıma düşdü? Mənim sonuncu dəfə şeir xatırlamağımın üstündən yarım əsr vaxt keçib!

Yazıq müəlliməm... allah rəhmət eləsin... yəqin ölmüş olar... nə qədər elədi, «Dəydi üzü üstə...» demədim. Ağladı, direktorun yanına getdi. Sonra da başqa məktəbə dəyişirildi.

«İvan Qroznı» ləqəbli boksçu idman müəllimi (iki dəfə olimpiya çempionu, iki dəfə yarım dünya çempionu ilə yanaşı şəkil çəkdirmiş) sinif rəhbəri qoyulana qədər kef elədim. Sonra, bir az çətin oldu. Boynuma alıram. Infarkt vurana qədər... sinif rəhbərini...

Eh, gözəl xatirələr... necə zərif, incə hisslər keçirirsən... xəyala dalanda...

Avtobus gəldi.

Mən kəşf etmişəm ki, eyni vaxtda eyni marşrutda çox vaxt eyni adamlar gedir. Bu fikrimi, avtobusa daxil olanda bəzi sərnişinlərin çəkilərək məndən uzaqda durmaları da təsdiq etdi.

Əli çəlikli qocaya «Təşəkkür edirəm!» deyib, yerində əyləşdim.

Təbiət necə də gözəldir... Avtobusun pəncərəsindən baxıram. Küçə... Maşınlar... Xalq... Yolun qırağı ilə harasa gedirlər... Bəziləri isə getmirlər...

Ə bunları indiyənədək niyə görməmişəm?

Yəqin əvvəllər yox imişlər.

Növbəti dayanacaqda kimsə böyrümdəki boş yerdə oturdu. Yüz faiz xam idi...

Düşdüm avtobusdan... Gediş haqqı verəndə, sürücü, məncə sevindi... O da tanıyırmış...

Yooox... Heç belə xəstələnməmişdim... Arada olub ey, qrip-zad tutmuşam, soyuq dəyib... Bir az... Amma beləsindən tutmamışdım... Xəstəliyin...

Parkda - fontanın yanında əyləşdim. Havalar isti olanda paltarlı –palazlı girib çimdiyim fontanın. Polis nəfəri mənə əl elədi... Tanıyır...

Skamyada əyləşdim... Yəni uzanmadım...

Xəyallara daldım...

Hansı xəstəliklər tutur adam?

- Hə, necədir?

Diksindim.

Yanımda yaşlı bir qadın əyləşib. Əvvəlcə o «mat-Tereza»ya oxşatdım. Sonra gördüm Tükəzbandır.

- Yaxşııııdıııır.... – Uzada-uzada dedim. Sözümü... Sonra soruşdum: - Nə?

- Həyat...

- Yaxşıdır!

- Əvvəlki halınla indikinin arasındakı fərqi hiss edirsən?

Ə, bu haradan bilir? Mat-mat üzünə baxdım.

- Təəccüblənmə, mənim hər şeydən xəbərim var...

Mədəniyyətsizliyə bax ey: heç «TəəccüblənməYİN» də demədi... «təəccüblənmə»... Görəsən kimdir bu?

- Mən sənin tale mələyinin elçisiyəm...

Vallah, yenə «katibəsiyəm» desəydi, mühasib köməkçisi işləyəndə, ştat cədvəllərində gördüyüm vəzifələrə uyğun olardı. «Elçisiyəm»... qəribə şeydir... Elçi başqa şeylərdə olur axı.. mən biləni…

-........

- Rəhbərlik qərara gəlib ki, sənin .... iştirakınla bir... sınaq keçirək...

- Nnnəyə görə? Mmmməhz mənim i..i..iiiiştirakımla?

- Heç nəyə... sadəcə, püşk atılıb, sənə düşüb...

-...

- Amma, həyat və fəaliyyətinə... nəzər salandan sonra xarakterində, mənəvi... və ruhi... durumunda bəzi əlavə və dəyişikliklər etmək qərarına gəl..lindi...

Deməli, xəstələnib-eləməmişəm!!!

- Nə sınaqdır elə?.

Qadın yerini rahatladı, əlini əlinin üstünə qoydu.

- Yəqin ki, qızıl balıq nağılını xatırlayırsan...

Nə qədər fikirləşdimsə, yadıma sala bilmədim:

- Əlbəttə!

- Deyəsən, o qədər də yaxşı xatırlamırsan..

- Hə, bir az əvvəlini, bir az da sonunu unutmuşam...

- Bir qoca dənizə tor atır, qızıl balıq düşür. Balıq xahiş edir ki, qoca onu buraxsın, o da qocanın xahişini yerinə yetirər...

- Xatırladım! Qoca da üç dəfə xahiş edir... paltaryuyan maşın-zad istəyir...

Qadın gülümsədi:

- Hə, ona oxşardır...

- Siz mənim üç xahişimi yerinə yetirmək istəyirsiniz?

- Yox.

-.....

- Biz sənə qızıl balıq ...olmağı təklif edirik...

- Necə yəni??? Dənizə girim, kimsə gəlib məni tutsun?

