Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:59

Döyüləndən sonra özümü kanala atdım...


Günel Mövlud
Günel Mövlud

-

Qəlbimin dərinliyində illər uzunu inanırdım ki, günlərin bir günü əsl atamla anam gələcək və məni öz yanlarına, öz gözəl evlərinə aparacaqlar...

Günel Mövlud

Yeniyetmələr niyə intihar edir?

Mənim doğulub-böyüdüyüm kənddə “intihar” sözünü işlətmirdilər. Bu söz həddən artıq bədii hesab olunurdu.

Əslində, doğulub-böyüdüyüm kənddə “bədii” sözünü də işlətmirdilər, bu anlayış uzaqbaşı ədəbiyyat müəllimində ola bilərdi.

Bədii sözlərə isə bizdə “şəhərli” sözlər deyirdilər. Intihar da belə sözlərdən idi, yəni şəhərli söz idi.

Bu sözü işlədən adama ən azı acıqlanar, daha pisi isə, “düşük-düşük danışma, “intihar” nədi, “özün öldürüb denən” deyərdilər.

Özünü öldürmək isə öz növbəsində yalnız kişilərə xas bir şey idi. Bizim yerlərin anlayışına görə, ancaq kişinin özünü öldürməsi normal hal kimi qarşılana bilərdi və bu addımda bir problem görməzdilər.

Qadın isə özünü öldürə bilməzdi. Qadın, qız özünü öldürürdüsə, bunun ailə üçün bir adı vardı: ləkə.

Namussuzluq. Qadın özünü öldürürdüsə, deməli, onun namusu ləkələnmişdi, bu intiharın səbəbi bizim yerlərin anlayışına görə, ancaq bu ola bilərdi ki, qadın istəyərək, ya da istəməyərək, namusuna ləkə gətirib. Zorlanıb. Ya da könüllü kiminləsə olub. Bəlkə də, hamilə qalıb. Onunla əlaqədə olan adam yəqin ki, ondan imtina edib. Qız da çıxış yolunu intiharda görüb.

Mənim böyüdüyüm yerlərin insanları düşünürdülər ki,qadın intiharına səbəb təkcə bu ola bilərdi. Başqa bir versiya nəinki qəbul edilmir, ümumiyyətlə, agla gəlmirdi. Belə bir versiya ola bilməzdi.

O insanlar qadının intiharını, qızın intiharını məsələn, ailədə anlaşılmazlıq, valideynlərin sərtliyi, ərin xəyanəti, işin çoxluğu, həyatın bozluğu kimi ehtimalları nə ağla gətirər, nə də kimsə ağlına gətiribsə, qəbul edərdilər.

Əgər hansısa mütaliəli, kitab oxumuş, belə problemlərin mövcudluğunu kitablardan, romanlardan öyrənmiş bir kənd romantiki desə idi ki: “Bəlkə o qız həyatda məna görə bilməyib, ya da atasından inciyib, özünü öldürüb” – ona gülər, danlayar, acıqlanardılar.

Deyərdilər, düşük-düşük danışma, yəqin nəsə zibili olub, öldürüb özünü....

Yox, bəzi qadınların sonradan bu ittihamlara tuş gəlmədən özüm öldürmə haqqı vardı. Yaşı keçmiş, balası ölmüş, ağlını itirmiş qadınlar edə bilərdilər bunu. Bütün azadlıqlar kimi, intihar azadlığı da qadına gəncliyini, şuxluğunu itirəndən, seksual obyekt olmaqdan çıxandan sonra verilirdi. Yalnız o halda, yalnız o halda!

Həyatda məna görməmə, valideynlərdən incimə, ərin xəyanətinə qəzəblənmə, ağır zəhmətdən yorulma kimi səbəblər isə “intihar” sözü kimi, “şəhərli səbəb”lər idi və kənd yerində ola bilməsi mümkün deyildi...

Mən o vaxt uşaq idim. Evdə hansısa qadının, qızın intihar etməyi barədə danışanda, söhbət mütləq belə ifadələrlə müşayiət olunurdu: “Yəqin, nəsə zibili varmış”. “Təmiz qadın durduğu yerdə özün öldürməz”. “Allah bilir, neyniyib ki, sonradan özünü öldürməli olub”. Qızı intihar etmiş ailə uzun illər boyu başıaşağı olurdu el arasında. Ata, qardaş vaxtından tez qocalır, ananın beli bükülür, ailə xeyirə-şərə könülsüz, utana-utana gedirdi. Bu söhbətlər bütün varlığıma işləmişdi.