Qadın uğundu:

- Yooox... cismani olaraq balığa çevrilmək layihədə nəzərdə tutulmayıb...

- Bəs...

- Sən kiminsə arzusunu yerinə yetirə bilərsən... Və ya kimlərinsə...

- Neçə dəfə?

- Məhdudiyyət yoxdur.

Əməlli-başlı keyfim açıldı. Əgər mənim arzularmı yerinə-yetirmək istəsəydilər, əməlli-başlı çətinlik çəkərdim... nə arzulaya bilərdim ki? O məsəl var ey... əvvəli bir az pisdir, amma axırı belədir: «... qoy xalq sənin dərdini çəksin»...

- Düzdür, belə movzuda ədəbiyyatda çoxlu yazılar var, hətta filmlər də çəkilib. Biz onları da təhlil etdik, amma qərara gəlindi ki, canlı sınaq daha nəticəli olar. –Qadın davam etdi.

Nə yazı? Nə film? Axırıncı dəfə davalı bir kinoya baxmışam, qız oğlana bir şapalaq vurdu… o da mal balası kimi gözlərini döydü. Köpək oğluna elə acığım tutdu ki, pəncərədən bayıra atdım… televizoru… mən olsaydım….

- Nə isə, səni yormaq istəmirəm. Bu andan istənilən adamın arzusunu yerinə yetirə bilərsən, amma , o arzunun nə olduğunu bilməyəcəksən….

Ətrafa göz gəzdirdim: çoxlu balaca uşaq var idi, anaları da yanlarında… anaları yaman qoca idilər… bəlkə də nənələri idilər…Nə bilim ey…

Bir az kənarda iki qız oturmuşdu. Fikirli görsənirdilər.

Qərara gəldim.

Qadın gülümsədi:

- Başlayırsan?

- Hə. – Dedim.

Sol tərəfdə əyləşmiş hörüklü qızın əlində dondurma görsəndi…

Parkın qarşısında yekə ağ maşın qəfləti tormoz verdi. Qapısı açıldı. Ağ paltarlı yaraşıqlı bir oğlan qızlara yaxınlaşdı. Əlindəki gül dəstəsini o biri qıza uzatdı…

- Oho! Siftəniz pis alınmadı…

Çevrilib qadına baxdım.

- Hə, unutmuşdum: məni görmək istəsən – gəl bu skamyada əyləş. Gələcəyəm.

Yəqin yaxınlıqda yaşayır.

Başımla «Hə» dedim.

Və yaşlı qadının ətəyindən tutub ağlayan uşağa baxdım: uşağın əlində oyuncaq maşın görsəndi. Qadın heyrətlə gah uşağa, gah maşına baxdı…

Maşının kapotunun üstündə protokol yazmaq istəyən yol polisi başını qaşıdı, qələmini cibinə qoydu, saxladığı sürücünün sənədlərini qaytardı. Sürücü də sevincək maşına əyləşdi…

Mağazanın vitrinində olan manikenin əynindəki mavi rəngli don yoldan keçən orta yaşlı qadının əynində görsəndi…

Parkdan çıxıb küçə boyu gəzməyə başladım.

Tində divardan tutmuş yaşlı kişi qamətini dikəltdi, əsgərsayağı addımlarla getməyə başladı…

Bayaqdan bəri bomboş olan kafenin stolları doldu. Kafenin sahibi yuxulu ofisianta nəsə göstərişlər verməyə başladı…

Bu .. adı nə idi zəhrimarın… hə, «sınaq» - xoşuma gəlməyə başlamışdı…

… orta yaşlı kişi, əsəbi halda söylənən qadının qolundan tutub zərgərlik mağazasına girdi…

… yaxınlıqdakı məktəbdə zəng çalındı. Bir sürü uşaq hay-harayla küçəyə axışdı…

… nimdaş geyimli kişi təəccüblə əlindəki bir qalaq pula baxırdı…

… cavan oğlan mobil telefona sevinclə «Çox sağ olun, rəis! Yəqin ki, etimadınızı doğruldaram!» deyirdi…

… - Kreditimi bank silib…

Axşamacan beləcə gəzdim. Acdım. Dönər aldım. Satıcı pulunu istəyəndə gözlərimi döydüm.

Dönərçinin heç tərbiyəsi yox imiş. Lap axırda «Rədd ol burdan!» dedi.

Arzusunu yerinə yetirdim.

* * *

Evə gedəndə avtobusda qəribə söhbətin şahidi oldum: iki Balabacı söhbət edirdi:

- Ağəz, xəbərin vaaaar?

- Nədən???

-Müğənni var ey...

- Hansını deyirsən?

- O yarıçılpaq oxuyan... Balaqədəşin oğlunun toyuna da gətimişdilər ey! Bir aləm də pul vermişdilər..

- Həəə. O ....nu deyirsən? Kişilərin hamısının gözü onda idi, ərağı da yaddan çıxartmışdılar!

- Həri-həri-həri!

- Bıy onun cigəri yansın!

- Bəs xəbərin yoxdur??? Cigəri yanıb də!.

- Nə olub?