14-15 yaşım olanda evdə növbəti dəfə məni bərk döydülər. Mənim valideynlərdən incimə, ağır zəhmətdən yorulma kimi səbəblərim doğrüdan da vardı.

Çünki oxuduğum kitablardan biliridm ki, yaşadığım bu boz, ağır, zərbəli, döyülməkli, heç bir ali söhbətə yer olmayan bu həyatdan başqa da hardasa həyat var.

O həyat maraqlı idi, cazibədar idi, orda insanlar nəzakətlə danışır, uşaqlarını döymür, onları yorulub əldən düşənə qədər işlətmirdilər. Orda atalar-analar qızlarının saçlarına lent bağlayır, onlara gözəl gəlinciklər alır, gecə bir stəkan süd içirir, öpüb “yuxun şirin olsun” deiyirdilər.

Qəlbimin dərinliyində illər uzunu inanırdım ki, hardasa mənim də elə valideynlərim var. Onlar şəhərdə yaşayır, qəşəng evləri var, qızları, yəni mənim üçün ayrıca otaqları var, dolab dolusu qəşəng donlar var. Bu adamlar, indi yanlarında yaşadığım adamlar isə yaddılar, ögeydilər, məni necə olubsa, övladlığa götürüblər.

Günlərin bir günü əsl atamla anam gələcək və məni öz yanlarına, öz gözəl evlərinə aparacaqlar.

Əminəm, uşaqlıqda ata-anası ilə problemləri olan, sevgi görməyən nə qədər uşaq arzulayıb bunu. Nə qədər uşaq inanıb buna. Nə qədər uşaq ümid edib.

Hə, məni növbəti dəfə bərk döydülər. intihar eləmək istədim. Özümü yaxınlıqdakı kanala atdım. Suyun dərin yerinə addımladıqca beynimi məşğul edən tək fikir anbaan güclənirdi: hamı sənin barəndə pis-pis danışacaq. “Əxlaqsız imiş” deyəcəklər. Min dənə söz quraşdıracaqlar. Atan-anan, qardaşların adam arasına çıxa bilməyəcək. Onlara güləcəklər.

Uşaq qəlbimlə yazığım gəldi valideynlərimə. Edə bilmədim onlara o pisliyi. Bilmirəm, bəlkə də heç nəyə baxmayaraq yaşamaq istəyən, həyatı sevən, ümidləri olan yenyetmə qızda həyat başlanğıcı ölüm başlanğıcına qalib gəlmişdi. Bəlkə də, bəhanə idi. Bilmirəm. Təkcə onu bilirəm ki, sudan əyni-başı palçıqlı, yaş halda çıxıb, evə qayıdanda, niyyətimdən xəbər tutan anam, bunu eləmədiyimə görə o qədər sevinmişdi ki, nəinki üzü, bütün bədəni pörtənə, qızarana, şişənə qədər ağlamışdı.

Indi belə şeylər heç vecimə də deyil. Kim nə deyəcək, kim nə ilə əlaqələndirəcək. Onsuz da, heç intiharsız-zadsız, gündə onlarla adam “əxlaqsız” deyir, yazır. Olsun. İndimənim intihar azadlığım var. Amma indi məni həyata stereotiplər deyil, sevdiklərim, planlarım, işim və minlərlə başqa şeylər bağlayır.

Amma heç də bütün yeniyetmələr atalarına, analarına rəhm edib, sağ qalmaq qərarını verəcək qədər rəhmdil, ya da güclü deyillər.

Gündə ən azı birinin intihar xəbərini oxuyuruq. Qızlı-oğlanlı. Nədi, axı nə olub “intihar” sözünün şəhərli hesab olunduğu ucqar kəndlərdə belə, bu körpələrin həyatdan bezmələrinə səbəb olan?

Niyə övladını həyata bağlayacaq qədər sevgi dolu, güclü deyil valideynlərimiz?

Niyə oğlana qoşuldu qaçdı, sonra geri qayıtdı deyə yeniyetmə qızından imtina edir valideynlər?

Qonşu, qohum adınıza söz deyəcək deyə, balalarınızı ölümün ağzına atmaq bu qədərmi asandır?

Bunun üçünmü gətirmişdiniz onları dünyaya? Hansısa avam qonşunun sözündən daha dəyərsizdir uşaqlarınız?

(Rəylər müəllifin şəxsi mövqeyini əks etdirir)

XS
SM
MD
LG