- Cigəri yanıb! Toyda halı xərəb olub, aparıblar həkimə, baxıblar ki, cigəri yanıb! Naturalni yanıb! Cigəri! Açıb baxıblar – cigər kösov kimi qəpqərədir, kömürə dönüb!

- Doğruçu yanıb?

- Həri-həri-həri!

- Hələ başqa bir şey də olub!

- Nə?

- Onunla oxuyan keçəlbaş var idi...

- O tüllabı deyirsən?

-Həri-həri!

- Ona nə olub?

- Partlamaya düşüb!

- Vaxseeey!

Arxada əyləşmiş eynəkli, sifəti armuda oxşayan iki yüz əlli beş yaşlı kişi də onlara qoşuldu:

- Bacılal! Cölüləm ki, sou-əhli ilə malaqlanılsınıj, xəbəliniz val ki, Löyanın başına nə is cəlib?

-Nə?

- «Bəxtəvəl» sousunda oxuyanda, salvalı əynindən düsüb... hi-hi...

- O həmişə şalvarsız oxuyur də... alt paltarında...- Kimsə kənardan söz atdı.

Bir az qabağa - sürücünün yanına keçdim. Burada da maraqlı söhbətlər gedirdi: sürücü mobil telefonla kiminləsə danışırdı:

- Ayə, xavarın var xavardan? Yox? Deem bil da! Şefinin başına daş düşüb! Nətəri? Adicə! Stroykanın yanından keçəndə başına daş düşüb! Amba hayıf ki, balajası oluf. Hahaha! Belə plan qoyanda bilmerdi ki, ağrısın aldığım başına daş salajax?

Düşdüm avtobusdan. Nəsə ağlıma axmaq-axmaq fikirlər gəlməyə başladı.

Cavan uşaqlar durmuşdu yolun kənarında.

- ...Urra!!! «Barselona» «Real»a 21 top vurub!

-... «Beşikdaş»ın doqquz oyunçusunun ayağı qırılıb!

-... «Potaz» var ey, o mərc oyunları... Bankrot olub! Səkkiz yüz adam hərəsi iki yüz əlli min pul udub!

- ...«Pulkart» var ey, nisyə al, sonra pulunu ödə... sistem xarab olub, bütün borcluların borcu silinib!

Həəə.... nəsə... xoşuma gəlmir... deyəsən axşamacan avaralanıb qabağıma çıxanların arzusunu yerinə yetirməyim... heç də yaxşı nəticə vermir...

***

Səhər açılan kimi özümü parka yetirdim.

«Tükəzban» yox idi.

Qızlar yenə skamyada oturub ayaqların yelləyirdilər.

Yekə ağ cip qəfləti tormoz verdi. Ağ paltarlı oğlan qızlara yaxınlaşdı. Üç addım qalmış ayaq saxladı. Əlindəki gül dəstəsini zibil qabına atıb geri döndü.

Qızın əlindəki dondurma təptəzə narıncı paltarının üstünə dağıldı.

Karuselin yanında oynayan uşaqların əlində oyuncaqlar yoxa çıxdılar.

Avtomobil müfəttişi qırmızı işıqda keçmiş on bir maşını saxladı.

Mundirli kişi aylıq qazancını dərmana verib aptekdən çıxırdı.

***

- Nədir? Nə tez gəldin?

«Tükəzban» idi.

Dinmədim. Ağlayan qızlara, uşaqlara, boyunlarını bükub avtomobil müfəttişinin yanında duran sürücülərə işərə etdim.

Qadın diqqətlə mənə baxdı:

- Sınaqdan çıxmaq istəyirsən?

Başimla «hə» dedim.

- Etirazımız yox, amma... onda gərək səni əvvəlki vəziyyətinə qaytaraq...

- Dəli vəziyyətinə? – Zorla dilləndim.

- Hə!

İstədim deyəm ki... deyəm ki... deyəm ki... Vallah mən dəli deyiləm! Dəli bunlardır! Birinin arzusunu yerinə yetirirsən, məlum olur ki, arzusu- qonşunun başına daş, salmaq, müğənninin səsini batırmaq, partlamaya salmaq, qazancını dərmana qismət eləmək imiş...

Vallaş, mən lap yaxşı dəli imişəm!!! Onunla-bununla dalaşmışam, parkda fontana girmişəm, skamyada uzanmışam... amma heç kəsin pisliyi istəməmişəm...

Amma bunlar... balaca uşaq da arzu etdi ki, o biri uşaqların oyuncaqları olmasın... dondurma yeyən qız... arzusu nə oldu? Yanındakı qızın istədiyi oğlan ondan üz döndərsin... TFUU!

Vallah, mən dəli olduğumu bilirəm. AMMA SIZ HAMINIZ DAXİLİNİZDƏ MƏNDƏN BETƏRSINIZ!!!

- RAZIYAM!!! –Dedim.

***

Səhər tezdən evdən çıxdım. Qonşunun zibil qabına ləzzzzzzətli bir təpik vurdum:

- Niyə burada durursan, əəəəəəəəə!

XS
SM
MD
LG